Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Arzuolunmaz hamiləlikdən qorunma üsulları haqqında bilinən YANLIŞLAR

Arzuolunmaz hamiləliyin baş verməsinin qarşısının alınması kontrasepsiya adlanır. Qadını arzuolunmaz hamiləlikdən qorunmanın bir çox yolları mövcuddur və bu, həkim tərəfindən hər bir cütlük üçün fərdi qaydada seçilir. Buraya uşaqlıqdaxili, hormonal, baryer üsulları, cərrahi sterelizasiya və s. aiddir. Təəssüf ki, xanımlar bir çox hallarda kontrasepsiya üsullarından istifadə etmək yerinə, abortlara daha çox müraciət edirlər. Sözsüz ki, abort orqanizmə ciddi ziyan vurur. Hamiləlik zamanı bütün orqanizm buna hazırlaşır, hormonal sistemdə dəyişikliklər baş verir. Abort etməklə bütün bu mürəkkəb proseslər dayandırılmış olur. Bundan başqa, abort cərrahi müdaxilə olduğundan hər bir cərrahi əməliyyata xas olan müvafiq riskləri var.

Publika.az xəbər verir ki, mama-ginekoloq, onkoloq, ali kateqoriyalı həkim, tibb elmləri namizədi Mayskova İrina Yuriyevna kontrasepsiya barədə yayılmış səhv fikirlərə aydınlıq gətirib.

Uşaqlıqdaxili spirallar

Üstünlükləri: Etibarlıdır, ən aşağı Perl İndeksinə malikdir. Kontrasepsiyanın təsiri Perl indeksi ilə dəyərləndirilir. Bu indeks kontraseptiv üsuldan bir il ərzində istifadə edən yüz qadında nə qədər hamiləlik qeydə alınmasını göstərir. İndeks nə qədər aşağıdırsa, kontrasepsiyanın effektivliyi o qədər yüksəkdir. Hormonal spirallar kontrasepsiyaya əlavə olaraq terapevtik təsir göstərir. Menstruasiyanı ağır keçirən qadınlar üçün xüsusilə uyğundur.

Mənfi tərəfi: Uşaqlıq yolu və yumurtalıq infeksiyası riski var. Odur ki, spiral daimi partniyoru olan qadınlar üçün daha uyğundur.

Hormonal kontraseptivlər

Hətta süd verən analar üçün tablet şəklində qarışıq oral kontraseptivlər, transdermal və vaginal (elastik halqa şəklində) saf progestinlər var. Ən məşhurları kombinə edilmiş oral kontraseptivlərdir (KOK), lakin onlar haqqında səhv fikirlər daha geniş yayılıb. Bəzilərini dağıtmağa çalışacağam.

1-ci səhv iddia

Kombinə edilmiş oral kontraseptivlərin çəki artımına səbəb olduğuna dair etibarlı sübutlar yoxdur. Sadəcə yanlış seçilmiş dərman ödem yarada bilər.

2-ci səhv iddia

KOK-lardan sonra hamiləlikdə problemlər olacaq. Əgər qadın bu dərmanları qəbul etdikdən sonra hamilə qala bilmirsə, deməli, qəbul etməzdən əvvəl də bununla bağlı problemləri olub, sadəcə olaraq onlardan xəbəri olmayıb.

3-cü səhv iddia

Kombinə edilmiş oral kontraseptivlərin qəbuluna fasilə verməlisiniz. Bu, köhnə bir taktikadır, əvvəllər hesab olunurdu ki, onları uzun müddət istifadə etmək ziyandır. İndi sübut edilib ki, bu tabletlərin uzun müddət istifadəsi yumurtalıq və endometrium xərçəngi riskini azaldır. İstifadə etməyi dayandırdığınız zaman bütün risklər yenidən artır.

4-cü səhv iddia

Bəziləri iddia edir ki, tabletləri təyin etməzdən əvvəl hormonlar üçün qan testi vermək lazımdır. Bu, lazımsızdır. Hormonal kontraseptivləri təyin etmək üçün xəstə ilə ətraflı söhbət etmək, tromboz risklərinin olub-olmadığını öyrənmək, qan təzyiqini ölçmək, onkositologiya üçün yaxma götürmək, kiçik çanaq və süd vəzilərinin ultrasəsini aparmaq kifayətdir.

Əlbəttə ki, hər şey o qədər də təhlükəsiz deyil. Hormonal kontrasepsiya qaraciyər xəstəliyi olanlarda, damar ağırlaşmaları olan şəkərli diabetiklərdə, 35 yaşdan yuxarı siqaret çəkənlərdə, müəyyən edilmiş trombofilik mutasiyalar, nəzarətsiz arterial hipertenziya, miqren, trombozu olan şəxslərdə əks göstərişlərə malikdir. Buna görə də, bu və ya digər kontrasepsiya üsulunu seçərkən mütləq bir mütəxəssislə məsləhətləşməyi unutmayın. Eyni zamanda bilməlisiniz ki, kontraseptivin effektivliyi onun düzgün istifadə olmasından birbaşa asılıdır.

Aytən Məftun