Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Hindarx qəsəbəsinin su problemi -

Ağcabədi rayonu Hindarx qəsəbəsinin sakinlərinin "Problem"ə üz tutmaq səbəbi su problemidir. Onlar illərdir istifadə etdikləri artezian quyusunun sıradan çıxması səbəbindən bu problemlə üz-üzə qalıblar. Artıq bir neçə aydır ki, qəsəbə sakinləri su təminatlarını bildikləri və imkanları çatan yollarla ödəməyə çalışırlar. Kimi qonşu yaşayış məntəqələrindən əl ilə su daşıyır, kimi də maşınla su almağa üstünlük verir. Birinci vasitə onlardan fiziki güc tələb edirsə, digəri maddi durumlarına zərbə endirir.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, yaranmış vəziyyətdən əziyyət çəkən Sakinlər problemdən çıxış yolunu da özləri təklif edirlər.

Biz də sakinlərin problemini əlaqədar quruma - Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə çatdırdıq. Qurumdan problemdən agah olduqlarını bildirdilər. Səbəb kimi isə subartezian quyusunun istismar müddətini başa vurduğunu və yay fəsli hökm sürən quraqlığın yeraltı suların qurumasına gətirib çatdırdığını qeyd etdilər. Onu da əlavə etdilər ki, Hindarx qəsəbəsində, daha dəqiq, elə əvvəlki quyunun yaxınlığında yeni subartezian quyusu qazılacaq.

Biz də bu problemin tezliklə geridə qalacağına ümid edirik.

Milli.Az