Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycanda qadın yaxşı yaşayış üçün boşanmır: Həbsdə hansı bürcdən olanlar daha çoxdur?

“Allah bütün evlənənləri xoşbəxt eləsin, eləməsə, nömrəmi bilirsiniz”. Bu paylaşımından sonra diqqətə gəldi, sosial şəbəkədə daha çox məşhur oldu. Sonralar belə bir paylaşımı da olmuşdu: “Eyni vaxtda 3 ağır cinayət işi üzrə vəkil ol, ölkə səni boşanma vəkili kimi tanısın”.
Boşanmalarla bağlı zarafatyana paylaşımlarından dolayı bəzən tənqid edilən müsahibimiz vəkil Babək Həmidovdur. Onunla paylaşımları və peşəsi ilə bağlı söhbətləşdik.

- “Qəlbim mənə insanların hər zaman yaxşı olduğunu söylər. Vəkillik təcrübəm isə əksini”, - deyə status yazmışdınız. Vəkillik təcrübəniz nə göstərdi ki?
- Nelson Mandela deyib ki, insana sevgi daha yaxındır, nəinki nifrət. Məsələn, azyaşlı uşaqlarda irqçilik olmur, paylaşmaq, ədalətlilik daha çoxdur. Nifrət isə sonradan qazanılır. Sonradan qazandıqlarımıza isə həyat təcrübəmiz, gördüklərimiz təsir edir. Xüsusilə cinayət işləri ilə məşğul olanda öz çevrəsində yaxşı biri kimi tanınan adamların dəhşətli cinayətlər törətdiyini görürsən. O fikirdəyəm ki, bütün insanlara sevgi ilə yanaşmaq lazımdır. Peşə fəaliyyətindən irəli gələrək insan daha ehtiyatlı davranmağa məcbur olur.

- Bu cəhətdən yanaşsaq, vəkillik sizdə hansı vərdişi formalaşdırıb?

- O düşüncədəyəm ki, insanın şəxsiyyəti ilə peşəsi eyniləşdirilməməlidir. Amma istər-istəməz peşə vərdişlərində qazanılan təcrübələr onun şəxsi həyatına təsir edir. Peşə vərdişlərimdən biri odur ki, fakt olmayan məsələlər üzrə hər hansı mülahizə, fikir irəli sürmürəm. Çünki hüquq sistemi faktla işləyir. “Babək Həmidovam” deyirəmsə, şəxsiyyət vəsiqəmi, vəkil olduğumu bildirirəmsə, vəkillik vəsiqəmi, “Aygün xanımın vəkiliyəm” deyirəmsə, Aygün xanımın vəkili olduğumu təsdiq edən orderi göstərməliyəm. Fikir, söz dəlilə əsaslanmalıdır.

Hakimliklə müqayisədə vəkillik çox rahatdır

- Bəs peşə vərdişiniz insanlarla münasibətə, insanları sevməyə təsir edirmi?
- Sevgi emosiya və hissələrə bağlı olduğundan fakta əsaslanmamalıdır. Sadəcə, peşə vərdişi adamı şübhəçi etməyə başlayır. Bəzən şəxsi münasibətlərdə insan həmin şəxsə etibarını zədələməmək üçün fakt istəməyə başlayır.

- Vəkil olmaq qərarını nə zaman vermisiniz?
- 3-cü kursda oxuyanda qərar verdim ki, vəkil olacağam.

- Niyə 3-cü kursda?
- Məni atamla dayım hüquqa yönəltmişdi. Təhsil alırdım, amma gələcəkdə hüququn hansı istiqamətinə yönələcəyimi, yaxud başqa sahəyə gedib-getməyəcəyimi bilmirdim. 3-cü kursda oxuyanda qrupda fərqlənən bir neçə tələbəni vəkillə birgə işləməyə göndərdilər. Real iş götürüb həmin işi vəkilin nəzarəti ilə məhkəməyə hazırlamalı idik. Biz həmin vətəndaşı məhkəmədə təmsil etdik. İlk işimizdə birinci instansiya məhkəməsinin qərarı apelyasiya məhkəməsində bizim xeyrimizə ləğv olundu. Sadə dillə desək, birincidə uduzmuşdu, biz qoşulandan sonra uddu. Yəqin ki, məhz o məhkəməni udmağın sevinci ilə 3-cü kursda vəkil olmaq qərarına gəldim.

