Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İmmunitetinizə "təcavüz" etməyin, ölə bilərsiniz! - Həkim

Payız-qış dövründə bir çoxları müxtəlif yollarla immunitetini artırmağa çalışır. Lakin vitaminlər və dərmanların köməyi ilə immuniteti qaldırmaq cəhdləri orqanizmə heç bir fayda verməyəcək.

Publika.az xəbər verir ki, bu sözləri toksikoloq, yüksək kateqoriyalı həkim Aleksey Vodovozov "Sputnik.ru" radiosuna müsahibəsində deyib. Həkim bildirib ki, güclü immun reaksiyaya ehtiyacımız yoxdur.

"Məsələn, otoimmün patologiya daha güclü immun reaksiyadır. Yaxud da hiperimmun reaksiya, bu, COVID-19 zamanı immunitetin yüksəlməsi nəticəsində insanların ölümünə səbəb olan sitokin fırtınasıdır. Yaxşısı budur ki, immun sistemə toxunmayın. Biz bununla yalnız immunitetin işini çətinləşdirə bilərik. Xoşbəxtlikdən o, adətən bizim bu kimi "təcavüzlərimizə" reaksiya vermir. Biz hər şeyi içə bilərik, amma bu immunitetə təsir etməyəcək. İnsanlar "güclü immun reaksiya" əldə edə bilsələr, bu, allergiya, hiperimmun reaksiyalar kimi fəsadlarla nəticələnəcək. Yadda saxlayın ki, əgər insan sağlam həyat tərzi keçirirsə, immun sistemi təhdidlərə adekvat cavab verə bilir. Həddindən artıq yemək, fiziki hərəkətsizlik, həddindən artıq stress, yuxusuzluq və.s bu kimi hallar immun sisteminə pis təsir edir. Ona görə də şərti olaraq, bu amilləri aradan qaldırmaqla ona kömək edə bilərik. Yəni, normal qidalanmaq, həddindən artıq yeməmək, çəkini stabil saxlamaq, hərəkət etməyə çalışmaq kifayətdir. Bu, bütün orqan və sistemlərin, o cümlədən immunitetin düzgün işləməsini təmin etmək üçün kifayət edəcək", - Aleksey Vodovozov yekunda qeyd edib.

Aytən Məftun