Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Helikopter qəzası və “informasiya qəzası”

Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması Azərbaycanda hər kəsi sarsıdıb. Yüksək rütbəli zabitlərin içində olduğu hava gəmisi yerə düşüb. 14 nəfər həlak olub. Çox ağır hadisədir, çox böyük itkidir.

Baş Prokurorluqda hadisə ilə bağlı cinayət işi qaldırılıb. İstintaq başlanıb. Qəzanın baş vermə səbəbləri araşdırılır. Diqqətlə və obyektiv araşdırmalar aparmaq lazımdır. Bu, dövlətin həm həlak olanların xatirəsi qarşısında, həm də onların ailə üzvləri və bütövlükdə cəmiyyət qarşısında borcudur. Heç bir ehtimalı, o cümlədən, insan faktorunun rolunu istisna etmək olmaz. Hətta terror aktı versiyasını da. Hərçənd DSX rəisi deyib ki, kənar təsirlərin olmadığı dəqiqdir. Yenə də ən kiçik ehtimal belə çox böyük diqqətlə araşdırılmalıdır.

Artıq cəmiyyətdə bu hadisə ilə bağlı müxtəlif versiyalar yaranıb, şaiyələr dolaşır. Bu, cəmiyyətin belə hadisələrə, bu cür ağır itkilərə həssaslığından doğur; qəzanın mümkün səbəbləri haqqında xeyli suallar verilir, məlumat istənilir. Bu da təbiidir və yerindədir; cəmiyyətin öz suallarına vaxtında, dəqiq və dolğun cavab almaq haqqı var. İnformasiya almaq insanın, vətəndaşın halal haqqıdır. Ancaq nə məlumatları qəsdən gecikdirmək, daha pisi gizlətmə doğrudur, nə də hadisədən dərhal sonra bütün suallara tam dəqiq və dolğun cavab vermək. Dediyimiz kimi, bu cür tam dəqiq və dolğun məlumatlar VAXTINDA veriləcək. "Vaxtı nə vaxtdır?" deyə sual yaranır: hərtərəfli və obyektiv araşdırmadan sonra.

Hə, bu araşdırma ləng aparıla bilər, bilərəkdən, ya da bilməyərəkdən vaxt uzadıla bilər - bunlar da zamanla ortaya çıxar. Amma hadisə bu gün olub, istintaq yeni başlayıb, bəzi insanlar niyə qəzanın səbəbləri haqqında dəqiq məlumat verilmədiyindən qəzəblənir. Bəli, itkinin ağırlığı emosiyalarımıza təsir edir. Ancaq hadisə gərək araşdırıla bilsin ki, dəqiq və dolğun məlumat da verilə bilsin. Bunda heç bir tərəfdən ifrata yol vermək olmaz. İlkin məlumatlar verilir, sonra isə yeni məlumatlar əldə olunduqca cəmiyyətə açıqlanır. Elə informasiyalar da olur ki, ya hərbi sirr xarakteri daşıyır, ümumiyyətlə, açıqlanmaya bilər. Elə məsələlər də olur ki, istintaqın sirri olduğu üçün məhkəməyə qədər sirr olaraq qalır. Bütün hadisələrə, bütün hallara eyni davranış modeli tətbiq etmək olmur axı. Həm də belə ağır hadisələrlə bağlı informasiya ehtiyatsızlığı özündən də ağır hadisələrə səbəb ola bilər. Təşvişə, xaotik hərəkətlərə səbəb ola bilər. Təsəvvür edin ki, hadisədən bir saat keçməmiş kimlərsə sosial mediada qəzanın terror olduğunu, yaxud səhlənkarlıqdan baş verdiyini yazıb paylaşır. Əlində heç bir dəqiq faktı, heç bir tutarlı dəlili olmadan. Artıq bəri başdan cəmiyyət bir versiyaya kökləndirilir. Əslində isə əsl səbəbi tapılmayınca, bütün versiyalar eyni dərəcədə qiymətləndirilir. İstintaqın gedişində onlardan hansısa biri reallığa daha yaxın dəyərləndirlir. Amma sona qədər hər ehtimala baxılır. İstintaq elə bunun üçün var. Elə deyilmi?! Biz məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan müttəhimi "cinayətkar" adlandıra bilmərik - təqsirsizlik prezumpsiyası hər kəsin Konstitusion hüququdur. Eynilə də hansı versiya təkzibolunmaz dəlillər, dəqiq ekspertiza rəyləri və gerçək şahid ifadələri ilə təsdiqlənibsə, biz onu əsas tutmalıyıq.

