Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Əlil və tennisçi nazir təyin edilib

Fransada Yelisey Sarayının baş katibi Aleksis Koler tərəfindən elan edilən hökumətin yeni tərkibinə 27 nəfər daxil olub, onlardan 17-si nazir portfelini alıb.

Milli.Az "report"a istinadən bildirir ki, respublika tarixində ikinci qadın hökumət başçısı olan Elizabet Born ilə gender balansı 50 ilə 50 nisbətində qorunub.

Peşəkar diplomat Ketrin Kolonna ölkənin yeni xarici işlər naziri təyin edilib. Karyerasına Fransanın ABŞ-dakı səfirliyində başlayan o, ölkə tarixində səfir rütbəsi alan üçüncü qadın olub. 2019-cu ildən indiyədək Böyük Britaniyadakı diplomatik missiyaya rəhbərlik edib, bundan əvvəl İtaliyada səfir olub.

Fransanın Silahlı Qüvvələr Nazirliyinə Sebastyan Lekornyu rəhbərlik edəcək. Jan Kasteks hökumətində (2020-2022) o, xarici ərazilər naziri vəzifəsində çalışıb. Gəncliyində hüquq təhsili alıb və milli jandarmada ehtiyatda olub.

Eyni zamanda, daxili işlər naziri Jerald Darmanin və ədliyyə naziri Erik Düpon-Moretti öz yerlərində qalıblar. Bryuno Le Mer də öz mövqeyini qoruyub saxlayıb, lakin indi onun vəzifəsi "İqtisadiyyat, Sənaye və Rəqəmsal Suverenlik üzrə Maliyyə Naziri" kimi səslənir.

İndiyədək Milli Tarix və İmmiqrasiya Muzeyinə rəhbərlik etmiş Pap Ndiay Fransanın təhsil naziri təyin edilib.

Həmrəylik və Səhiyyə Nazirliyi indi iki departamentə bölünüb. Bricit Burqinyon səhiyyə və profilaktika naziri təyin edilib. Əvvəlki hökumətdə olan 63 yaşlı siyasətçi Səhiyyə Nazirliyi yanında muxtariyyət üzrə nazir-nümayəndə vəzifəsində çalışıb. Damien Abad həmrəylik, muxtariyyət və əlillərə yardım naziri təyin edilib.

Əlillərə kömək etmək üçün məsul olan şəxsin özü də nevroloji xəstəlik səbəbindən əlildir. Lakin bu, onun hərtərəfli təhsil almasına və siyasətdə uğur qazanmasına, 2009-cu ildə Avropa Parlamentinin ən gənc deputatlarından biri olmasına mane olmadı.

Ameli de Monşalin Fransanın Ətraf Mühitin Planlaşdırılması və Əraziləri naziri təyin edilib. Fiskal siyasət üzrə keçmiş nazir nümayəndəsi Olivye Dyusso Əmək, Tam Məşğulluq və İnteqrasiya Naziri təyin edilib.

Ali təhsil və tədqiqat naziri Silvi Retayo, kənd təsərrüfatı və ərzaq suverenliyi naziri - Mark Fenot, transformasiya və dövlət xidməti naziri - Stanislas Qerini, xarici ərazilər naziri - Yel Bron-Pive olub. Keçmiş tennisçi Ameli Oude-Kaster idman, olimpiya və paralimpiya oyunları naziri təyin edilib.

Bundan əlavə, Koler altı nazir-nümayəndənin də (departament rəhbərləri olmayan kiçik nazirlər) adını çəkib, onların arasında keçmiş səhiyyə naziri Olivye Veran da var. O, hazırda Parlament Əlaqələri üzrə Baş Nazirin nümayəndəsi vəzifəsində çalışacaq. Baş nazirin komandasında qadın və kişi bərabərliyi, müxtəliflik və bərabər imkanlar məsələləri ilə İzabel Rom məşğul olacaq.

Keçmiş hökumət sözçüsü Qabriel Attal maliyyə siyasətinə cavabdeh olan xəzinədarlıq naziri olub. Əvəzində dövlət katibi rütbəsindəki Oliviya Qrequar hökumət adından mətbuatla məşğul olacaq.

Kristof Beşu Daxili İşlər Nazirliyinin başçısı yanında ərazilərin birliyi məsələlərinə cavabdeh olan nazir-nümayəndəsi olub. Xarici işlər nazirinin rəhbərliyi altında iki nümayəndə nazir işləyəcək: xarici ticarət və Fransanın cəlbediciliyi məsələlərinə, əvvəlki hökumətdə olduğu kimi, Frank Riester nəzarət edəcək, Avropa ilə münasibətlərlə isə əvvəllər dövlət katibi vəzifəsini tutan Klement Bon məşğul olacaq.

Jyustin Benin dənizçilik üzrə baş nazir yanında dövlət katibi, Şarlot Kobel isə uşaqlar üzrə dövlət katibi təyin edilib. Krizula Zakaropulu Xarici İşlər Nazirliyinin İnkişaf, Frankofoniya və Beynəlxalq Tərəfdaşlıq üzrə rəhbəri yanında dövlət katibi olub.

Bornun növbəti vəzifəsi parlament seçkilərinə hazırlaşmaq olacaq. Onlar Fransada iki mərhələdə - 12 və 19 iyunda keçiriləcək. Seçkilərin nəticələrinə görə, bu gün tərkibi açıqlanan Nazirlər Kabineti yenidən təşkil oluna bilər. 

Milli.Az