Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Mərkəzləşdirilmiş istilik sistemi alternativ istilik mənbələri ilə əvəz olunacaq?

Noyabrın 1-də dağ rayonlarında, noyabrın 15-dən isə Bakıda, eləcə də digər şəhər və rayonlarda istilik mövsümünə start verilib.  2022-ci ilin 10 ayı üzrə istilik haqlarının ödəniş səviyyəsi 91,3 faiz təşkil edib. Əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 90,8 % təşkil edib. “Azəristiliktəhcizat” ASC-nin açıqlamalarında ödənişin tam həyata keçirilməsinin səbəbi borcla əlaqələndirir. Halbuki,  borcun yaranma səbəbi istilik ala bilməyən istehlakçıların ödənişdən imtina etməsidir ki, bu da təbiidir. Mərkəzləşdirilmiş istilik sistemindən faydalana bilməyən abonent məcburən alternativ variantlara əl atır. Məsələn, son illər kombi sistemindən istifadə geniş vüsət alıb. 

Maraqlıdır ki, alternativ enerji mənbələrinə tələbatın artdığı bir zamanda Azərbaycanda mərkəzləşdirilmiş istilik sistemi ləğv oluna bilərmi? 

Nüsrət Qasımov: “Gəncədəki partlayış təxribat ola bilməz”

Bu yaxınlarda Azad İstehlakçılar Birliyinin Kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov  Musavat.com-a açıqlamasında bildirmişdi ki, istilik şəbəkəsinin xətləri çox köhnədir, istismar müddəti bitib. Qazanxanalar suyu qızdırır, 8-10 kilometr məsafədə ötürürlər, o da məntəqələrə lazımi qaydada çatmır: “Boruların istismar müddəti 30-33  ildir, artıq çürüyüblər. İntensiv nəqliyyat  faktorunu nəzərə alsaq, sistemi tamamilə yeniləmək qeyri-mümkündür. Fikir vermisinizsə, qış aylarında kanalizasiya “lyuk”larından buxar çıxır. Bu da o deməkdir ki, sistemdə sızmalar var. Qazanxanaları dəyişmək mümkün deyil. Mərkəzləşdirilmiş istilik sistemi tarixə qovuşacaq. Çətinliklərlə qarşılaşmamaq üçün ən uyğun yol kombi sistemidir ki, həm isti su, həm də istilik almaq olar, abonentlər də sərfiyyata uyğun xidmət haqqını ödəyirlər”.

NEFT BAHALAŞIR: "Bir tərəfdən qazana bilərik, amma artan qiymətlər qazancı aparacaq” - Ekspert

Enerji məsələlər üzrə ekspert İlham Şaban hesab edir ki, yaxın gələcəkdə bu real görünmür. Musavat.com-a açıqlamasında ekspert bunu bir çox amillə əlaqələndirdi: “Mənim müşahidə etdiyim odur ki, hökumət mərkəzləşdirilmiş istilik sistemini ləğv etməyəcək. Təhsil ocaqları, xəstəxanalar, dövlət idarələri və bir sıra obyektlərdə bu istilik sistemi tətbiq olunur. Mənzillərin istiliklə təchizatı isə fərdi seçimlərə bağlı olacaq. Biznes-klass tipli yaşayış kompleksləri özlərinin qazanxanaları vasitəsilə lokal mərkəzləşdirilmiş istilik sistemləri tətbiq edir və edəcəklər. Diqqət yetirin, Bakıda 1000-ə yaxın istismar müddəti ötmüş və istismarı başa çatmaqda olan binaların söküntüsü planlaşdırılır və bu yöndə işlər bir neçə ildir həyata keçirilməkdədir. Amma yeni tikilən binalar mərkəzləşdirilmiş istilik sisteminə qoşulmur. Bu o deməkdir ki, bu məsələnin həlli sakinlərin özlərinə həvalə edilir, yəni mənzillərin qızdırılması zamanı qazdan və ya elektrikdən istifadə edilməsi onların şəxsi işidir. Sakin  “Azəristiliktəhcizat”dan istilik almaq istəsə, bu ona individual olaraq çox baha başa gələcək, çünki bir və ya bir neçə ailə üçün binaya və mənzillərə yeni istilik infrastrukturunun yaradılması həllini tapmalıdır. Əgər hökumət bununla bağlı tikinti normativlərinə dəyişiklik etməyəcəksə, demək praktikada kombi və elektrik qızdırıcıları da qalacaq. Bu, isə iqtisadi səmərə baxımından ölkə üçün qənaət vəd etmir”.

Azəristiliktəchizat"ın müvəqqəti sədri qaçqın və məcburi köçkünlərdən şikayətləndi | marja.az

“Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev  məsələ ilə bağlı saytımıza şərh verərkən təsdiq etdi ki, qazanxanaların əksəriyyəti sovet hakimiyyəti dövründə istismara verilib. Buna baxmayaraq, hətta 1974-cü ildə qurulan qazanxana bu gün də işləyir: “Bugünkü müasir sistemlərlə müqayisədə bəzi qazanxanaların enerji səmərəliliyi istənilən səviyyədə olmaya bilər: faydalı iş əmsalı, yanacaq sərfiyyatı və s. Buna baxmayaraq, təxminən 200 binanı, 30 məktəbi istiliklə təmin edirsə, deməli işlək vəziyyətdədir. “Azəristiliktəchizat” ASC bütün qazanxanaları ləğv etmək və tamamilə yeni sistemə keçmək imkanına malik deyil. Buna baxmayaraq, təxminən 300 müasir tipli qazanxana tikilib və istismara verilib. 100-ə yaxın köhnə qazanxana müasir avadanlıqlarla təchiz edilib. 57 istilik məntəqəsi yenidən qurularaq qazanxanaya çevrilib. Bu istiqamətdə işlər davam etdirilir. Amma mövcud nəqliyyat insfrastrukturunu nəzərə alaraq birdən-birə min kilometrdən artıq məsafəni əhatə edən boruları dəyişmək o qədər də asan deyil. Reallıq budur ki, mövcud avadanlıqlardan istifadə etməliyik. Bu gün kifayət qədər alternativ var: məhəllədaxili sistemlər, fərdi sistemlər, damda quraşdırılan qazanxanalar, alternativ enerji mənbələri kimi günəş panelləri, kombilər və s. Hansı sistemdən istifadə etmək səmərəlilik, sərfəlilik, əlverişlik baxımından şəxsi seçimə bağlıdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com