Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Alpan qəbiristanlığı - Quba soyqırımının nişanəsi - VİDEO - FOTO

1918-ci ilin mart hadisələri zamanı daşnakların Quba qəzasının Alpan kəndində törətdiyi vəhşiliklərin nişanələri indi də qalmaqdadır.

Qədim kənd qəbiristanlığı soyqırımı hadisələrini əks etdirən tarixi yerlərdəndir. Dinc sakinləri qətlə yetirməklə ürəkləri soyumayan erməni vandalları kənd qəbiristanlığındakı başdaşlarını gülləbaran edib, buradakı XVI əsrə aid Subaba türbəsini yandırıblar. Güllələrin izləri baş daşlarının üzərində indi də qalmaqdadır.

Milli.Az xəbər verir ki, Alpan kənd tam orta məktəbinin tarix müəllimi Əlfi Dadaşov AZƏRTAC-a müsahibəsində bildirib ki, erməni silahlıları Alpana 1918-ci ilin may ayında hücum edib və kəndi üç istiqamətdən mühasirəyə alıb. O dövrdə Quba qəzasında ən varlı kəndlərdən sayılan Alpanda əhalinin çox hissəsi əliyalın meşələrə qaçıb. Bütün evləri yandıran ermənilər qocaya, qadına, uşağa rəhm etməyiblər.

"Erməni dəstələrinin əsas məqsədi buradakı müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirmək olub. Onlar Şahdağdan Xəzər dənizinə qədər olan ərazidə yaşayan yerli sakinlərin hamısını öldürmək əmrini almışdılar. Ermənilər insanları öldürməklə yanaşı, kəndlərdəki mədəniyyət abidələrini, yerli sakinlərə məxsus ibadət yerlərini də məhv edirdilər. Tək bizim kənddə ermənilər 50-dən çox evi talan edib yandırmışdılar. Bu kənddə o vaxtı bəy ailələri vardı. Onların bütün əmlaklarını ermənilər ələ keçiriblər",-deyə Əlfi Dadaşov söyləyib.

Rayon mərkəzindən 16 kilometr aralıda yerləşən Alpan kəndi Qubadakı ən qədim yaşayış məntəqələrindən biridir.

1918-ci ilin mart hadisələri zamanı Quba qəzasının 167 kəndi tamamilə dağıdılıb, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.

Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı" təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Tədqiqat işlərinin nəticəsi olaraq, məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən olunub ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Milli.Az