Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bürcünüzə uyğun daş: Güc verir, uğur gətirir

Hər bir təbii daş özündə müəyyən enerji daşıyır. Bu enerji bəzi inanclara görə insanı talisman kimi qoruyur. Bundan başqa, təbii daşların həm də insan orqanizminə müalicəvi təsiri var.

Təbii daşlar həm özümüz, həm də başqalarına vermək üçün ən gözəl hədiyyədir. Bu cür hədiyyə həm gözəldir, həm də eksklüziv. Ona görə ki, bu cür daşların hər biri fərqlidir və nə qədər oxşarlığı olsa da, bir-birini təkrarlamırlar. Belə bir fikir var ki, bu cür daşları orqanizmə, bürclərə və həm də xüsusiyyətinə görə seçmək lazımdır. Çünki hər bir daş özündə müəyyən enerji daşıyır. Bu enerji bəzi inanclara görə insanı talisman kimi qoruyur. Bundan başqa, təbii daşların həm də insan orqanizminə müalicəvi təsiri var. Məsələn, bineyi-qədimdən eşitmişik ki, “zobu” olan adam gərək boynuna kəhrəba taxsın.

Təbii daşın saxtadan fərqi odur ki...

Dükanlarda saysız-hesabsız daşlar satırlar. Onların içində saxtaları da az deyil. Bəzən adi rəngli şüşəni təbii daş adı ilə müştərilərə sırıyırlar. Bəs təbii daşı saxtasından necə ayırd edək? Axı hər dəfə daş alanda onu mütəxəssisə göstərib rəy almaq mümkün deyil. Özümüz bunu necə edə bilərik? Bunun üçün bir neçə sadə vasitə var. Birincisi, dükandan təbii daşın sertifikatını tələb edin. Çünki sertifikatda mineralın ölçüsü, çıxarılma yeri, təmizliyi haqda məlumat olur. Əgər satıcı həmin sənədi sizə verməkdən boyun qaçırırsa, deməli saxtadır, o daşı almayın. Bundan başqa, lupa ilə əlvan daşa diqqətlə baxın. Təbii daşın mütləq nöqtələri, xətləri olacaq. Bu cür xətlərin olması onun təbii olduğuna işarə edir. Çünki təbiətdə tam hamar, heç bir cızığı olmayan daş olmur.

Eləsi var insanı sakitləşdirir, eləsi var aktivləşdirir

Təbii daşlar xüsusiyyətlərinə görə də fərqlənirlər. Onların enerjisi də müxtəlifdir. Eləsi var insanı sakitləşdirir, eləsi var aktivləşdirir, güc verir. Son illərdə dəbdə olan ametist daşına baxaq. Bənövşəyi rəngli olan bu mineralın insan ruhunu müalicə etdiyinə inanırlar. O, əsəbləri sakitləşdirir, insanı soyuqqanlı edir, xoş əhval verir. Ay daşı qadın enerjisi ilə zəngindir, sahibinin emosiyalarına təsir edir, harmoniyada olmasına kömək edir. Sevgi rəmzi olan qranat daşları hisləri gücləndirir, qarşı tərəf üçün insanı daha da maraqlı və cazibədar edir. Qızılsa onun enerjisini daha da gücləndirir. Qırmızı rəngli yaqut da qranat emosiyalarına müsbət təsir edir. Yaqut sevgi və xoşbəxtlik rəmzidir, uğuru cəlb edir, özünəinamı artırır. Kəhrəba özündə günəşin enerjisini daşıyır. İnsana pozitivlik verir, depressiyadan uzaqlaşdırır. Kəhrəbanın ən üstün cəhəti isə immuniteti artırmasıdır. Xanımların sevimli yaşıl gözlü zümrüd daşında torpağın enerjisi var. O, güclü, özgüvənli adamların talismanıdır. Bu daş biznes işlərində uğur qazandırır. Müdriklik rəmzi isə sapfir daşı sayılır. Bu daşın göy rəngi insanı təmkinli edir, ona rahatlıq və səbir gətirir. Mirvari taxmağı sevən xanımlar da az deyil. Yerli inanclara görə mirvari göz yaşı gətirsə də, əslində o da müsbət enerji daşıyır, xüsusən də ər-arvadı bir-birinə bağlayır. Bundan başqa, mirvari bir çox psixiki xəstəlikləri müalicə edir, ruhi sakitlik gətirir. Hətta bəzi ölkələrdə yaxşı mirvari brilyantdan bahadır. Brilyant isə təmizlik və mükəmməlik daşıdır, güclü enerjiyə malikdir. Yaxşı, xeyirxah insanlara kömək edir, onlara sevgi və xoş emosiyalar bağışlayır.

