Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bəzi Qərb dairələri Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir

Bəzi Qərb dairələri Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir

Müəllif: Nuranə Tofiqli

Bir neçə gün öncə jurnalist Aytən Məmmədova yaşadığı binanın qarşısında naməlum şəxs tərəfindən bıçaqla hədələnib.

Jurnalistin özünün də bildirdiyi kimi bu hücum onun özünün peşə fəaliyyəti ilə əlaqəli olub. Bu məsələni də siyasi obyektə çevirən bir qrup fəal hadisəni "əsas" götürərək Bakıda qanunsuz aksiya keçiriblər.

Aksiyada onun dövlət qurumlarının icazəsi və razılığı olmadan keçirilməsinə baxmayaraq hər hansı insident qeydə alınmayıb və saxlanılan da olmayıb.

Lakin buna baxmayaraq aksiyanı təhrif edərək onu siyasiləşdirməyə çalışan Qərbin bəzi dairələri Azərbaycanda guya "insan hüquqlarının pozulması" ilə bağlı yeni kampaniyalar təşkil olunması istiqamətində işlərə başlayıb, hadisənin aspektini tamamilə fərqli istiqamətə dəyişiblər.

Belə ki, mayın 9-da bəzi müxalifət partiyaları, məlum "hüquq-müdafiə" şəbəkəsi və xaricdəki "bloger" dəstəsi kampaniyaya start verərək çağırışlar səsləndirməyə başlayıblar.

Mayın 9-da həm ABŞ Dövlət Departamenti, həm ABŞ-ın Azərbaycandakı səfirliyi "A.Məmmədovaya hücumu" pisləyiblər, mayın 10-da isə kampaniyaya artıq beynəlxalq təşkilatlar - "Sərhədsiz Reportyorlar", "Norveç Helsinki Komitəsi",  "Human Rights Watch" qoşulublar.

Nəhayət, mayın 11-də bütün bu etiraz kampaniyasının nəticəsi olaraq bir qrup "fəal" mayın 14-nə etiraz aksiyası elan edib.

Bütün bu proses - insidentin siyasiləşdirilməsi və nəticə kimi icazəsiz aksiyanın elan olunması - ilk gündən "Amerikanın səsi" və "Azadlıq" radioları tərəfindən fəal şəkildə işıqlandırılıb. Mayın 8-dən aksiya gününədək bu radioların sosial şəbəkə profillərində onlarla xəbər və müsahibə yayılıb, açıq şəkildə etiraz aksiyasına çağırışlar edilib və s.

Bütün bunlara baxmayaraq, aksiyada çox az sayda adam iştirak edib, meydana gələnlərin əksəriyyəti özlərini jurnalist kimi təqdim edib, polis isə çox etik və qanunlar çərçivəsində davranıb, heç bir zorakılığa yol verilməyib və təşkilatçıların özləri, müxalifət də bunu etiraf ediblər.

Buna görə də Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiya ilə bağlı açıqlaması təəccüb doğurur. Səfirlik iddia edir ki, "may ayının 14-də dinc etiraz aksiyası dağıdılıb", "zorakılıq" tətbiq olunub və s. Bu, qızışdırıcı və təhrikedici mövqenin göstəricisidir. Belə bir təəssürat yaranır ki, səfirlikdə mövqe əvvəlcədən formalaşdırılıb, yazı yazılıb və hadisələrin gedişatı nəzərə alınmadan bəyan edilib.