Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Hələ ki ad çəkə bilmərəm, inanıram ki, bir gün Azərbaycanda da belə olacaq...” - FOTO

"Bilirsiniz ki, bir neçə gündür Bakıdayam. Sayca 2-ci dəfə keçirilən "4.4 qısa tamaşalar festivalı"-nın münsiflər heyətindən biriyəm. Münsiflər heyətində məndən başqa Aydın Talıbzadə, Əli Əmirli, İsrafil İsrafilov, Mehriban Ələkbərzadə də var. Onların hər biri öz sənətlərinin peşəkarıdırlar. Festival çox gözəl bir şəkildə təşkil olunub. Dünyanın bir çox ölkələrindən bura qonaqlar gəlib. Yerli tamaşalar da nümayiş etdirilir. Hələ ki, ad çəkə bilmərəm, valeh olduğum tamaşalar da var, daha yaxşı ola bilərdi dediklərim də. Gənc rejissorların tamaşaları ümid verir. Amma peşəkar, mükəmməl deyil. Bu gün festivalın bağlanış mərasimidir. Biz bir neçə gündür müzakirələr edirik, qərarlarımızı veririk. Nəhayət ki, bu axşam Akademik Musiqili Teatrının səhnəsində qaliblərin adı açıqlanacaq".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a xalq artisti Cahangir Novruzov deyib. O daha sonra bir neçə gün öncə keçirdiyi təlimdən danışıb.

"Bu təlim, ustad dərsi aktyorlar üçün idi. Azərbaycanda teatr sənətimizdəm çox görkəmli sənətkarımız dərs deyir. Stanislavski sisteminin dərsi dünyanın bir çox ölkələrində öyrədilir. Bu hardasa insanın psixoloji molekulyar səviyyədə dəyişməsinə səbəb olur. Vaxt olub ki, rollarımı gözəl oynamışam. Bəzən isə bu o qədər də yaxşı olmayıb. Enerji deyilən bir şey var, o havadan yaranmır. Onu gərək içində yaradasan. Onun da mexanizmi var, uşaqlara öyrətmək lazımdır. Necə ki, anatomiyanı gözəl bilməyən rəssam insan şəkili yarada bilməz", - deyə sənətkar bildirib.

Sənətkar Türkiyədəki fəaliyyətindən də danışıb.

"Mən Bakıda doğulsam da ömrümün bir çox hissəsini oradan uzaqda keçirmişəm. 10 il Şəkidə işləmişəm, daha sonra Moskvada, Leninqradda, indi də Türkiyədə universitetdə dərs deyirəm. Hətta sizə deyim ki, mən Türkiyəyə gedəndən sonra həyat yoldaşım da ora gəldi, dedi ki, şükür Allaha, daha bir yerdə yaşayacağıq. 26 ildir ki, orada dərs deyirəm. Mən orada olan gənc aktyor nəslinin yetişməsində böyük rol oynayıram. Tələbələrim orada filmlərdə çəkilir, tanınmış teatrlarda rol alırlar. Elə tələbələrim var ki, onları Türkiyədə yox, ərəb ölkələrində tanıyırlar. Çünki bəzi film və seriallar həmin ölkələrdə izlənilir. Ordan qazandığı pullarla teatr açırlar. Onlar bu pulları sənət üçün xərcləyirlər. İnanıram ki, Azərbaycanda da bir gün belə olacaq", - deyə sənətkar bildirib.

Sənətkar anası, görkəmli teatr və kino aktrisası Nəsibə Zeynalovanı da xatırlayıb.

"Nəsibə xanıma mən bir ana kimi hər zaman minnətdaram. Mən tək övladam. Anam çox zarafatcıl qadın idi. Sözün altından çox gözəl, ustalıqla çıxardı. Günlərin bir günü ona dedim ki, ay ana, mən niyə təkəm? Bir bacım, qardaşım olsaydı, toyda bəylik kostyumumu bacım tutsaydı. Dedi ki, az danış, Allah təkdir, sən də təksən (gülür). Amma tək olmadım, anam Azərbaycan xalqını mənə bacı, qardaş etdi", - deyə sənətkar bildirib.

Milli.Az