Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

ATƏT-dən Ermənistana göndərilən missiya ilə bağlı etiraf

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) 2 ay sonra 21-27 oktyabr tarixlərində Ermənistana göndərilən və ilkin olaraq "ATƏT-in ehtiyacların qiymətləndirilməsi heyəti" adlandırdıqları qrupun təşkilatla əlaqəsi olmadığını bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu qrupun Ermənistana göndərilməsi barədə qərarın ATƏT-in müvafiq qərarverici orqanlarının və ya ATƏT-in katibliyi tərəfindən deyil, Fəaliyyətdə olan Sədrin şəxsi təşəbbüsü ilə verildiyini vurğulanıb.

ATƏT katibliyi qeyd edib ki, bu qrupun göndərilməsi üçün ATƏT-in qərarverici orqanı olan Daimi Şura tərəfindən qərar qəbul edilməyib, qrup ATƏT mandatına malik deyil, habelə onlar üçün ATƏT-in büdcəsindən hər hansı bir vəsait xərclənməyib. Heyətin xərcləri büdcədənkənar vəsaitlər hesabına ATƏT-in bəzi iştirakçı dövlətləri tərəfindən fərdi şəkildə ödəndiyi diqqətə çatdırılıb.

Göründüyü kimi, Azərbaycan tərəfinin tutarlı səbəblər gətirərək bu məsələdə sərgilədiyi mövqe ATƏT tərəfini bir daha düşünməyə vadar edib.

ATƏT tərəfi bununla yanaşı, sözügedən qrupun göndərilməsi barədə elanı rəsmi internet səhifəsindən çıxarıb (https://www.osce.org/chairmanship/529239). Şübhəsiz ki, bu nəticənin əldə olunmasında Azərbaycan tərəfinin son iki ay ərzində apardığı iş xüsusi rol oynayıb.

Məlum olduğu kimi, 20 oktyabr tarixində Azərbaycan XİN-i bu qrupun göndərilməsi barədə ATƏT-in rəsmi internet səhifəsində dərc edilmiş məlumata istinadən sərt reaksiya vermişdi (https://mfa.gov.az/az/news/no49022).

XİN bildirmişdi ki, belə bir heyətin göndərilməsi məsələsi ATƏT-in hər hansı bir kollektiv qərar verici orqanı tərəfindən heç zaman müzakirə olunmayıb və nəticədə bu barədə heç bir qərar qəbul edilməyib. Heç bir ATƏT mandatına malik olmadan göndərilən bu heyət, Ermənistanın iddialarının əksinə, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilinməyəcəyi vurğulanmışdı.

Eyni zamanda, 30 ilə yaxın bir müddətdə Azərbaycana qarşı hərbi təcavüzün dayandırılması istiqamətində səylərin, hətta keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə aid olmayan məsələlər ilə bağlı missiyaların ATƏT tərəfindən bir qayda olaraq konsensusa istinadla qarşısının alınması kontekstində bu addımın ciddi sual doğurduğu XİN tərəfindən bildirilmişdi.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri Polşadır.

Milli.Az