Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Hacı Şahin həmin fotodan DANIŞDI: "Fəaliyyət istiqamətimizə ziddir"

“Bizi müxtəlif şirkətlər məhsullarının hallalığına rəy vermək üçün dəvət edirlər. Biz də yerində məhsulun hazırlanması prosesini izləyirik”.

Publika.az Modern.az-a istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı hacı Şahin Həsənli kolbasa firmasını reklam etməsi ilə bağlı ittihamlara münasibət bildirərkən deyib.

Tanınmış din xadimi kolbasa şirkətini ziyarət etməsinin reklam olmadığını söyləyib:

“Bu, reklam deyil. Mən ömrüm boyu reklamla məşğul olmamışam. Bundan sonra da belə fikrim yoxdur. Çünki bu fəaliyyət istiqamətimizə ziddir. Qafqaz Müsəlmanlar İdarəsində bu məsələ ilə bağlı komissiya var. Halallığı müəyyən etmək üçün din xadimləri yerlərdə müəssisələri ziyarət edirlər. Mən də həmin kommisiyanın üzvüyəm. Burada təəccüblü bir şey yoxdur. Dünyanın bütün yerlərində din xadimləri bu məsələ ilə bağlı rəy verir. Təbii ki, məhsulun digər standartlara uyğun olub-olmamasını digər qurumlar müəyyənləşdirir”.

Qeyd edək ki, sosial şəbəkələrdə tanınmış din xadimləri hacı Şahin Həsənli, hacı Surxay Məmmədli, hacı Eldayaq Hüseynov və hacı Natiq İsayevin kolbasa məhsulları şirkətini ziyarət etməsi birmənalı qarşılanmayıb.