- Sonra hüququn digər istiqamətlərinə baxmadınız?
- Azərbaycanda belə yanaşma var ki, vəkil hakim və prokuror olmaq istəyib, ola bilməyən hüquqşünasdır. Yaşım, təcrübəm bu istiqamətlərə müraciət etməyə imkan verir. Mən ora sənəd vermək istəmirəm. Çünki vəkilliyi çox sevirəm. Hakimlikdə işin həcmi çoxdur, məsuliyyəti qat-qat ağırdır, üstəlik də hər zaman ədalətli qərar çıxarmağa məcburdur. O peşə ilə müqayisədə vəkillik çox rahatdır. Dövlət təyinatlı deyilsə, istəmədiyin işi götürmürsən, iş yükün çoxdursa, imtina edirsən. Dinamik həyatı daha çox sevirəm. Bir gün sıxılıb eləsəm, başqa istiqamətə yönələ bilərəm. Hələ ki bu cür xoşdur.

“Məhkəmə 20 ay sonra onun haqqında bəraət hökmü çıxardı”

- “Eyni vaxtda 3 ağır cinayət işi üzrə vəkil ol, ölkə səni boşanma vəkili kimi tanısın” yazmışdınız. Sizə ən çox hansı məhkəmə işləri üçün vəkil olaraq müraciət edirlər?
- Sosial şəbəkədə mən birdən-birə ailə məsələləri ilə - xüsusilə boşanma məsələləri ilə bağlı məşhur oldum. Say etibarilə götürsək, məndə hazırda cinayət işləri daha çoxdur. Ailə işləri də kifayət qədərdir.

- Bəs özünüzə hansı istiqamət daha maraqlı gəlir?
- Cinayət işləri.

- Niyə?
- 19 yaşlı şəxsin ölümü ilə nəticələnən bir cinayət hadisəsi baş vermişdi. Bu cinayətlə bağlı həbs edilən şəxs özünü təqsirli hesab etmirdi. 20 ay təcridxanada (həbsdə) qaldı. O müddətdə 30-35 məhkəmə iclası keçirildi. Hər məhkəmə iclasına təcridxanadan gətirilirdi, sonra geri aparılırdı. Bir gün təcridxanadan çıxanda bəlkə də düşünürdü ki, məhkəmə zalından yenə ora qayıdacaq. Məhkəmə 20 ay sonra onun haqqında bəraət hökmü çıxardı. Adam inanmırdı ki, artıq azaddır və uşaqları ilə bir yerdə yatacaq. Haqsız və qanunsuz həbs olunan birinin azadlığa çıxmağına səbəb oluruqsa, sonda yaşadığımız hiss əvəzedilməzdir.

- 20 ay az zaman deyil…

- Qanunvericiliklə götürsək, bir adamı azadlığa buraxmaq onu həbs etdirməkdən qat-qat çətindir. Düzdür, həbs üçün əsas az ola bilər, amma cəzalanma üçün kifayət qədər sübutlar olmalıdır. Hansısa cinayətdə ittiham olunursa, məhkəmə onun həbsinə səbəb olan sübutları hərtərəfli, obyektiv araşdırmalıdır. Həmin sübutların yetərli olmadığına cinayəti onun törətməsinə səbəb olan halların ortada olmadığı qənaətinə gəldikdən sonra verir. Bu da vaxt alır.

“Düşündüm ki, hüquqi mövzuları bir az yumorla çatdırım”

- Kifayət qədər gərgin işiniz var. Sosial şəbəkədə isə hüquqi məsələlərlə bağlı zarafatyana paylaşımlar edirsiniz. Bu cür yanaşmaq nəyi dəyişir?
- Əvvəllər şəklimi paylaşırdım, altından cinayət işi ilə bağlı mətn yazırdım. Sonra gördüm ki, özüm olduğum neqativ mühiti sosial şəbəkə istifadəçilər ilə paylaşıram, onlara da neqativlik aşılayıram. Düzdür, işimdir, amma həm də nəzərə almaq lazımdır ki, “İnstagram” istifadəçilərinin 90 faizdən çoxu bura əyləncə üçün daxil olur. Sonra düşündüm ki, hüquqi mövzuları bir az maarifləndirici, bir az satira, bir az yumorla çatdırım.

- Elə bu paylaşımlardan dolayı boşanma vəkili kimi tanındınız. Niyə bu mövzunu seçdiniz?
- (Gülür) Azərbaycan cəmiyyəti üçün ən aktual mövzu hər zaman gəlin-qayınana münasibətləri, məişət mövzusu olub. Ona görə başlanğıcı bu mövzularla etdim.

