Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Finalın qəmgin hekayəsi: Oyundan bir neçə gün öncə qızı vəfat etdi, amma...

Bu gün futbol dünyasında gündəm "Sevilya"nın Avropa Liqasındakı növbəti zəfəridir. Hər kəs İspaniya təmsilçisinin uğurundan danışır.

Amma bəzi mənəvi məqamlar var ki, onlar fiziki uğurların kölgəsində qalır. Söhbət Andalusiyalıların müdafiəçisi Nemanya Qudeldən gedir. Onun ailəsində bir neçə gün öncə xoş olmayan hadisə yaşanıb. Nemanyanın hamilə həyat yoldaşı 5 aylıq körpəsini itirib. Məlumatı dolayısı ilə təsdiqləyən qardaşı, “Kordoba”nın müdafiəçisi Draqoşa Qudel olub. "Mən bilirəm ki, o, bizə göydən baxacaq" deyə sosial şəbəkə hesabında paylaşım edib.

Serbiya mediası bu barədə dərhal araşdırma edib və hadisənin həqiqətən baş verdiyini öyrənib. Daha sonra futbolçunun özü bu barədə açıqlama verib:

"Çətin vaxtlardan keçirik, amma mən güclü qalmalıyam. Onun üçün - həyat yoldaşım üçün. İnanıram ki, ailəmiz bunun öhdəsindən gələcək. Dəstəyiniz üçün təşəkkür edirəm, amma mənim üçün narahat olmayın".

Azarkeşlər və "Sevilya" rəhbərliyi Qudeli toparlanmaq üçün erkən istirahətə göndərməyə çalışsalar da, 31 yaşlı yarımmüdafiəçi buna razı olmayıb və hər kəsə diqqətə görə təşəkkür edib.

Nemanya baş məşqçi Xose Luis Mendilibarı inandırıb ki, o, psixoloji cəhətdən "Roma" ilə final matçında oynamağa hazırdır. Nəticədə 62 yaşlı mütəxəsəssis Qudeli start heyətdə meydana buraxıb. Yarımmüdafiəçi 128 dəqiqə ərzində komandasına kömək edib. Yalnız zədələndiyi üçün əvəzlənib. Yekunda Avropa Liqasının qalibi olan serbiyalı futbolçu qazandığı kuboku qızına həsr edib.

Bu, Nemanyanın 2023-cü ildə üzləşdiyi ilk problem deyil. Martda qardaşı Draqoşa Qudel oyun vaxtı huşunu itirərək qazona yıxılıb. Sonradan məlum olub ki, onun ürəyi dayanıb. Həkimlər dərhal meydana qaçıblar, lakin defibrilatorun ilk müdaxiləsi kömək etməyib. Lakin Kordoba həkimləri təslim olmayıblar: Onlar ürək masajı və ürək-ağciyər reanimasiyası verməyə davam ediblər. İkinci boşalmadan sonra futbolçunun ürəyi işə düşüb. O, xilas olub. Qudeli təcili yardım maşını ilə xəstəxanaya aparıblar.

Görünən odur ki, Qudel ailəsi bu ili qarışıq hisslərlə xatırlayacaq. Çünki 2023-də faciələrlə yanaşı, tarixi sevinc də yaşadılar. Çünki Nemanya Qudelin adı futbol tarixinin səhifələrinə həkk oldu.

Heybət Məmmədov