Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Gürcüstan müxalifətinin tələbi: Ruslar üçün...

Müxalif “Gürcüstan naminə” partiyası parlamenti Rusiyadan nəzarətsiz miqrasiyanın məhdudlaşdırılması və rusların vizasız qalma müddətinin 30 günə endirilməsi ilə bağlı qətnaməni dəstəkləməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə “Georgia Online” məlumat yayıb.

Partiya Rusiya vətəndaşlarının sərhədi keçdikdən sonra Gürcüstanda bir il vizasız qalmasına icazə verən rejimin ləğvini təklif edir. Qətnamənin təşəbbüskarları hesab edirlər ki, Rusiya vətəndaşlarının vizasız qalma müddəti altı ay ərzində 30 günə endirilməlidir.

“Bu yolla biz, vəziyyəti eksklüziv olaraq turizm rejiminə keçirə biləcəyik və turizm bundan zərər görməyəcək”, - deputat Mixeil Dauşvili bildirib.

Bundan əvvəl digər müxalifət partiyası Lelo Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi ilə bağlı qanun layihəsini parlamentdə qəbul etməyə cəhd göstərib.

Rusiya vətəndaşlarının Gürcüstana kütləvi miqrasiyası Ukraynada müharibə başlayandan sonra - ötən ilin yazında və payızında başlayıb.

Gürcüstana nə qədər rusiyalının miqrant kimi gəlməsi ilə bağlı dəqiq statistika yoxdur - mövcud qanunvericiliyə görə, onlar ölkədə bir ilədək qala bilərlər və bütün bu müddət ərzində onlar turist sayılırlar.

İcazə verilən qalma müddəti bitdikdən sonra sərhədi keçmək kifayətdir və növbəti illik dövr üçün geri sayım yenidən başlayır. Ekspertlər Rusiyadan gələn miqrantların sayını ən azı 100-120 min nəfər hesab edirlər.

Gürcüstanda Rusiya vətəndaşları üçün vizasız rejim birtərəfli qaydada fəaliyyət göstərir - Rusiyaya getmək üçün Gürcüstan vətəndaşlarına viza lazımdır ki, bu da üzrlü səbəblər olduqda verilir.

Gürcüstan hakimiyyəti dəfələrlə bəyan edib ki, rusların ölkəyə kütləvi miqrasiyasında heç bir təhlükə görmürlər.

ABŞ Milli Demokratiya İnstitutunun apardığı son sorğu göstərib ki, respondentlərin 69%-i rusların Gürcüstana kütləvi miqrasiyasının mənfi təsirindən qorxur. Digər 17% bunun müsbət təsir edəcəyinə inanır.

Eyni zamanda, 57% Gürcüstan hakimiyyətinin Rusiya vətəndaşlarının ölkəyə girişinə loyal yanaşmasını qəbuledilməz, 29% - məqbul hesab edir, 13% isə "bilmirəm" cavabı verib.

Ayşən