Əsrlər boyu loğmanlar bu daşlardan müalicə üçün istifadə edib. Geoloqlar isə onları təbiətin bir parçası adlandırırlar. Sehrbazlar isə düşünür ki, insanlar daşları seçmir, daşlar öz sahibini seçir. Onlar insanın enerjisini hiss edir, reaksiya verir deyə, insan məhz həmin daşı alır.

Bürcə uyğun elə daş seçmək olar ki...

Çox vaxt təbii daşların seçimi zodiak bürclərinə uyğun aparılır. Belə ki, daşlar planetlərlə əlaqəlidir, planetlərin isə insana təsir gücü var. Bürcə uyğun elə daş seçmək olar ki, o enerjisi ilə insanı mənfi təsirlərdən qorusun, güc versin, uğur gətirsin.

Qoç (21.03 – 19.04) bürcündən olanlara dağ bülluru, sirkon, kvars kimi daşlar uyğundur. Turmalin və yəşəm qoçların sağlamlığına, qırmızı rəngli yaqut isə cəsarətlənməyinə kömək edər.

Buğa (20.04 – 20.05) bürcünə gəlsək, əqiq, amazonit, aleksandrit, malaxit, xalsedon, avanturin kimi daşlar onlara müsbət təsir göstərər.

Ən dəymədüşər bürc - əkizlərdən (21.05 – 22.06) danışırıqsa, onlara daha çox ay daşı, sitrin, ametist, pələng gözü, əqiq uyğun gəlir.

Əqiq həm də xərçəng (22.06 – 22.07) bürcünə yarıyır. Xərçənglər çox emosional və həssas olduqlarına görə nefrit, mirvari, ay daşı, ametist də onlara uyğundur.

Kinliliyi ilə seçilən şirlərə (23.07 – 22.08) isə turmalin, kəhrəba, yaqut kimi daşlar münasibdir.

Nazlı-qəmzəli, özünə güvəni az olan qız (23.08 – 22.09) bürcünə isə avantürin, nefrin, oniks, xrizolit, yəşəm kimi təbii daşlar uyğundur. Onlar daha çox depressiyaya meyillidirlər. Avanturin daşı onlara xoş əhval verər, oniks müsbət enerji ötürər.

Dəymədüşər və eyni zamanda da estet olan, daxillərindəki mənfi və müsbət arasında tarazlıq tapa bilməyən tərəzilərə (23.09 – 22.10) akvamarin, lazurit, opal kimi daşlar yaxşı təsir edər.

Akvamarin, qranat, korall, sapfir, opal, yaqut kimi daşlar əqrəb (23.10 – 21.11) bürcünə uyğundur.

Qranat həm də ağır xasiyyətli, hər zaman başına macəra axtaran oxatan (22.11 – 21.12) bürcünə uyğun gəlir. Tez özündən çıxan oxatanı sapfir təmkinli edər, topaz xoşagəlməz hadisələrdən qoruyar.

Oğlaq (22.12 – 19.01) bürcünə isə malaxit, oniks, opal, yaqut kimi daşlar münasibdir.

Akvamarin, ametist, qranat, sapfir, sirkon dolça (20.01 – 19.02) bürcünə yaxşıdır.

Dindirməsən danışmaz, xəyalpərəst, xeyirxah balıqlara (20.02 – 20.03) ametist, mirvari, opal kimi daşlar uyğundur.

Ksapi.az