Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Məşhur aktrisa ona təpik vurdu, tələbələrini aclıqdan xilas etdi -

Milli.Az Kulis.az-a istinadən aktyor, pedaqoq Nəsir Sadıqzadə haqqında maraqlı faktları təqdim edir.

***

Şuşanın məşhur Cavanşirlər nəslindən olan Nəsir Müseyid oğlu Sadıqzadə 1926-cı il Şuşa şəhərində anadan olub. Füzuli, İrəvan, Sumqayıt, Xankəndi teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib. Ömrünün son 30 ilini isə pedaqoji fəaliyyətlə məşğul olub.

***

Nəsir Sadıqzadə Füzuli, İrəvan, Sumqayıt, Xankəndi , Gəncə və Sumqayıt teatrlarında rejissor və baş rejissor vəzifələrində çalışıb. C. Cabbarlının "Aydın", "Sevil", M. İbrahimovun "Kəndçi qızı", Ə. Nesinin "Bura gəlin", B.Vahabzadənin "Yağışdan sonra", İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər", M.F.Axundzadənin "Hacı Qara", O.İoselianinin "Araba hələ aşmayıb" adlı əsərlərinə quruluş verib.

Nəsir Sadıqzadə "Mən ki gözəl deyildim", "Şeytan göz qabağında", "Qətl günü", "Zirzəmi", "Bəxt üzüyü", "Qəzəlxan", "Qara Volqa", "Həm ziyarət, həm ticarət" filmlərində aparıcı rollar ifa edib. Aktyora ən çox uğur gətirən obraz isə 1991-ci ildə ekranlaşdıran "Bəxt üzüyü" filmindəki Tanrıbəy dayı obrazı olub.

***

Müslimə adlı xanımla ailə həyatı quran aktyorun heç zaman, heç bir fəxri adı olmayıb.

***

Aktyor Valeh Kərimov Nəsir Sadıqzadəni xatırlayarkən deyir: "Nəsir müəllimlə tanışlığım Teatr İnstitutunda oxuyanda olub. Sonra o, məni Sumqayıta teatra dəvət etdi. Dedi: "Sumqayıtda teatr açılır və mən də ora baş rejissor gedirəm. İşləmək istəyirsənsə, ora gəl" dedi. Mən də böyük sevinc və məmnuniyyətlə qəbul etdim. 1969-cu ilin payızında Nəsir müəllim Sumqayıt Teatrından getdi, amma getməzdən öncə tamaşaları təhvil verdi. Mən də "Sevil" tamaşasında baş rolu Balaşı canlandırırdım. Həmin vaxtdan sonra Nəsir müəllimlə əlaqəm kəsildi. Bir də "Bəxt üzüyü" filmində görüşdük".

Tələbəsi rejissor Rövşən İsax xatirələrindən birini belə nəql edir: "Nəsir müəllim bir axşam məni və digər tələbə yoldaşımı növbəti pyesin redaktəsi üçün evlərinə dəvət etdi. Pyesi redaktə eləməyə başladıq, az müddət keçmişdi ki, "pyesi yığışdırın" dedi. SSRİ dağılmış, ölkədə vəziyyət çox qarışıq, iqtisadiyyat yox vəziyyətində, ərzaq mağazalarında vitrinlər bom-boş olur. Daha sonra süfrəyə qəribə bir yemək qoyuldu. Nəsir müəllim şuşalı olduğu üçün bu süfrənin Şuşa mətbəxindən olduğunu dedi. Biz də dillənmədən şam yeməyinə başladıq. Şam yeməyi qurtardıqdan sonra rəhmətlik stolun üstündəki iki dənə portoğalı da dilimləyib, qarşımıza qoydu. Nəsir müəllimdən bunun səbəbini soruşdum. O, kövrəlib dedi ki, tələbələrindən biri ona quzu əti pay gətiriblər. O, quzunun ətini bişirsə də, dövrün elə çətin vaxtında ailəsindən uzaqda, yataqxanalarda, kirayədə qalan, çətin vəziyyətdə olan tələbələrini düşünüb xörəkdən yeyə bilmir. Beləliklə quzu əti bitənə qədər Nəsir müəllim hər gün bir neçə tələbəsini evə dəvət edib, onları şam yeməyinə qonaq edir.

