Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İlham Əliyev: Bolqarıstan şirkətlərini azad olunmuş ərazilərə dəvət edəcəyəm

Mən Bolqarıstan şirkətlərini Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət edəcəyəm, o cümlədən işğaldan azad olunmuş ərazilərə.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

Dövlət başçısı deyib: "Mən bu gün Bolqarıstanın bir neçə aparıcı şirkətinin rəhbərləri ilə görüşəcəyəm. Artıq görüşlər üçün mövzular da kifayət qədərdir. Əminəm ki, bu görüş bütövlükdə iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox önəmli rol oynayacaq. Eyni zamanda, mən Bolqarıstan şirkətlərini Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət edəcəyəm, o cümlədən işğaldan azad olunmuş ərazilərə. Hazırda orada böyük quruculuq-abadlıq işləri aparılır və biz dost ölkələrin şirkətlərini orada görmək istərdik.

Bir sözlə, bu gün aparılan müzakirələrin və hələ davam edəcək müzakirələrin, - biz Prezident Radevlə hələ axşam bərabər olacağıq, mənim Baş nazirlə görüşüm olacaq, sabah tədbirdə bərabər iştirak edəcəyik, - çox gözəl bir ab-havada keçən bu görüşlərin çox böyük əhəmiyyəti var və olacaq".

Milli.Az