Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bir millət, bir çempionat, yoxsa...

Xeyriyyə oyunu üçün Azərbaycana gələn "Qalatasaray" klubunun prezidenti Dursun Özbək ölkəmizdən müsbət təsüratlarla qayıdıb. O, bir neçə maraqlı açıqlama və təkliflərlə hər iki ölkədə gündəmə gəlib.

"Sarı-qırmızılar"ın rəhbəri ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı turnir keçirilməsini təklif edib. Dursun Özbək bildirilib ki, yarışın türk dövlətlərinin futbol komandaları arasında keçirilməsini istəyir. O, bu istəyini Bakıda olan zaman verib və müsbət reaksiya görüb.

Ondan öncə isə Qurban Qurbanovun təklifi həm Azərbaycanda, həm də Türkiyədə böyük marağa səbəb olmuşdu. 50 yaşlı mütəxəssis oyundan sonra keçirilən məbuat konfransında iki ölkə çempionatlarının birləşməsi ilə bağlı istəyini bildrimişdi. Bu da azarkeşləri həyəcanlandırmışdı.

Ancaq reallıq odur ki, iki ölkənin çempionatlarının birləşməsi real deyil. Çünki barmaqla sayılacaq qədər klubu olan Azərbaycanın futbolu ilə birləşmək heç kimə faydalı olmayacaq. Həm də dəfələrlə başqa ölkələrdə bu iddia ilə çıxış etsələr də, bunu reallaşdırmaq mümkün olmayıb.

Dursun Özbəyin təklifi isə kifayət qədər realdır. Futbol dünyasında belə mini turnirlər təcrübəsi var. Klub rəhbəri turnirin bu ilin avqustunda keçirilməsini planlaşdırır. Bu o deməkdir ki, mövsümün əvvəlində bu yarış baş tuta bilər. Bu da beynəlxalq təcrübədə rast gəlinən məsələdir.

Futbol funskioneri Ceyhun Sultanov da Özbəyin təklifini real hesab edir. O, Publik.az-a açıqlamasında bildirib ki, qarşı tərəf çempionatların birləşməsinə razılıq verməz:

"Çempionatlar birləşsə, Türkiyə futbolunun səviyyəsi aşağı düşəcək. Bizdə isə əksinə olacaq. Mən inanmıram ki, Türkiyə Futbol Federasiyası bu varianta razılaşsın.

Amma mini-turnirlərin keçirilməsi realdır. Düşünürəm ki, çox yaxşı haldır. Bütün dünyada belə təcrübə var. ABŞ-də, Asiyada və müxtəlif ölkələrdə mövsümdən əvvəl kiçik turnirlər keçirilir. Həmin yarışlarda Avropa nəhəngləri də çıxış edir.

Bizim klublar da mövsümdən əvvəl təlim-məşq toplanışına yollanırlar. Həmin vaxt belə turnir keçirmək olur. Klublarımız üçün olduqca faydalı olar. Rusiyada belə "Matç TV"-nin mini-turnir keçirilir. Bu, normal haldır. Sözügedən turnir keçirilsə, çox yaxşı olar".

İki qardaş ölkənin futbolunun bir-birinə yaxınlaşması bizim üçün faydalı ola bilər. Səviyyə baxımından bir neçə addım geridə olduğumuzu nəzərə alsaq, bu, inkişaf baxımından bizim üçün şansdır. Azərbaycan və Türkiyə futbolunun yaxınlaşması ilə bağlı məsələni diqqətdə saxlmağa davam edəcəyik.

Heybət Məmmədov