Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ekoloji gərginliyin fəsadlarını necə və hansı dərinlikdə yaşayırıq?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, çirkli hava il boyu dünyada 7 milyon insanın ölümünə səbəb olub. Avropa Ətraf Mühit Agentliyinin hesablamalarına görə isə hər il "köhnə qitədə" bu problem səbəbindən təxminən 400-500 min insan dünyasını dəyişib.

Milli.Az "yeni müsavat"a istinadən xəbər verir ki, bu gün Bakı yollarında, ölkə yollarında tıxaclarla yanaşı, ekoloji fəlakət də yaşanır. Bəzən yollar qara dumana bürünür və nəfəs almaq belə mümkünsüzləşir. Texnogen, antropogen fəaliyyət, həmçinin fiziki təsirlər nəticəsində atmosferə külli miqdarda çirkləndirici xüsusiyyətə malik tullantılar atılır. Nəticədə insan sağlamlığına və bioloji varlıqların yaşam tərzinə təsir edən təhlükələr yaranır. Çirkləndirici amillərin təsnifatında əsas yerlərdən birincisi kimi energetika müəssisələrinin qurğuları tərəfindən atmosferə atılan istilik effekti yaradan qazların - karbon dioksid (CO2), metan (CH4), ozon (O3), acımış azot (N2O), heksaftorid, karbon halloidləri, kükürd oksidin (SO2) təsirini göstərmək olar. Bu qazlar atmosferin müvafiq qatlarına qalxaraq qoruyucu qatı qalınlaşdırır və sonda planetin iqliminə təsir edən, yer səthindən şüalanan uzun dalğalı infraqırmızı şüaları tutub saxlayır.

Havanı çirkləndirənləri hansı cəza gözləyir?

Azərbaycanda havanın çirkləndirilməsi Cinayət Məcəlləsinin 251-ci maddəsi ilə tənzimlənir. Çirkləndirici maddələrin havaya buraxılması qaydalarının pozulması və ya avadanlıqların, qurğuların və digər obyektlərin istismarı qaydalarının pozulması havanın çirkləndirilməsinə və ya onun təbii xassələrinin başqa cür dəyişilməsinə səbəb olduqda beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

[Dünyada havası ən çox çirkli olan - 10 ŞƏHƏR | TurpKimi.com]

Əgər havanın çirkləndirilməsi insan sağlamlığına zərər vurursa, bu zaman həmin şəxslər min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır ki, bu məsələ İnzibati Xətalar Məcəlləsində də yer alıb. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinə görə, atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına, atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədilə quraşdırılmış qurğular, avadanlıq və cihazların istismar qaydalarının pozulmasına, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinə cavab verməyən yeni və yenidən qurulmuş qurğuların və avadanlığın istismara verilməsinə və s. görə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

Maşınların sayını azaltsaq... ekologiya düzələrmi?

Ekspertlər deyir ki, Bakıda havanın çirklənməsinin əsas səbəbi avtomobillərdir. Problemin qarşısını almaq üçün maşınların sayını azaltmaq vacibdir. Azərbaycanı xammal bazarına çevirməkdənsə, zavodlar tikilməli, insanlar işlə təmin olunmalıdır. "Azəri" yanacağı hazırlanmalı və dünyaya tanıtdırılmalıdır. Bu tədbirlər görülərsə, Azərbaycan ən təmiz regionlardan birinə çevrilə bilər. Meqapolis böyüyür, tikinti işləri aparılır və temperatur kifayət qədər yüksəkdir. Hava tozanaq olur, insanlar nəfəs ala bilmir. Yay fəslində hava isti və küləkli olanda istiliyi və toz-torpağı azaltmaq üçün ətraf ərazilər suvarılmalıdır. Sovet hakimiyyəti illərində asfalt örtüyü də yuyulurdu. İndi isə bu işlərin heç biri həyata keçirilmir.

Ölkə ərazisində 200 mindən yuxarı əhalisi olan iri şəhərlərdə, eləcə də sənaye profilli inkişaf edən rayon mərkəzlərində atmosfer havasının keyfiyyətinə mütəmadi nəzarət olunur və bunun üçün monitorinqlər keçirilir. Müəyyən vaxtlarda (əsasən də əlverişsiz meteoroloji şəraitdə ) atmosfer havasında çirkləndiriçi qaz qarışıqlarının miqdarının yol verilən qatılıq həddindən artıq olması qeydə alınır. Buna baxmayaraq, ölkənin atmosfer havasının vəziyyəti qənaətbəxşdir. Azərbaycanda atmosfer havasında ekstremal hallar demək olar qeydə alınmır. Başqa ölkələrin ərazisindən Azərbaycana tranzit formada toz burulğanları gələndə nadir hallarda lokal ərazilərdə yüksək çirklənmə qeydə alınır.

Əhalinin ən sıx məskunlaşdığı Abşeron yarımadasında təzyiqlər, təsirlər digər regionlarla müqayisədə daha çoxdur. Bakı, Sumqayıt şəhərlərində havanın keyfiyyətində digər ərazilərimizlə müqayisədə fərq var. Amma ümumi metodologiyaya uyğun olaraq hesablama aparanda şəhərlər də daxil olmaqla havasına görə keyfiyyət pisliyi kriteriyasına düşən şəhərimiz yoxdur.

2000-ci ildə Bakı şəhərində 100 min maşın var idisə, indi bu rəqəm 2 milyona çatıb. Atmosferə atılan tullantıların 1990-cı illərdə 70-80 faizi sənaye müəssisələrinin, 30 faizi isə nəqliyyat vasitələrinin payına düşürdüsə, bu rəqəm indiki zamanda yerini dəyişib. Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa standartlarına uyğun texnologiyaların ölkəyə gətirilməsinə üstünlük verilir.

Bakıda küləkli günlərdə tozun miqdarı lokal ərazilərdə daha çox qeydə alınır. Zamanla Türkmənistan, Ərəbistan yarımadasından toz burulğanlarının atmosfer axınları ilə ölkə ərazisinə daxil olması müşahidə olunur. 1990-cı illərdə bu cür hallar 3-5 ildə bir dəfə qeydə alınırdısa, son dövrlərdə il ərzində 3-4 dəfə müşahidə olunur. Bunun qarşısını almaq mümkün deyil. Ona görə də səhhətində problem olanlar bu cür havalarda qapalı şəraitdə qalsalar daha yaxşıdır.

Milli.Az