Məsələn, bütün qətl hadisələrini mütləq bəri başdan qəsdən adam öldürmə hesab etsək və bunu araşdırmadan qərara bağlasaq, onda həbsxanalarda yer çatmaz. Ehtiyatsızlıqdan adamöldürmə var, səhlənkarlıq üzündən ölümə səbəb olma var, zəruri müdafiə həddində adamöldürmə var, anlaqsız vəziyyətdə adamöldürmə var, özünüöldürmə həddinə çatdırma var və sair.

Hadisələrə sxematik və birmənalı yanaşmaq olmaz, analitik təfəkkürlə yanaşmaq lazımdır. Hər hadisənin səbəblərini və başvermə şəraitini ayrı-ayrılıqda nəzərdən keçirmək lazımdır. Doğulan hər kəs bir gün ölür, ancaq hamı eyni səbəbdən, eyni şəraitdə, hətta hamı eyni xəstəlikdən ölmür axı. Anlayıram, deduksiya. Amma induksiya da var. Təkcə inteqrallaşma yoxdur, differensasiya da var. Riyaziyyat, fəlsəfə... resept verib bizə. Bir az əvvəlki misallardan göründüyü kimi, hüquq da onu deyir. Üstəlik Əlahəzrət Tarix də var.

Helikopter qəzasına qayıdaq. Səbəblərindən asılı olmayaraq, dünyanın bütün ölkələrində baş verir.

Son bir ilin xronikasına baxdım. Harda hərbi və ya mülki helikopter qəzası olmayıb ki?! ABŞ, Çin, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Yaponiya. Dünyanın "Böyük Yeddilik" ölkələridir - ən inkişaf etmiş olanlar. Eləcə də, Rusiya, Türkiyə, İran və sair. Son iki ilin hadisələri isə saysız-hesabsızdır. Hindistan, İndoneziya, Meksika, Ukrayna, İspaniya, Portuqaliya, Latviya, Polşa, Səudiyyə Ərəbistanı, Venesuela, Tayvan, İraq, Yeni Zelandiya, Filippin, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Argentina, Əfqanıstan...

Sadəcə, elektron axtarış sistemlərində bir az vaxt sərf etməklə bu faktları yoxlamaq olar.

Bütün bu qəzaların hamısında da itkilər var. Elə Türkiyədə bu yaxınlarda hərbi helikopter qəzaya düşdü. Bir general və xeyli yüksək rütbəli zabit həlak oldu. 13 nəfər. Çox ağır itki idi. Orda da milli müdafiə naziri çıxdı, açıqlama verdi, dedi ki, araşdırma aparılır, ətraflı və dəqiq məlumat araşdırmadan sonra veriləcək. Amerikada da bu cürdür, Rusiyada da, Kanada da belə edir, Meksika da, Çin də, Argentina da. Bizdə bəziləri nədənsə o dəqiq və hərtərəfli məlumatı araşdırmadan qabaq - yəni araşdırmadan istəyirlər. Bu da ən azı təəccüblüdür. Başa düşə bilərəm ki, araşdırma aparanlara etimad azdır və ya heç yoxdur. Vətəndaş düşünə bilər ki, filan cinayət işində saxtakarlıq oldu; hadisəyə dair ilkin protokol obyektiv yazılmadı, dəlillər dəyişdirildi, ekspertiza rəyi quraşdırıldı, şahidlər qabaqcadan öyrədildi və sair. O işdə istintaq obyektiv olmadısa, bu boyda hadisənin gerçək səbəblərini niyə gizlətməsin ki?! Hə, belə düşünürüksə, bunun da yolu mülki cəmiyyət institutlarının ictimai nəzarətidir və sair. Ancaq konkret bu hadisəyə baxsaq, qapalı sistemdə baş verib, ictimai nəzarət yox. Media yaxın buraxılmaz - hərbi obyektdir, hərbi məsələdir. Özümüz araşdıra bilmirik, araşdırana da inanmırıqsa, bəs nə edək?! Şaiyələrlə bəslənək?! Hər bir halda dəqiq və dolğun məlumat üçün araşdırmanın nəticələrini gözləməkdən başqa çarə yoxdur. Bu gün cavabını ala bilməyəcəyimiz sualları da o zamana saxlayaq. Bir sözlə, ən azı bugünkü helikopter qəzası qədər çox böyük bir fəlakət - "informasiya qəzası" törətməkdən də biz çəkinək. Həqiqətə xidmət təkcə hamıdan qabaq məlumat vermək deyil, gerçək məlumat verməkdir. Daha dəhşətlisi, "informaya qəzası" isə gerçəkləri xalqdan gizlətmək olardı...

Ancaq düşünürəm ki, Baş Prokurorluq ilkin versiyanı çox da gözlətməz, çünki "qara qutu" oxunduqdan sonra cəmiyyətə deməyə bir söz olacaq mütləq.

Bahəddin Həzi,

Bizimyol.info