Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

IGB tədarüklərin təhlükəsizliyinin və diversifikasiyasının artırılması üçün imkanlar təmin edir

IGB tədarüklərin təhlükəsizliyinin və diversifikasiyasının artırılması üçün imkanlar təmin edir

Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) regionda enerji rabitəsini yaxşılaşdırmaqla tədarüklərin təhlükəsizliyinin və diversifikasiyasının artırılması üçün imkanlar təmin edir.

Trend-in məlumatına görə, bu barədə ICGB boru kəməri operatorunun icraçı direktoru Teodora Georgiyeva Salonikidə keçirilən konfransdakı çıxışında deyib.

O, istər milli, istərsə də beynəlxalq səviyyələrdə təbii qaz tədarükü üçün yeni təhlükəsiz marşrutun yaradılması kontekstində IGB-nin rolundan danışıb.

"IGB-nin buraxılış qabiliyyəti hazırda ildə 3 milyard kubmetr qaz təşkil edir ki, bu da Bolqarıstanın ümumi istehlakına bərabərdir. Diversifikasiyalaşdırılmış mənbələrdən Qərbi Balkanlara tədarük üzrə birgə iş, həmçinin, Moldova və Ukraynaya qaz nəqli variantlarının təqdim edilməsi hazırda operator kimi ICGB üçün əsas prioritet təşkil edir və bunun Avropanın bu istiqamətdəki səylərinə də uyğun gəldiyini görürük", - Georgiyeva deyib.

O diversifikasiyanın artıq reallıq olduğunu qeyd edib.

"IGB-nin işə salınması ilə buna artıq nail olunub. Layihə müəssisələrin və məişət istehlakçılarının isidilməsini təmin etməyə köməklik göstərməklə oyunun qaydalarını dəyişir", - Georgiyeva əlavə edib.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Hazırki istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.

Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.