Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Allahın əmanəti ilə necə rəftar edəcək?

İslam dinində təbiət, sirləri özündə saxlayan bir əmanət kimi tanıdılmışdır. O, Allahın izni olmadan öz sirlərini ifşa etməz. Ümid edirik ki, biz insanlar da Allahın bizim öhdəmizə qoyduğu bu əmanəti gözəl şəkildə qoruya biləcəyik. Allah dərgahında xəcalətli olmayacağıq.

Təbiət - Allahın nişanələrini özündə nümayiş etdirən İlahi nemətdir. Ona görə də təbiətə hörmət etmək - həqiqətdə Allah Təalaya ehtiram göstərmək deməkdir. Bəli, təbiət Allahın biz insanlara verdiyi dəyərli əmanətlərdən biridir. Təbiət insanı qucağında yetişdirər və təbiətdən xaricdə insanın heç bir şeyi yoxdur.

"Ətraf mühit" - iki kəlmədən əmələ gəlmiş söz birləşməsidir ki, mühit məkan mənasını verir, ətraf isə əhatə mənasını bildirir. Yəni, bizi əhatə edən məkan, yer. Ətraf mühit dedikdə bizi əhatə edən hər bir şey nəzərdə tutulur: hava, su, torpaq, bitkilər, meşələr...

İnsan təbiətin yetirməsidir və təbiətin ətəyində yaşayır və ölür. Bəşər üçün ətraf mühitdən əhəmiyyətli başqa bir şey yoxdur. Sübhan Allah yeri, göyü və ətraf mühiti yaradır və onu insanın ixtiyarına qoyur ki, onu imtahana çəksin. Baxsın görsün ki, insan bu İlahi əmanətdən İlahi itaət yolunda nə qədər bəhrələnəcəkdir? Allahın əmanəti ilə necə rəftar edəcəkdir?

"Əlbəttə, Biz əməldə onlardan hansı birinin daha gözəl olmasını sınamaq üçün yer üzündə olanları onun zinət və bəzəyi etdik". ("Kəhf" 7).

Dini təlimlərdə ətraf mühitə xüsusi yer verilmişdir. O kəs ki, təbiətin canlanması yolunda səy edər və çalışar, çox sayda maddi və mənəvi savaba malik olar. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim ağac əkərsə, Allah onun məhsulu qədər ona savab verər".

Təbiət insan ruhuna qəribə təsiretmə qabiliyyətinə malikdir. Həyatı şad və ətirli edir. Quşların xoş avazını eşitmək, çayların və bulaqların şırıltısını dinləmək, dağlardan əsən küləyi ciyərlərinə çəkmək, ağacların rəqsinə tamaşa etmək, güllərin gözəl ətrini iyləmək insana xüsusi bir rahatlıq və hüzur bəxş edir. Hər bir insan bu mənzərəni tamaşa edən zaman ruhu sakitləşir və şadlanır. Lakin əksinə, təbiətə ziyan vurmaq - bəşərə ən böyük ziyan vurmaq deməkdir.

Təbiətə vurulan ziyan hər bir insanın ruhuna və psixologiyasına mənfi təsir göstərər. İnsanın əlxaqı dəyişər və əsəbləri gərginləşər.

İmam Əli (ə) təbiətin insana vurduğu təsirlə bağlı buyurmuşdur: "(Payız fəslinin) əvvəllərində soyuğundan çəkinin və (yaz fəslinin) sonunda onu qarşılamağa tələsin. Çünki soyuq bədənlərə qoyduğu təsiri ağaclara da qoyur. Əvvəli yandırıcı və məhvedicidir. Sonuncusu cücərən və çiçəklənəndir".

Əgər maddi nemətlərdən münasib şəkildə bəhrələnməsək, ziyanlı təsirlər qoyulmuş olar. Ətraf mühit müxtəlif səbəblərə görə çirklənir. Bəşər inkişaf etdikcə və tərəqqi etdikcə, təbiətə atılan ziyanlı maddələrin sayı da artır. Bunun nəticəsində həm su və həm də hava çirklənir. Bu gün ətraf mühit o qədər zəhərlənib ki, bir kəndin və ya bir şəhərin əhalisi onun ziyalarından amanda deyildir.

İmam Sadiq (ə) buyurur: "Axmayan və sakit suya idrar etməyin. Hər kim belə edər, elə bir bəlaya düçar olar ki, özündən başqasını məzəmmət etməsin".

İmam Cəfər Sadiq (ə) yenə buyurur: "Həyat üç şeydən başqası ilə xoş olmaz: pak hava, dadlı su, yumşaq və süst torpaq".

Milli.Az