Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Kremldən İrəvana ikinci zərbə: ermənilər kimin əlinə oynayır? - DETALLAR AÇILDI

Son günlər Ermənistanın təxribatları öz istiqamətini dəyişib. Ermənilər indi sərhəddə deyil, rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdə təxribatlar gerçəkləşdirməkdədirlər. Onlar gah odlu silahdan istifadə edirlər, gah da Ermənistandan olan deputatları Xankəndiyə qeyri-qanuni yollarla gətirməklə məşğuldurlar.

Bütün bunlar Azərbaycan və Ermənistan rəhbərlərinin 15 dekabrda nəzərdə tutulan Brüssel görüşü öncəsi baş verir. Azərbaycan isə erməni təxribatlarının qarşılığında qarşı tərəfə humanist davranır. 16 noyabr hadisələrində tərk-silah etdiyi 10 diversantı mina xəritələrinin qarşılığında Ermənistana geri qaytarır.

Ermənistan törətdiyi təxribatlarla nəyə nail olmaq istəyir? Kreml İrəvanın sürətlə Qərbə meyllənməsinə qarşılıq olaraq nə kimi addımlar ata bilər?

Bütün bunları keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla müzakirə etdik.

Politoloq Publika.az-a müsahibəsində söylədi ki, Kreml Rusiyaya ikinci zərbəni də vura bilər.

- Tofiq müəllim, ermənilərin sülhməramlıların nəzarəti altındakı ərazilərdəki təxribatlarının arxasında nə dayanır? Brüssel görüşü öncəsi Ermənistan tərəfi bu cür addımlarla nəyə nail olmaq istəyir?

- Bilirsiniz, düşünürəm ki, 15 dekabrda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan rəhbərlərinin Brüssel görüşünə düzgün qiymət verilmir. Çünki Brüssel görüşü yeni danışıqlar formatı deyil. Hansısa sənədlərin hazırlanması, onun imzalanması ilə bağlı bir məlumat da yoxdur. Uzaqbaşı, görüşdən sonra bəyanat qəbul olunacaq. Yəni söhbət mətbuat üçün açıqlama xarakterli bəyanatlardan gedir. Bu baxımdan baş verən son gərginlikləri Brüssel görüşü ilə əlaqələndirməyin tərəfdarı deyiləm. Amma bir nüansı qeyd etmək lazımdır ki, Ermənistanda çox maraqlı proseslər baş verir.

- Söhbət hansı proseslərdən gedir?

- Bizim Ermənistanla Rusiya arasındakı münasibətlərin böhran səviyyəsində olmasından xəbərimiz var idi. Amma hazırkı durumda bu böhran daha da dərinləşməkdədir. Ermənistan parlamentində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı ciddi müzakirələr gedir. Bununla bağlı məlumatlar da yayılıb. Digər tərəfdən, 15 dekabrda Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşə də Ermənistanda çox ciddi önəm verilir. Bununla da İrəvan göstərmək istəyir ki, Moskvadan başqa erməni tərəfi Qərbin də dəstəyini ala bilər. Bu baxımdan baş verən son hadisələri Brüssel görüşü ilə bağlamaq inandırıcı görünmür. Eyni zamanda Brüssel görüşünün motivlərini başa çatmış münaqişəyə yox, daha çox Rusiya-Ermənistan əlaqələrinə bağlamağın tərəfdarıyam.

- Son təxribatlarla Ermənistan Rusiyaya hansı ismarışları göndərmək istəyir; yəni sən mənə arxa durmadın, mən də Qərbin yolunu tutdum?

- Bəli. Bu, belədir. Bu cür gedişləri biz 44 günlük müharibədən əvvəl də görürdük. Yadınızdadırsa, o vaxt bir çoxları deyirdilər ki, Rusiya müharibədə Ermənistanın yanında dayanacaq. Moskva İrəvanı müdafiə edəcək – kimi fikirlər səsləndirirdilər. Bəli, bu istiqamətdə hansısa hərəkətlər olub. Amma müharibə dövründə Moskva İrəvanı gözlənilən səviyyədə müdafiə etmədi. Ona görə də belə bir duruma, vəziyyətə qarşı Ermənistan ictimaiyyətində böyük narazılıq mövcuddur. İndiki məqamda baş nazir Nikol Paşinyanın əsas xətti ondan ibarətdir ki, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarsın və öz siyasətini Qərbə doğru yönəltsin. Bununla da Paşinyan Qərbdən maliyyə və digər köməkləri almaq istəyir. Rusiyanın Ermənistana lazımi səviyyədə kömək etmək istəmədiyini Paşinyan yaxşı başa düşür. Eyni zamanda iqtisadi baxımdan da buna imkan yoxdur. Ermənilərin ölüm-dirim məsələsi odur ki, Rusiyadan qopub Qərbə getsinlər. Ermənilər Brüssel görüşündən və digər məsələlərdən də, təxribatlardan da bu istiqamətdə yararlanmaq üçün istifadə edirlər.

