Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bitməyən mübahisə - Avtomobil bu halda cərimə meydançasına getməlidir

Yanvar ayının 28-də Mikayıl Əliyev küçəsi ilə Babək prospekti istiqamətində avtomobilimlə hərəkətdə olarkən yol polisi əməkdaşı (YP349) saxladı. O, özünü təqdim etdikdən sonra əyilərək avtomobilin altına baxdı və 17 il əvvəl istehsal edilmiş nəqliyyat vasitəmin asqı yaylarının sıxdırıldığını iddia etdi. O, bunu vizual şəkildə, sadəcə əyilib, mobil telefonun fanarı ilə şəklini çəkərək mənə göstərdi və avtomobilimin duracağa aparılmasını tələb etdi. Hətta, o qaçacağımı düşünərək yanımda PPX əməkdaşını da əyləşdirib yaxınlıqdakı duracağa sürdürdü. Duracaqdakı polis əməkdaşına vəziyyəti izah etməyə çalışsam da, sadəcə telefondakı şəklə baxaraq nəqliyyat vasitəmdə konstruksiya dəyişikliyi etdiyimi və bunun üçün duracağa salmağı tələb etdi əks təqdirdə bunu tabesizlik kimi təqdim edəcəyini bildirdi.

Bu barədə oxucumuz Milli.Az-a müraciət edərək məsələ ilə bağlı narazılığını bildirib. Həmçinin o bildirib ki, avtomobilin asqı sisteminə hər hansı müdaxilə etməyib və 5 ay əvvəl alınan maşın ilk dəfə bu səbəbdən saxlanılıb.

"Avtomobilimi 5 ay əvvəl almışam. Bu zaman texniki baxışdan keçib və istismara uyğun hesab edilib. Ola bilər ki, məndən əvvəlki sahibi avtomobilə hər hansı konstruksiya dəyişikliyi edib və bunu qiyməti düşməsin deyə məndən gizlədib. Mən avtomobili aldığım zaman servisdə yoxlatdırmışam və burada asqı yaylarının təhlükəli vəziyyətdə olduğu yox, amartizatorların xarakteristikasının itirdiyi və bu səbəbdən avtomobilin yerə daha yatıq vəziyyətdə olduğu deyilib".

Sürücü bildirib ki, əgər həqiqətən də avtomobildə konstruksiya dəyişikliyi edilibsə bu vizual şəkildə baxmaqla müəyyənləşdirilməməlidir. Avtomobil müayinə edilməli, müayinənin nəticələri barədə protokol təqdim edilməli və dəyişiklik aradan qaldırılana qədər maşın duracağa yox, təmir müəssisəsinə və ya sürücünün yaşadığı ünvana aparılmalıdır. Əgər asqı yayları sıxdırılıbsa 150 manat, keyfiyyətini itiribsə 50 manat məbləğində cərimə yazılmalıdır.

Bəs görək bu məsələ qanunda necə əks olunub?

Yol hərəkəti haqqında" qanunun 83-cü maddəsində deyilir ki, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını müəyyənləşdirmək üzrə nəzarəti DYP əməkdaşları yalnız xüsusi cihazlar vasitəsilə həyata keçirirlər. Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. 

"Texniki nasazlığı aşkar müşahidə olunan və texniki vəziyyəti "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsində göstərilən tələblərə uyğun gəlməyən nəqliyyat vasitələri saxlanılaraq müvafiq qaydada müayinə olunur. Nəqliyyat vasitəsinin texniki vəziyyətinə baxış mümkün qədər qısa müddət ərzində aparılmalı, müayinə zamanı digər hərəkət iştirakçılarına maneçilik törədilməməlidir. Yolda hərəkət edən nəqliyyat vasitəsinin konstruksiyasında qüsur olması yalnız xüsusi texniki vasitələrlə müayinə edilərək müəyyənləşdirilə bilər. Özü də həmin müayinə texniki nasazlığı aşkar müşahidə olunan nəqliyyat vasitəsinin saxlanıldığı yerdə edilməlidir. Yalnız belə müayinə nəticəsində konkret nasazlıq aşkar edildikdə sürücü barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib edilə bilər. Müayinə və onun nəticəsində tərtib edilən protokol olmadan heç kəsin avtomobili cərimə meydançasına aparıla və ya istismardan kənarlaşdırıla bilməz. Müayinə zamanı konkret avtomobilin hər hansı detalı və ya avadanlığı o halda standarta uyğun olmayan sayıla bilər ki, onun istehsalçının müəyyən etdiyi və ümumi normativlərdə nəzərdə tutulan standartlara və tələblərə uyğun olmadığı aşkar edilsin. Belə uyğunsuzluq aşkar edildikdə isə sürücüyə aydın şəkildə deyilməlidir ki, mövcud standartlar belədir, sizin avtomobilinizin konkret göstəricisi filandır və bu, həmin standarta uyğun deyil.

Avtomobilin müxtəlif detal və avadanlıqlarını standarta uyğunluq baxımından müayinə etmək üçün bəzən xüsusi texniki şərait, avadanlıq, hətta laborator yoxlamalar zəruridir. Məsələn, avtomobilin konstruksiyasındakı asqı yaylarının texniki göstəricilərinin standartdan kənar olduğunu yalnız müayinə mərkəzlərində və laboratoriyalarda aşkar etmək olar.", - bu fikirləri Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov azerbaijan-news.az-a açıqlamasında qeyd edib. O bildirib ki, vizual müşahidə yolu ilə belə texniki məsələni həll etmək düzgün deyil.

Bəs asqı yaylarındakı nasazlıq və ya dəyişikliyə görə avtomobil cərimə meydançasına aparıla bilər?

Əvvəlcə nəqliyyat vasitəsinin duracağa aparılması qaydalarına nəzər salsaq görərik ki, bu məsələyə sadəcə 96-cı maddənin 1.5-ci bəndi uyğun gəlir:

96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;

Yol polisləri bu maddəni əsas götürərək avtomobilin duracağa aparılmasını tələb edirlər. Lakin, asqı yayları avadanlıq sayılmır. Bu, sadəcə konstruksiya dəyişikliyi hesab oluna bilər və İnzibati xətalar məcəlləsinin 342-ci maddəsinin 2.3-cü bəndinə əsasən cəriməsi 150 manatdır.

Onlar 96-cı maddənin 1.7-ci bəndini əsas götürsə, bu yalnız iriqabaritli nəqliyyat vasitələrinə aiddir.

96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə.

Belə bir nəticəyə gəlmək olar ki, qanundakı müəyyən boşluqlar sürücülər ilə yol polisi əməkdaşları arasında mübahisələrə səbəb olur və nəqliyyat vasitələri duracağa qoyulur. Bu kimi hallar hər iki tərəfin həm vaxtını alır, həm də əsəblərini korlayır. Üstəlik, avtomobili duracaqdan çıxarmaq üçün ödəniş də tələb edilir.

Bütün hallarda qanunlara riayət etmək vacibdir. Lakin, hüquqlarını bilməyən və ya düzgün müdafiə edə bilməyən şəxsləri bundan istifadə edərək incitmək, onlardan rüşvət götürmək, avtomobillərini əlindən almaq və ya get-gələ salmaq, yolverilməzdir.

Bəxtiyar Umarlı
Milli.Az