Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu ağacların aqibəti necə olacaq? - VİDEO

Lənkəran sakini "XəzərXəbər"in votsap nömrəsinə bir məlumat göndərib. O  iddia edib ki,  şəhər mərkəzində ötən əsrin 50-ci illərində inşa olunmuş "Zabitlər ev"inin həyətində yenidənqurma işləri zamanı palıd ağacları kəsilib. Bir neçə ağac isə yeni tikilən binanın içərisində saxlanılıb. Sakinin bizə yazdığına görə, tikilən binanın içərisində olan ağaclar da tikinti başa çatanda kəsiləcək. Cənub bölgəsi üzrə müxbirimiz məsələni araşdırıb.

Ağacların kəsildiyi iddia olunan ərazi şəhərin mərkəzindədir. Sakinlərin bildirdiyinə görə, ötən əsrin 50-ci illərində inşa olunan "Zabitlər evi"nin ərazisində iri gövdəli ağaclar olub və  burada  şəhər sakinləri  istirahət edib. Lakin bir neçə il əvvəl Lənkəran Hərbi Qarnizonuna aid olan "Zabitlər evi" fəaliyyətini dayandırıb, əraziyə giriş bağlanıb. Onlar  hazırda hasarlanmış ərazidə tikinti işləri getdiyini və oradakı  ağacların  kəsildiyini iddia edirlər.

Sözügedən məsələ ilə bağlı ərazidə olduq. Öyrəndik ki, "Zabitlər evi"nin binası 2020-ci ilin dekabr ayında  Lənkəran Əmlak komitəsi tərəfindən hərraca çıxarılıb və ticarət obyekti kimi satılıb.  Müşahidələrimizə görə  satılan  binanın əsas karkası saxlanılmaqla, binanın iç hissəsi dəyişdirilir.  Burada  ticarət mərkəzinin yaradılması nəzərdə tutulur. Sakinləri narahat edən məsələ isə  ticarət mərkəzinin tikintisi  zamanı  ərazidə yaşı 50 ildən çox olan iri palıd ağaclarının zərər görməsidir.  Tikinti sahəsinin içərisində hündürlüyü 25 metrə yaxın olan bir neçə ağacın qaldığını  müşahidə etmək olur.

Yeni tikilən ticarət mərkəzinin ərazisində nə qədər ağac var? Bu ağaclara sakinlərin iddia etdiyi kimi  zərər dəyib-dəymədiyini öyrənmək istəsək də bu istəyimiz  nəticəsiz qaldı. Şəxsi mülk olduğu üçün içəridə  çəkiliş aparılmasına icazə verilmədi. Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oradan isə bildirildi ki, artıq ərazi özəl şirkətə məxsus olduğundan onlar orada  olan ağacların kəsilməsi və ya  ağacların tikilən binanın içərisinə salınması ilə bağlı münasibət bildirə bilməzlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə "XəzərXəbər"ə bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır.

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az