Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Fərid Əliyev Musiqili Teatra qayıtdı -

İstedadlı tenor, Akademik Opera və Balet Teatrının aparıcı solistlərindən olan Əməkdar artist Fərid Əliyev bundan sonra yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Akademik Musiqili Teatrında  davam etdirəcək.
2011-ci ilə qədər Akademik Musiqili Teatrın həm rus, həm də Azərbaycan bölmələrində səhnələşdirilən "Şən dul qadın" (F.Leqar), "Maritsa" (İ.Kalman), "Silva" (İ.Kalman), "Çılğın qaskoniyalı" (Q.Qarayev), "Talelər qovuşanda" (R.Hacıyev), "O olmasın, bu olsun", "Arşın mal alan" (Ü.Hacıbəyli) kimi tamaşalarda əsas partiyaları ifa edən Əməkdar artist bu teatra  dönüşünü səhnə fəaliyyətinin yeni mərhələsi adlandırıb və xoş təəssüratlarını bizimlə bölüşüb:

"Akademik Musiqili Teatrın yaradıcı kollektivinin son uğurları məni hədsiz sevindirir və bu qocaman sənət ocağına cəlb edən əsas səbəblərdən biri də teatrın repertuarında olan yeni tamaşalardır. Həmin səhnə əsərlərində özümü müxtəlif obrazlarda görmək istəyim məni bu teatra yenidən qaytardı. İllər əvvəl qaldığım yerdən daha inamla və böyük həvəslə fəaliyyətimi davam etdirmək niyyətindəyəm.

Vurğulayım ki, indiyə qədər Akademik Opera və Balet Teatrında çalışmışam, 30-dan çox tamaşada müxtəlif partiyaları ifa etmişəm. Amma Musiqili Teatrın yeri qəlbimdə tam başqadır. Məni elə ilk gündən belə isti və doğma qarşılayan teatrın rəhbərliyi və kollektivinə dərin təşəkkürümü bildirirəm. Hazırda "Cehizsiz qız" (A.Ostrovski) tamaşasında mənə yenicə həvalə olunan obrazın üzərində məşqlərimə başlamışam. Yaradıcı kollektivimizə uğurlar arzulayıram".

Milli.Az