Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

30 il müddətində Ermənistanın işğalı altında olan ərazilərimizdə böyük narkotik plantasiyaları salınıb - Deputat

Təəssüf ki, İran 30 il müddətində Ermənistanın işğal altında saxladığı ərazilərimizdə böyük narkotik plantasiyaları salıb. Əslində, elə İranın bugünkü qərəzli mövqedən çıxış etməsi Azərbaycanın tarixi ədaləti bərpa etməsini həzm edə bilməməsindən irəli gəlir, çünki İran bizim işğalda olan ərazilərimizdən böyük vəsaitlər qazanırdı və narkotik plantasiyalardan bəhrələnərək Ermənistan vasitəsilə Avropaya külli miqdarda narkotik satışı həyata keçirirdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, hələ Vətən müharibəsinə qədər Azərbaycan tərəfi qeyd edirdi ki, işğal altında olan ərazilərdə çox böyük narkotik plantasiyalar salınır və eyni zamanda terrorçu düşərgələr salınır ki, bu da gələcəkdə region üçün çox böyük təhlükələr yarada bilər: "Azərbaycan Vətən müharibəsində şanlı qələbəsi ilə 132 kilometrlik dövlət sərhədini bərpa edəndən sonra bütün bu qanunsuz fəaliyyətlərə son qoyuldu. Artıq Azərbaycan bölgədə yeni reallıqlar yaradıb, bölgədə uzunmüddətli sülhün təmin olunması üçün böyük işlər görülür və Azərbaycan burada öz gücünü nümayiş etdirərək işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri aparır".

Deputat əlavə edib ki, Ermənistan 30 il müddətində Azərbaycan torpaqlarını işğalda saxladıqları zamanda ərazilərimizdə misli görünməmiş vəhşiliklər törədib.

C.Osmanov bildirib ki, ermənilər ərazilərimizdə daşı-daş üstə qoymayıb, tarixi və dini abidələri dağıdıb, 67 məsciddən 65-ni tamamilə darmadağın edib, o cümlədən məscidlərdə donuz, inək saxlayaraq İslam dinini təhqir edib: "Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə bölgədə yeni reallıqlar yaradıb və bu reallıq bölgədə uzunmüddətli sülhə və əminamanlığa yönəlib. Lakin Ermənistan tərəfindən bu gün də Azərbaycana qarşı terror aktları davam edir. Elə mina xəritələrinin əsas hissəsinin Ermənistan tərəfindən verilməməsi, verdiyi az sayda xəritənin isə cəmi 25 faizinin doğru olması da Ermənistan tərəfinin məkirli niyyətinin göstəricisidir".

Deputat vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimizdə sürətlə aparılan böyük yenidənqurma və bərpa işləri Azərbaycanın qüdrətinin göstəricisidir.

Milli.Az