Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

AFFA "futbolumuzun Məkkəsi"nə "torba" tikir - "Kəpəz" elitadan qovulur

Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasında bu mövsüm sonuncu yeri tutan komanda elitanı tərk edəcək. Uzun müddət idi belə qayda yox idi. İdman prinsipləri baxımından belə halın olması yaxşıdır. Bu qayda çempionatın bu mövsümkü əsasnaməsində var. AFFA rəhbərliyi də verdiyi açıqlamalarda bu qaydaya əməl ediləcəyini açıqlayıb.

Publika.az maraqlı məlumat əldə edib. Premyer Liqanı bir klub tərk edəcək, amma bu idman prinsipləri əsasında olmayacaq. Bir komanda yeni mövsümdə iştirak etmək üçün tələb edilən lisenziyanı ala bilməyəcək. İnanmayacaqsınız, amma bu komanda bölgə təmsilçisi olacaq.

Söhbət "Kəpəz"dən gedir. Komanda Tərlan Əhmədovun baş məşqçi postuna gəlişindən sonra inamlı çıxış edir. Artıq Gəncə səfəri rəqiblər üçün arzuolunmaz hesab edilir. "Sarı-göylər" səfərdə də inamlı çıxış edir. Ümumiyyətlə, Gəncə təmsilçisi üzləşdiyi problemlərə rəğmən, çempionatda baxımlı futbol oynayan 2-3 komandadan biridir. Bu oyunla Premyer Liqada qalmağa layiqdirlər.

Bununla belə, "Kəpəz"in başının üstünü "qara buludlar" alıb. "Sarı-göylər"in əsas problemləri stadion və klubdaxili əhval-ruhiyyədir. Gəncə şəhər stadionunun durumu hər kəsə məlumdur. Arenada futbol matçı keçirmək hər kəsin həyatı üçün təhlükədir. Aidiyyəti qurumlar bunu nəzərə alaraq, müəyyən məhdudiyyətlərlə komandaya ev oyunlarını burada keçirməyə icazə verib. Ancaq bu qayda yeni mövsümə aid edilməyəcək. Dağılan arena ilə bağlı növbəti sezondan "Kəpəz"ə güzəşt olmayacaq. Bu o deməkdir ki, komanda ev oyunlarnıı Gəncədə keçirə bilməyəcək. Çünki şəhərin başqa normal stadionu yoxdur.

Bundan başqa, klubdaxili vəziyyətdə yaxşı deyil. Gəncə futbol ictimaiyyətindəki bölünmələr "Kəpəz" rəhbərliyinin işində ciddi problemlər yaradır. Klubun idarə heyəti maddi-texniki problemlərin həlli yollarını axtardığı bir vaxtda, kənar şəxslər ciddi problem yaradır. Baş verənlər komandaya təsirsiz ötüşmür. Baş məşqçi Tərlan Əhmədov səbirsiz davranaraq açıqlamalar verir ki, bu da bəzi şəxsləri narahat etməyə başlayıb.

Ona görə də "Kəpəz"in elitada qalmaq şansı azalıb. Bəzi qüvvələr kluba lisenziya verilməməsi yönündə gizli addımlar atmağa çalışırlar. Stadion məsələsi, klubdaxili problemlər onların əlində bəhanəyə çevrilib.

Ən qəribəsi odur ki, "Kəpəz" yeni mövsüm üçün böyük bir şirkətlə sponsor məsələsində anlaşıb. Bu əməkdaşlıq klubun maliyyə problemlərinin böyük hissəsini həll edəcək. Ancaq bundan sonra bir sual yaranır. Həmin şirkət futbolumuzun üçüncü titullu klubuna Birinci divizionda sahib çıxacaqmı?

Görünür ki, bəzi qüvvələr sonuncu pillədə qərarlaşan "Səbail"in Premyer Liqanı tərk etməsini istəmirlər. Çünki komandanın yaxşı büdcəsi, bazası var. Klubun bölgələrdən birinə köçürülməsi də gündəmdədir. Maraqlısı budur ki, ölkə çempionatının 28-ci turunda - bu gün "Kəpəz"lə "Səbail" üz-üzə gələcək.

AFFA yeni mövsümlə bağlı lisenziyalaşdırma nəticələrini mayın ortasında açıqlayacaq. Görək qurum "futbolmuzun Məkkəsi"nə qıya biləcəkmi?

Heybət Məmmədov