“Bizim barışdırmaq vəzifəmiz yoxdur”

- Sizi bu paylaşımlardan dolayı zarafatyana statuslarınızla vətəndaşları boşanmalara yönəltməkdə də ittiham edirlər.
- Tək məni yox, ümumiyyətlə, vəkilləri ittiham edirlər ki, niyə boşanmaq üçün müraciət edənləri barışdırmırsınız? Birincisi, vəkillə müştəri arasında olan müqavilədə yazılır ki, vəkilə filan qədər ödənişi edirəm ona görə ki, nikahın pozulması işində vəkilim olsun. Vəkil onu barışdırmağa çalışsa, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş sayıla bilər. Yəni birincisi, bizim barışdırmaq vəzifəmiz yoxdur. Elə bir vəzifə məhkəmədə var. İkincisi, barışdırmağa çalışdığım, məhkəmədə barışıq mövqeyindən çıxış etdiyim işlər də olur. İki şəxsin arasında dözülməz xroniki zorakılıq yoxdursa, barışmağa daha yaxın olurlar. Amma “hər işdə barışdır” tələb etmək doğru deyil. Azərbaycanda vəkilin yanına boşanmaq üçün gələn şəxsləri ən azı bir dəfə anası, bir dəfə atası, bir dəfə əmisi, bir dəfə ağsaqqal, bir dəfə qonşu və s. barışdırıb. Bütün barışıq vasitələri tükənib.

“Azərbaycanda boşanmalar düşündüyümüz qədər çox deyil”

- O ittihamların səbəbi “Boşanmalar artır” xəbərləri olur.
- 20 il əvvəl ailəni qoruyub saxlamaq daha rahat idi. 30 il əvvəl ondan da rahat idi. 40 il əvvəl ondan da rahat və s. İstər-istəməz ailə modelini qoruyub saxlamaq həddindən artıq çətinləşir, amma Azərbaycanda boşanmalar düşündüyümüz qədər çox deyil. Azərbaycanda hər 100 ailədən 20-si ayrılır. Elə ölkələr var ki, orada 75-i, 94-ü ayrılır. Bir də boşanma ilə bağlı statistik rəqəmlərə baxanda demək olmaz ki, bu gün evlənənlər boşanır. Bu gün statistikada gördüyümüz boşanmalar əslində hamısı yeni qurulan ailələr deyil. Onların içində 5-20 il əvvəl qurulan ailələr də kifayət qədər çoxdur.

“Boşananların çoxu evliliyə özü qərar verməyənlərdir”

- Sevib evlənənlərin də boşandığını görürük, “görücü üsulu” ilə evlənənlərin də. Boşananlar kimlərdir?
- Boşanmağa qərar verənlərin çoxu evliliyə özü qərar verməyənlərdir. İki şəxs sevib evlənəndə, bir-birinə qarşı daha dözümlü olurlar. Çünki arada sevgi var. Bir insan sevmədən evlənirsə, onun xasiyyətlərinə dözüm nümayiş etdirə bilmir. Sevgisi olmadığına görə sadəcə neqativlər gəlir. Neqativlərin də nəticəsində boşanma halları sevməyib evlənənlərdə daha çoxdur. Ata-ana məsləhəti ilə gözünü yumub evlənmək olmaz. Get söhbət elə, çay iç, tanı. Bakıda yaşayanlara qeyri-adi gələ bilər ki, belə hallar indi var? Bəli, var. Deyirlər ki, barmağına üzük taxmamış oğlanla görüşə bilməz. Üzükdən sonra da deyir ki, üzüyü qaytarsa, qızımı alan olmayacaq. Məcburi ərə verir, uşaqlar olur, aydın olur ki, evləndiyi adam döyür, söyür.

- Evlilik yaşının rolu nə dərəcədədir?

- Hüquqi olaraq evlilik yaşı 18-dir. Çünki bu yaşda hər kəsin şəxs olaraq müstəqil hüquqları yaranır. Evlənmə yaşı ilə bağlı cəmiyyətimizin yanaşmasında problem var. Cəmiyyət istəyir ki, qızlarımız 23-25, oğlanlarımız isə 30 yaşa qədər mütləq evlənsin. Bir insan evlənmək üçün insani münasibətlərdə olmalı, səhvlərindən təcrübə qazanmalıdır. 30-35 yaş arası olan evliliklər daha möhkəm, düşünülmüş olur.

“Azərbaycan qadını heç vaxt daha yaxşı yaşayış üçün boşanmır”

- “Evlilik də, boşanmaq da xoşbəxt olmaq üçündür” deyirsiniz.
- Evlənməmişdən əvvəl adam xoşbəxt idi, daha da xoşbəxt olmaq üçün həyatını bir nəfərlə birləşdirir. Bir yerdə yaşayanda görür ki, əvvəlcə döyülmürdü, söyülmürdü, indi döyülür, söyülür, “işləmə”, “filan rəfiqənlə görüşmə” və s. deyilir. Adam görür ki, əvvəl daha xoşbəxt idi. Yenidən xoşbəxtliyə qayıtmaq üçün boşanır.