- Yaranan vəziyyət fonunda rəsmi Bakı hansı addımları atmalıdır?

- Hesab edirəm ki, Azərbaycan da ilk növbədə bu istiqamətdə öz maraqlarına uyğun siyasətini həyata keçirməlidir. Biz təxminən Türkiyə kimi siyasət yürütməliyik. Yəni Qərblə Rusiya arasında öz maraqlarımızı təmin edən addımlar atmalıyıq.

- Ermənistan Rusiyanın da fikirlərinə əks gedərək Zəngəzur dəhlizi, sərhədlərin demarkasiya və delimitasiya məsələlərindən boyun qaçırsa, Azərbaycanın buna diplomatik müstəvidə, başqa formalarda hansı cavabı olacaq?

- Bilirsiniz, burada məsələnin iki tərəfi var. Birincisi, biz başa düşməliyik ki, söhbət Zəngəzur dəhlizindən gedirsə, orada Rusiyanın siyasi və iqtisadi maraqları mövcuddur. İlk növbədə, Rusiya ona görə bu dəhlizin açılmasında maraqlıdır ki, bu kommunikasiya xətti rusiyalı sərhədçilərin nəzarətində olacaq. Hər halda 10 noyabr üçtərəfli bəyanatında belə göstərilir. İkincisi, Azərbaycanın marağı ondan ibarətdir ki, dəhlizə nəzarət Ermənistandan alınsın və Rusiyaya verilsin. Ən azından buna cəhd etməliyik. Gələcək addımlar üçün ilkin addım olaraq bu nüans qəbul oluna bilər. Mən bunu öz strateji xəttimizə uyğun addım hesab edirəm. O ki qaldı demarkasiya və delimitasiya mövzusuna, mən hesab edirəm ki, bu proseslərdə Rusiya vasitəçilik təklif edərkən prosesə nəzarəti öz əlində saxlamaq istəyir. Onlar başa düşürlər ki, artıq Qarabağ mövzusu Ermənistana və Azərbaycana təsir mexanizmi kimi bəlkə də öz aktuallığını itirib. İlk önə çıxan məsələ isə sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizidir. Bu da bizim strateji maraqlarımıza uyğundur.

- Bəs nəyə görə Qarabağ məsələsi hər iki ölkəyə təsir mexanizmi kimi aktual deyil?

- Bu siyasi amili işlək vəziyyətdə saxlamaq üçün çoxlu sərmayə sərf etmək lazımdır. Orada yaşayan ermənilərin həyat və şəraitlərini yaxşılaşdırmaq labüd olacaq. Bu da başadüşüləndir. Bölgəni idarəetmə sistemi sərhəddə də, Zəngəzur dəhlizində də icra oluna bilər. Ona görə bəlkə də Qarabağ məsələsinin əhəmiyyəti Rusiya üçün azalmaqdadır. Mən belə düşünürəm. Biz strateji baxımdan görəcəyik ki, bununla bağlı Rusiyanın maraqları azalacaq. Əsas diqqət sərhədə və Zəngəzur məsələsinə yönələcək. Bu, proseslərin təxmini gedişidir. Nələrin baş verəcəyini zaman göstərəcək, amma ümumi tendensiya belədir.

- Artıq Ermənistanın Qərbə meyllənməsi prosesi sürətlənib. Bunu son günlər daha aydın şəkildə müşahidə etmək mümkündür. Belə olan halda Moskva ona tabe olmaq istəməyən İrəvanı cəzalandıra bilərmi?