Uzun illər İncəsənət universitetində dərs deyən aktyorun bir-birindən istedadlı və məşhur məzunları olub. Onlardan Azər Paşa Nemətovun, Məmməd Səfanın, Füzuli Hüseynovun, Rövşən İsaxın, Ələkbər Hüseynovun, Elman Rəfiyevin, Firdovsi Atakişiyevin, Ayşad Məmmədovun, Zemfira Əbdülsəmədovanın adlarını çəkmək olar.

***

Deyilənlərə görə Nəsir olduqca ciddi və tələbkar, həm də səliqəli müəllim olduğundan universitetdə ona İntilligent Nəsir deyərmişlər. Ancaq ciddiliyi və tələbkarlığı ilə yanaşı Nəsir müəllim vaxt tapdıqca, tələbələri harda işləyirdisə, gedib onları ziyarət edib, çətinliklərinin olub-olmadığını yoxlayırmış. Evinin qapısı tələbələrinə həmişə açıq olub. O, övladı ilə tələbəsi arasında fərq qoymayıb.

Rövşən İsax müəlliminin son illərini belə xatırlayır: "Nəsir müəllim Şuşada olanda körpə uşaq kimi sevinirdi. Elə Şuşaya sonuncu səfəri bizimlə birgə oldu. İnstitutdan qastrola getmişdik. Biz qayıtdıqdan çox keçmədi ki, Şuşa işğal olundu. Şuşa üçün əlbəttə ki, darıxırdı. Ən böyük arzusu Şuşanın işğaldan azad olunması idi. Nəsir müəllim teatrla, tələbələri ilə nəfəs alırdı, öz həyatını bu yolda qurban vermişdi. Teatr olmadığı gün onun üçün həyat dayanırdı".

***

Həddindən artıq mütaliə edirmiş. Hətta deyə bilərəm ki, onun oxumadığı pyes yox idi. Çiynində hər zaman bir çanta olardı. Çanta da kitabla dolu olardı. Teatra, incəsənətə aid hər şeyi oxuyurdu.

"Qara Volqa" filminin rejissoru Elşən Məmmədov müsahibələrinin birində deyir: "Filmdə Pəncəli Aslanın Paxanı təpiklə vurduğu səhnə kinostudiyanın həyətində çəkilib. Həmin bina da vaxtilə "Qanun naminə" filminin çəkildiyi yardımçı binadır. Paxanı canlandıran Nəsir Sadıqzadənin 70-ə yaxın yaşı var idi deyə, Laləzar xanım onu təpiklə vurduğu səhnədə çox qorxurdu. Nəsir müəllim dedi ki, "qorxma qızım, vur". Qəbiristanlıq səhnəsini gecə çəkirdik, həm də komendant saatı tətbiq olunurdu. Saat 12-ə qədər hamı evində olmalı idi, amma biz icazə almışdıq deyə, çəkilişlərimizi məhz gecə edirdik. Mən qəbiristanlıqdan çox qorxurdum. Özümdən asılı olmayaraq, indi də o xof məndə qalıb. O çəkilişlərdə Nəsir müəllim rolunu heç cür oynaya bilmədi. Dedi ki, "gəl özün göstər". Mən də qəbirdən qorxan adam, rolu necə oynamaq lazım oldğunu göstərib geri qayıdanda 15 dəqiqəyə qədər maşında əyləşib özümə ancaq gəlirdim".

***

Nəsir Sadıqzadə 1996-cı uzun sürən xəstəlikdən sonra vəfat edir və Bakıdakı "Qurd Qapısı" qəbiristanlığında dəfn olunub.

Milli.Az