Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

“Azərbaycan qalib dövlət kimi heç bir güzəştə getməyəcək”

Polİtoloq Əziz Əlibəyli: “Sərhədlərin tanınması məsələsində Rusiyanın mövqeyi bəllidir”

“Rusiyanın Azərbaycan-Ermənistan sərhəddi ilə bağlı həm 1927-ci il, həm 1928-ci il, həm də 1929-cu il xəritələri var. Sərhədlərin tanınması üçün bu xəritələrə istinad edə bilərik. Əgər Azərbaycan sərhədlərinin tanınması məsələsi gündəmdədirsə, biz 1920-ci il xəritəsinə də istinad edə, 1928-ci il xəritəsindən isə imtina da edə bilərik”.

Bu fikri Bizimyol.info saytına açıqlayan siyasi ekspert Əziz Əlibəyli bildirdi ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikasının sərhədləri arasında ərazi vahidləri məsələsində bağlı ortaya çıxan fərq 27.9 km-ə bərabərdir ki, bu da təxminən 28 min kvadrat-kilometr edir:

Əziz Əlibəyli Əziz Əlibəyli

“Bu sahə az qala indiki Ermənistan Respublikasının ərazisi boyda bir ərazidir. Əgər həmin xəritələrə istinad olunsa, Azərbaycan dövləti Naxçıvan MR-nın, Qazax və Gədəbəy rayonlarının, eləcə də Zəngəzurun bir neçə kəndini, eləcə də bu bölgəyə aid olan digər məntəqələri Ermənistandan tələb edəcək”.

1928-ci il xəritələrinin əvvəlki xəritələrdən fərqləndiyini deyən Ə.Əlibəyli, Zəngəzur və Gədəbəy ərazilərindən bir neçə min desyatin ərazinin Ermənistana verildiyini diqqətə çatdırdı:

“Bu ərazilərin ümumi sahəsi 4000 kv/km-ə yaxındır. Bu baxımdan da xəritələr arasında ciddi fərq var. Yerli əhali arasında açıq narazılıqlar yaranmasının qarşısını almaq, həmçinin yerli əhalinin hamısının azərbaycanlı olması nəzərə alınaraq və məsələnin sakitliklə həll olunması məqsədi ilə ermənilər təkcə Kərki kəndinin yerləşdiyi çox kiçik bir ərazini Azərbaycanın tərkibində saxladılar. Ancaq kənd ətrafındakı 900 hektardan artıq bir ərazini, o cümlədən «Kərkinin düzü», «Həsənqulu bağı», «Bağırsaq dərə», «Qaraağac», «Bəzirxana», «Köhnə Kərki», «Dem», «Nabat bulağı», «Qızıl daş», «Ağıldərə» və s. kimi onlarla Türk mənşəli toponimi özündə yaşadan ərazilər (dairəvi şəkildə Kərkinin bütün ətraf torpaqları) əsassız, saxta sənədlə Ermənistana verildi. Bununla da Kərki kəndi Azərbaycandan (Naxçıvan MR ərazisindən) tam təcrid olunaraq ada şəklinə düşdü. 1928-ci ildə Moskvanın göstərişi və Azərbaycan rəhbərlərinin razılığı ilə dədə-baba Gədəbəy torpaqlarını – Başkəndin 4400 hektar torpağını Azərbaycandan alıb Ermənistana verdilər”.

Əhalisinin 90 faizi azərbaycanlılardan ibarət olan Göyçə mahalının isə, nədənsə Azərbaycana verilmədiyini deyən müsahibimiz qeyd etdi ki, 1927-1929-cu illərdə Ermənistanla Azərbaycan arasında “sərhəd” düzəldərkən adları çəkilən dağ və yaylaqların çoxu ermənilərə verilib:

“Lakin, Qaragöl bütövlükdə Azərbaycan sərhədi daxilində qalmışdı. Hətta 1928-ci ildə Qaragöl və Qaragöl yaylağı 3 saylı yay otlağı kimi Qarıqışlaq kolxozunun istifadəsinə verilib. Məsələ, 2-ci dəfə 3 may 1951-ci ildə 557 saylı Respublika Nazirlər Sovetinin qərarı ilə də bir daha təsdiq olunub. Ümumiyyətlə, sərhəd mübahisələri haqqında Torpaq Komissiyasının 1928-ci il hesabatında göstərildiyi kimi, yalnız Azərbaycanın Qazax qəzasından Ermənistan SSR-nə 79208 desyatin əkinə yararlı və 75904 desyatin yararsız torpaq verilib. Beləliklə, Qazax qəzasının əhalisi yaylaqların 50%-dən məhrum edilib. 1920-ci illərdə razılaşdırılmış və xəritələrdə qeyd olunmuş respublikalar arası sərhədlər çox vaxt reallıqda öz əksini tapmayıb və qeyri-dəqiq olub. Bununla da, ermənilərin yeni ərazi iddiaları üçün əlverişli şərait yaradılıb”.

