Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"İmam Mehdi"yə bu qədər zəkat verib

"Özünü imam Mehdi kimi təqdim edən şəxsə 7 min 200 manat zəkat vermişəm".

Publika.az Report-a istinadla xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə qapalı keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində Azər İslamov deyib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxslə 2003-cü ildə qohumu vasitəsilə tanış olub:

"Hərbçi olmuşam. O, mənə özünü 12-ci imam Mehdi kimi təqdim edirdi. Aqil təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyirdi. O, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayırdı. Hər zaman mənə deyirdi ki, dinin əsas qaydalarından biri odur ki, zəkat verim. Ona görə də 2007-2012-ci illər arası zakat verməyə başladım. Mənə söyləyirdi ki, bu zəkatlar aztəminatlı ailələr və şəhid ailələrinə yardım edilməsi üçün yığılır. Bir müddət maddi sıxıntım oldu, zəkat verə bilmədim. Lakin 2017-2021-ci illər arası yenidən zəkat verməyə başladım. Ümumilikdə, Aqilə 7 min 200 manat zəkat vermişəm. 2021-ci ildə artıq hamımız anladıq ki, bu insan dələduzluq edir. Belə olan halda da hüquq-mühafizə orqanlarına müraciət etdik".

A.Babayev zərərçəkmişin dedikləri ilə razı olmadığını söyləyib.

Təqsirləndirilən şəxs qeyd edib ki, zərəçəkmiş A.İslamov onun sürücüsü olub: "Azərə müəyyən maddi yardımlar etmişəm. Onun hazırda yaşadığı evi də mən almışam".

Daha sonra zərəçəkmiş A.İslamovla A.Babayev arasında mübahisə yaranıb. Onlar bir-birilərinə təhqiramiz ifadələr işlədiblər.

Məhkəmənin növbəti iclası dekabrın 13-nə təyin edilib.

Qeyd edək ki, A.Babayev zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub.

İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib. O, təşkil etdiyi dini məclislərdə guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.

Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. O, topladığı vəsaitlər hesabına xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. A.Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.