- Bir səbəb də o deyilir ki, qadınlar sosial şəbəkələrdə başqa qadınların həyat yoldaşlarının onlara yaşatdığı həyatı görürlər, öz həyat yoldaşlarından da onun maddi imkanının yetməyəcəyi istəkləri yaranır və s.
- Azərbaycan qadını heç vaxt maddi olaraq daha yaxşı yaşayış üçün boşanmır. Boşanandan sonra yaşayışı düzəlirsə, niyə aliment üçün məhkəmələrdə qalır? Ola bilər ki, kişi qazancı ailəsinə deyil, mərc oyunlarına, içki məclislərinə və s. xərcləsin. Onda ana və uşaqların bir yolu qalır ki, boşanıb aliment alsın. “Filankəs istirahətə gedir, sən məni aparmırsan, boşanaq”, deyən qadın yoxdur. Boşananda istirahətə gedəcək?

- “Həyat yoldaşınız aldığı evi, maşını atasının, anasının adına rəsmiləşdirirsə, heç bir cadu bu evliliyi qurtarmaz” yazmışdınız. Boşanma proseslərində nələr üzə çıxır?
- Mərakeşli futbolçu Əşrəf Hakimi boşananda, həyat yoldaşı onun böyük var-dövlətə sahib olduğunu düşünürdü. Məhkəmədə məlum oldu ki, Hakiminin hər şeyi anasının adınadır. Hətta futbolçu özü ondan boşanmaq istəyən modeldən nə isə tələb edə bilər. Bu proses 10-15 ildir bizdə də gedir. Cəmiyyətimiz boşanma zamanı əmlak bölgüsünə ikiüzlü davranır. Düzdür, bəzən özləri məhkəməsiz normal bölürlər, yaxud kişi hər şeyi yoldaşına və uşaqlarına qoyub gedir. Bəzən dövlət 200 manat aliment kəsir, kişi gətirib əlavə pul da verir. Belə hallar var, ancaq 10 faizini təşkil edər. 90 faiz isə boşanmazdan öncə əmlakı ata-anasının adına keçirir. Bəzən bu, boşanma zamanı üzə çıxır.

“Dürüst adam nikah müqaviləsindən qaçmaz”

- Çıxış yolu nikah müqaviləsidir, ancaq bu da bizdə hələ ki, formalaşmır.
- Düzdür, evlilik qanuna deyil, daxili ülvi hisslərə, sevgiyə əsaslanır. Ancaq boşansanız, evlilik müddətində əldə etdiyiniz əmlakın necə bölünməsi ilə bağlı evlənərkən nikah müqaviləsi bağlayın. Həmin vaxt əsasən də kişilər deyir ki, boşananda bizdən əmlak əldə etmək istəyirsiniz? Nikah müqaviləsi bağlamağı ayıb hesab edənlər əmlakı evlilik vaxtı başqasının adına keçirməkdən utanmırlar. Ailə quranda qarşı tərəfə dürüst olmalısan. Deyilsənsə, sonra bu etibarsızlığa və boşanmaya səbəb olacaq. Dürüst adam nikah müqaviləsindən qaçmaz. Hesab edirəm ki, qanunvericilik də bu cür hiylələrin qarşısını almalıdır. Bu, ərlərin arvadlarına qarşı etdiyi qanunsuzluqdur. Bir çox hallarda qadın yaşayış yerindən məhrum olur.

- “Evlənərkən həyat yoldaşınızı bürcünə görə yox, aliment ödəmə qabiliyyətinə görə seçin” də yazmışdınız. Başqa nələrə fikir verək?
- Sevib evlənin və 30 yaşdan tez evlənməyin. Bəlkə də 25 yaşında tanıdığınız adamla evlənəcəksiniz, amma 30-da evlənin. Valideynlər qarşısında özünüzü borclu hiss edərək evlənməyin. Seçiminizi bürcə görə etməyin. Bürc məsələsinə görə evlənməyən adamlar tanıyıram. Həbsxanalarda hər bürcdən adamlar var. Bürcləri uyğun olanlar da boşanır. Bir də evlənəcəyiniz şəxs mədəni boşana biləcəyiniz adam olmalıdır. Buna görə də onun dürüstlüyünə, vicdanlılığına fikir verin. Adam var, aylıq gəliri 7 min manatdır. Vergidən yayınır, rəsmi gəlirini 300, 500, 1000 manat yazdırır. Məhkəmə də bu zaman uşaqlara normal aliment kəsə bilmir. Əməkhaqqısını normal göstərmir, deyir ki, məhkəmə çox aliment kəsəcək, qadın aparıb özünə xərcləyəcək. Halbuki uşağının haqqıdır. Dürüst adam bunu etməz. ("Kaspi" qəzeti)