- Mən bunu istisna etmirəm. Bunun üçün biz yaxın tarixə də nəzər sala bilərik. Görəcəyik ki, Gürcüstanda qərbmeylli siyasət güclənərkən Moskva tərəfindən Tiflisə qarşı hansısa həmlələr baş verdi. Elə Ukrayna məsələsini də götürə bilərik… Bunu bir növ siyasi adət-ənənə də adlandırmaq olar. Belə götürəndə, bu və ya digər şəkildə Qarabağ mövzusu ilə artıq birinci zərbə ermənilərə vurulub. Mən ikinci zərbənin vurulmasını istisna etmirəm. Bizdə bəzi stereotiplər formalaşıb. Deyirlər ki, guya Qarabağ məsələsinin üçüncü ölkənin əlində olması, kimin əlində olması önəmlidir, yaxud ruslar həmişə Ermənistanı dəstəkləyirlər və sair. Anlamalıyıq ki, hər şey maraqlar üzərində qurulub. Bu baxımdan da hesab edirəm ki, bizim taktika və strategiyamız bir növ Türkiyənin taktika və strategiyasına bənzər olmalıdır. Baxın, Türkiyə özünün hansısa maraqları üçün Qərblə əlaqələrini inkişaf etdirir. Digər tərəfdən, Rusiya ilə əməkdaşlıqda da maraqlıdırlar, onlardan silah ala bilərlər. Bu baxımdan biz də həmin nüansı diqqətdə saxlamalıyıq. Əgər Ermənistanı kimsə vurmaq, cəzalandırmaq istəsə, heç olmasa, biz də bu məsələdən öz xeyrimizi götürməliyik. Hər halda ermənilər tarix boyu bu cür siyasət yürüdüblər. Hər bir şeyi Rusiya imperiyasının və yaxud Sovet İttifaqının əli ilə gerçəkləşdiriblər. Bizim olanı onların əli ilə bizdən alıblar. Bu baxımdan biz praktik bir mövqe tutmalıyıq.

- İndiki mərhələdə Qərbin müşahidəçi və ya digər “missiya” adı altında Azərbaycan və Ermənistan sərhədinə gələcəyi nə dərəcədə inandırıcıdır?

- Doğrusu, Qərbdə bu cür hazırlıq görmürəm. Fikrimcə, onlar maliyyə baxımından hansısa dəstək verməyə hazırdırlar. Amma Qərbin oraya gəlməsi hərbi baxımdan çox çətin görünür. Baxın, Estoniyada təxminən 800-ə yaxın Britaniya əsgəri mövcuddur. Bəzi məlumatlara görə, onlardan Ukraynanın ərazisində də var. Bu baxımdan Ermənistanda Qərbin hərbi qüvvələrinin yerləşməsi Rusiya tərəfindən qəbul olunmayacaq. Moskva buna ciddi reaksiya verəcək. Digər tərəfdən, Qərb qüvvələrinin Ermənistana gəlməsi ilə bağlı hazırlıq da istənilən səviyyədə deyil. İnanmıram ki, Fransadan başqa kimsə Ermənistana öz müşahidəçilərini göndərsin.

- Bir neçə gün öncə erməni diversant qarşılığında mina xəritələrinin tamamilə Ermənistandan alınması oldu. Bununla bağlı mövqeyinizi öyrənmək istərdik…

- Bu, bizim üçün çox vacib bir məsələdir. Baxın, son 1 il ərzində 30-dan çox hərbçi və mülki şəxs mina partlayışları nəticəsində ya həlak olub, ya da zərər çəkib. Bu baxımdan mina xəritələrinin alınması çox vacib məsələdir. Digər tərəfdən, Ermənistanın bu vaxta qədər mina xəritələrini verməməsi 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatın müddəalarının kəskin şəkildə pozulması deməkdir. Orada deyilir ki, atəşkəs olmalıdır, hərbi əməliyyatlar dayandırılmalıdır. Mina müharibəsi də müharibənin ən vacib növüdür. Ermənistanın bu vaxta qədər həmin xəritələri verməməsi məlum sənədin ciddi pozuntusu idi. Həmin xəritələrin həqiqətə nə qədər uyğun olacağı da gələcəyin məsələsidir. Doğrusu, mütəxəssis olmadığım üçün bu nüansla bağlı məndə hər hansı bir fikir yoxdur. Amma bu xəritələr olsa da, olmasa da həmin ərazilər minalardan tam şəkildə təmizlənməlidir.

Tural Turan