Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Hava şəraitinin dəyişməsi ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Mart ayının 30-u gündüzdən başlayaraq ölkə ərazisində havanın kəskin dəyişməsi ilə bağlı Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq olunub.

Mərkəzdən Publika.az-a verilən məlumata görə, bununla yanaşı, gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq işlərin görülməsi istiqamətində təlimatlandırılıb.

Lövbərdə duran, hərəkətdə olan gəmilərə üç dildə azərbaycan, rus, ingilis dillərində rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb. Dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar da hadisə ilə bağlı məlumatlandırılıb.

Aprelin 2-dək davam edəcək həmin günlər ərzində Xəzər Dəniz Akvatoriyasında şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-4.0 m, sonrakı inkişafda 5.5-7.5 m.çatacağı proqnozlaşdırılır.

Hazırda Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.