Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bayden İlham Əliyevə yazdı, Bakını

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Bayden çağdaş geosiyasi düzəndə ölkəimzin tutduğu yeri, malik olduğu çəkini və gördüyü işləri yüksək dəyərləndirir.

Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda C.Bayden bir sıra məqamlara toxunub ki, həmin vurğular əslində Vaşinqtonla Bakı arasındakı qarşılıqlı münasibətlərin bundan sonrakı inkişaf məcrasını bəlirləyir. Eyni zamanda, Ağ Ev hazırda yaşanan proseslərdə Bakının oynadığı rolun da önəmini anladığını və buna böyük qiymət verdiyini vurğulayıb.

"Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik", - məktubda deyilir.

Birləşmiş Ştatların dövlət başçısı daha sonra Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Birləşmiş Ştatlar bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır.

Bayden baha sonra bildirib: "Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq".

Dünyanın birqütblü geosiyasi müstəvidən çıxdığı, çoxqütblü və güc mərkəzlərinin amansız rəqabətinin formalaşdırmağa başladığı yeni sistemin kənar təsirlər və təkanlar vasitəsilə qurulduğu bir zamanda Azərbaycan yürütdüyü xarici siyasətdə region dövlətləri ilə yanaşı, bütün postsovet məkanında tam fərqli təsir bağışlayır.

Müxtəlif "rəngli inqilab"lardan tutmuş, böyük dövlətlərin pressinq və təzyiqlərinin aramsız artdığı son illərdə ölkəmiz azsaylı dövlətlərdən biridir ki, zahiri komplimentar siyasət yürütmək əvəzinə, bütün tərəfdaşları ilə üfüqi, maraqlarla mənafelərin qarşılıqlı təminatı və nəzərə alınması prinsiplərinə istinadlanan münasibətlər qurub.

İkinci Qarabağ Müharibəsi ilə bölgədə tam yeni geosiyasi reallıqlar formalaşdıran Azərbaycan təbii ki, Birləşmiş Ştatların fasiləsiz, ciddi müşahidə etdiyi və əlaqələri inkişaf etdirməkdə maraqlı olduğu ölkədir.

Cozef Baydenin məktubu da təbrik ismarıcı modulu ilə kifayətlənmir, rəsmi Bakı ilə əlaqələrin keçmişinə salınan nəzər, indiki durumun dəyərləndirilməsi və perspektivlərin müəyyənləşdirilməsi məcrasında önəmli məqamdır.

Eyni zamanda, Bayden vurğulayır ki, mövcud situasiya Cənubi Qafqaz bölgəsində dayanıqlı, stabil sülhə nail olmaq üçün olduqca əlverişli vəziyyətdir.

Bundan başqa, ABŞ-ın dövlət başçısı Azərbaycanın bölgədə formalaşdırdığı geosiyasi reallıqları qəbul etməklə yanaşı, Vaşinqtonun dəstəyini ifadə edir.

32 ildən bəri davam edən münaqişənin çözülməsi, yekun sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın Ermənistanla diplomatik təmasları aktivləşdirməsi, problemin həll yollarını fəal şəkildə araması bütün Qafqazla bahəm, Trans-Xəzər bölgəsinin inkişafına təkan verəcək.

Vaşinqton da bu qənaəti bölüşür və Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir.

Sözügedən istiqamətdə rəsmi Bakının atdığı addımlar, İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və ABŞ-ın dövlət katibi Entoni Blinkenlə apardığı müzakirələrlə danışıqlar da ölkəmizin xarici siyasətinin regional çərçivələrdən çıxaraq Şərqi Avropa və postsovet məkanında stabilliyin bərqərar olması istiqamətində göstərdiyi səylərin təzahürü sayıla bilər.

Ukraynadakı müharibə ilə bağlı Bakının tutduğu mövqe də ABŞ-ı məmnun edir və bu, aksiomatik olayıdır: ölkəmiz Ukraynaya fasiləsiz humanitar yardımlar edir, Ukraynanı ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Bütün bunlarla yanaşı, Avropa İttifaqı ölkələrinin enerjidaşıyıcıları təminatı və enerji təhlükəsizliyi problemlərinin həllində Bakının oynadığı rolu da unutmayaq.

Həmin müstəvidə də Azərbaycanın artan önəmini ABŞ anlayır və dəstəkləyir, çünki Aİ ölkələrinin təbii qaz və neftlə təminatda Rusiyadan asılılıqdan qurtulmaq üçün diversifikasiya yolları aradığı, yeni təminat mənbələrini axtardığı bir dönəmdə Azərbaycan Qərbə stabil qiymətlərlə keyfiyyətli enerjidaşıyıcıları təklif edir. Son 30 ildə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə çəkisinin fasiləsiz güclənərək artması da təbii ki, Birləşmiş Ştatların maraqlarına cavab verir.

Həmin maraqlar məlumdur: Birləşmiş Ştatlar Avropa İttifaqının enerjidaşıyıcıları təminatı mənbələrinin şaxələnənərək artmasını, arealda sülh və stabilliyin tam bərqərar olmasını, Rusiya ilə qonşu dövlətlərdə mövcud problemlərin həllini istəyir.

Bu səbəbdən də təbii ki, beynəlxalq təhlükəsizlik məsələlərində Vaşinqton Bakı ilə əməkdaşlığa və tərəfdaşlığa xüsusi önəmlə yüksək dəyər verir.

ABŞ ın qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu ifadə etməsi rutin açıqlama, diplomatik protokola uyğun bəyanat deyil.

Vaşinqton ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini tam dəstəkləyir.

Birləşmiş Ştatların mövqeyi əhəmiyyətli dərəcədə Azərbaycanın dövlət başçısının yürütdüyü siyasətə verilən önəm, həmin siyasətin gücünün və xüsusilə də dövlət başçımızın geosiyasi nüfuzunun etirafı ilə bağlıdır.

Orxan Hun
Milli.Az