Mingəçevirdə silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin ″102″ Zəng Mərkəzinə Mingəçevir şəhəri Energetiklər yaşayış massivindəki çöllük ərazidə silah-sursat olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Day.Az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə baxış keçirib.Oradan 823 ədəd avtomat və 31 ədəd iri çaplı pulemyota məxsus güllələr, eləcə də 3 ədəd müxtəlif təyinatlı əl qumbarası aşkarlanıb. Təhlükəsizlik tədbirləri də görülməklə aşkarlanmış silah-sursat ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.