Biləcəridə park təmir olunub

Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarının icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki Mədəniyyət və İstirahət parkı əsaslı şəkildə təmir edilərək sakinlərin istifadəsinə verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Day.Az-a verilən məlumata görə, qəsəbənin mərkəzindəki sahəsi 3 ha olan bu park uzun müddət təmirsiz olduğundan vətəndaşların normal istirahət tələblərinə cavab vermirdi.

Hazırlanmış layihəyə uyğun olaraq parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirilmələri üçün tam şərait yaradılıb. Aparılan əsaslı təmir-abadlıq işləri çərçivəsində parkın ərazisində yararsız hala düşmüş, bəzi yerlərdə sınmış qranit və tamet örtüklər, pilləkənlər, bordyurlar yenilənib, mövcud olan yararsız oturacaq, idman və əyləncə qurğuları sökülərərək ərazidən daşınıb, onlar yeniləri ilə əvəzlənib. Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. 2 yeni söhbətgah və parkın ərazisində müasir işıqlandırma sistemləri quraşdırılıb. Parkdakı fəvvarə təmir edilib.

Parkda uşaq oyun qurğuları yenilənib, bura və idman meydançalarına rezin örtük döşənib, parkda sahəsi 1500 kvadrat metr olan stadion təmir edilərək tam yenilənib. Stadiona xaricdə istehsal olunan bir neçə qatlıq müasir süni örtük çəkilib, futbol qapıları qurulub, stadionun ətrafına dəmir tor çəkilib.

Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılaraq mövcud ağaclar budanıb, suvarma xətləri yenilənib, yeni yaşıllıq zolaqları və qazon örtüyü salınıb, müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkilib.

Sakinlər əsaslı təmirdən sonra parkın istifadəyə verilməsinə və ərazidə aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.