Ekspert vurğuladı ki, əgər dövlətlərin qarşılıqlı güzəştə getməsi məsələsi nəzərdə tutulursa, ilk növbədə qalib dövlətin mövqeləri nəzərə alınmalıdır:

“Bu məsələdə güzəşt olmamalıdır. Amma güzəştə gediləcək məsələ Azərbaycanın nöqteyi-nəzərindən iki hissəyə bölünür. Bir nömrəli məsələ olduğu üçün ərazi baxımından güzəşt ola bilməz. İkinci məsələ, kommunikasiya xətlərinin açılması ilə bağlıdır. Rəsmi Bakı burda da güzəştə getmir. Nəhayət, rəsmi İrəvana görə, Bakının edə biləcəyi güzəştlər, erməni əsilli Azərbaycan vətəndaşlarının heç bir problem olmadan vətəndaşlıq alması, ermənilərin rahat şəkildə Azərbaycana gəlməsi və biznes maraqlarının təmin olunması, azərbaycanlıların Ermənistandakı biznes obyektlərinin icarəyə götürə bilmələri və Azərbaycanın beynəlxalq əhəmiyyətli layihələrindən və nəqliyyat infrastrukturlarından Ermənistanın da istifadə edə bilməsi ilə bağlıdır. Ermənistanın isə bizə güzəştə gedəcəyi heç bir məsələ qalmayıb. Onlar artıq məğlubdurlar”.

Politoloq, Azərbaycanın 44 günlük müharibədən sonrakı dövrdə Ermənistana bir neçə məsələdə güzəştə getdiyini diqqətə çatdırdı:

“Bölgədən erməni terrorçularının çıxarılması və erməni əsilli vətəndaşları üçün yenidən vətəndaşlığın bərpa olunması məsələlərində İrəvana müəyyən zaman tanıdıq. Eləcə də sülhməramlıların fəaliyyəti ilə bağlı bir məsələ də var ki, Azərbaycan bunda da güzəştə gedə bilər. Yəni, onların bölgədə qalma müddətinə yenidən baxa bilər. Bunlar isə ümumilikdə dövlətimiz üçün minimal güzəştlərdir. Ümumiyyətlə, qalib gələn dövlət üçün güzəştlərin siyahısı minimal həddə olmalıdır”.

Sərhədlərin tanınması məsələsində Rusiyanın mövqeyinin bəlli olduğunu deyən həmsöhbətimiz, rəsmi Moskvanın ilk növbədə kommunikasiya xətlərinin açılmasının tərəfdarı olduğunu diqqətə çatdırdı:

“İkinci növbədə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının tərəfdarıdır. Nəhayət, keçmiş münaqişələrə dair nəzəri baxışları da dəyişib. Bu baxışlar, bölgələrdə milli-məhəlli münaqişələrin olmasına deyil, dövlətlərlə birbaşa əlaqələrin əldə olunmasına əsaslanır. Yəni, bu münaqişələr Rusiyanlın bölgələrdə təhlükəsizliklə bağlı qayğılarını artırır. Əgər münaqişə Qafqazda, yəni Gürcüstanda, Azərbaycanda və Ermənistanda varsa, bu, başqa beynəlxalq qüvvənin böğləyə birbaşa müdaxiləsinə şərait yaradır. Rusiya ilə Türkiyənin Qafqazla bağlı baxışları ondan ibarətdir ki, münaqişələr həll olunsun və beynəlxalq yollar işə düşsün. Çünki, Pekindən Londona qədər uzanan böyük bir yolun inşası planlaşdırılır. Bu layihə, hər iki ölkənin böyük ölçüdə maliyyə vəsaiti qazanmasına səbəb olur”.

Rövşən Ziya, Bizimyol.info