Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Mopedlərlə bağlı yeni qərar - təhlükə azalacaqmı?

Rüfət Quliyev: “Mopedlərin iştirakı ilə ildə iki mindən çox qəza qeydə alınır”

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq. Bu “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsinə əsasən, dəyişikliyə görə konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir. Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.

Qanuna dəyişikliyin bir çox səbəbi var. Bəzi  hallarda velosiped, xüsusilə də moped sürücüləri qaydaları kobud şəkildə pozurlar. Qanunvericilikdə bu sürücülərlə bağlı konkret tələblər müəyyən edilib. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsi velosipedçilər və moped idarə edən şəxslərin yol hərəkəti qaydalarını pozması barədədir. Bu sürücülər

- svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;

- sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;

- yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;

- sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə;

- nasaz velosipeddən istifadə etməyə;

- piyadaların hərəkətinə maneə yaradılmasına;

- keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə qırx manat məbləğində cərimə edilir.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli oktyabr ayına qədər olan statistikanı açıqlayarkən bildirmişdi ki, paytaxt ərazisində qeydə alınan ümumi qəzalardan üçü motosiklet nəqliyyat vasitəsi ilə baş verib. Bu hadisələr nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb: “Moped nəqliyyat vasitəsi ilə 10 hadisə qeydə alınıb, 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Velosipedlərlə 4 hadisə baş verib, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. On altı yaşadək yeniyetmələr arasında 23 hadisə olub, 6 nəfər ölüb, 18 nəfər yaralanıb”, - deyə, A.Əsgərli əlavə edib.

Ötən ay zəhərlənən 118 nəfərdən 8-i vəfat edib

Klinik Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu Musavat.com-a bildirdi ki, moped, motosiklet və skuterlərin iştirakı ilə qəzaların sayı hər ay artır. Onun sözlərinə görə, narahatlıq üçün kifayət qədər əsas var: “Son 2-3 ayda 40-50 qəza qeydə alınıb. Ötən dövrlə müqayisədə kifayət qədər ciddi rəqəmdir. Yaralananların əksəriyyəti motosiklet, 7-8-i mopedlərin iştirakı ilə qeydə alınmış qəzalarda xəsarət alıb. Əvvəllər skuter qəzalarına rast gəlinmirdisə, son zamanlar yıxılaraq xəsarət alma ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzin Təcili Tibbi Yardım şöbəsinə tez-tez müraciət olur. Əksəriyyət bu qəzalarda müxtəlif travmalar alır. Bəziləri ilkin tibbi müdaxilə edildikdən sonra evə buraxılır. Moped və motosiklet qəzalarının əksəriyyətində sürücülərin kuryer fəaliyyəti göstərdiyi məlumdur. Lakin bilərəkdən yüksək sürətlə qəzaya səbəb olanların sayı da az deyil”. 

Nəqliyyat eksperti: “Beynəlxalq təcrübəni öyrənməliyik”

Nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, qanuna dəyişikliklər müsbət haldır çünki moped sürücülərinin sayı günü-gündən artır. O, qeyd edib ki, bəzi sürücülər sürəti saatda 50 km/saat olan, mühərrikin iş həcmi 50 kub/sm-dən yüksək olan nəqliyyat vasitələrini də moped adı ilə idarə etməyə çalışırlar: “Bu, kobud qayda pozuntusudur. Onları aşkar etmək çox çətindir. Buna görə dünyanın əksər ölkələrində dəyişikliklər qəbul edilib. Vəziyyətdən çıxış yolu kimi bu qaçılmaz idi. Moped istifadəçiləri ümumi istifadədə olan yollarda təhlükəli manevrlər edirlər. Onların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı artır. Qaydalara riayət etmirlər, xüsusi texniki vasitələr onları aşkar edə bilmir və beləliklə məsuliyyətdən kənar qalırlar. Onların peşəkar sürücü kimi formalaşmasına ehtiyac var. Nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmalıdır, dövlət nömrə nişanı verilməlidir. Əgər yolda hərəkət edən hər hansı nəqliyyat vasitəsinin sürücüsü, piyadalar qayda pozuntusuna görə cəzalanırsa, cərimələnirsə, niyə moped sürücüsü məsuliyyətdən kənar qalmalıdır? Onların da məsuliyyəti olmalıdır, cəza mexanizmi tətbiq edilməlidir.  Bunun üçün də dövlət qeydiyyatı mütləqdir. Bu halda dövlət nömrə nişanı vasitəsilə onları aşkarlamaq mümkündür. Sürücülük vəsiqəsi ilə bağlı tələb peşəkarlığın artırılması məqsədi ilə bağlıdır”. 

Oxu.az - Rüfət Quliyev: Köhnə kişilərdənəm, bundan sonra məni kim bəyənəcək ki... - MÜSAHİBƏ

Deputat Rüfət Quliyev isə açıqlamasında qeyd etdi ki, 3 ildir moped, motosiklet və skuterlərə “müharibə” elan olunub. O, vurğuladı ki, sözügedən nəqliyyat vasitələri sürücülərinin əksəriyyəti  günəmuzd işçilərdir: “Onları çoxu iaşə obyektlərində çalışır. Başqa formada qadağaların, məhdudiyyətlərin qoyulması çıxış yolu deyil. Mən hər zaman bunun əleyhinə olmuşam. Qadağalar problemlər yaradır. Hətta velosipedlə kuryerlik edənlər var. Daşısınlar, çörək pulunu qazansınlar, amma tıxaclarda o qədər problem yaradırdılar ki?! İl yarım öncə Dövlət Yol Polisinin rəisinə məktub göndərmişdim. Mopedlərin iştirakı ilə ildə iki mindən çox qəza qeydə alınır. Xəsarət alanlar, həlak olanlar olur. Eyni zamanda təhlükəli manevrlərdən yayınmaq istəyən digər sürücülər üçün də qəza şəraiti yaranır”. 

R.Quliyev əlavə etdi ki, millət vəkilləri kuryer şirkətlərinə işçilərin hüquqları ilə bağlı müraciət ediblər. Belə ki, onlar müqavilə ilə işlədiyi üçün sosial hüquqları pozulur. Deputatlar şirkətlərə bununla bağlı ciddi xəbərdarlıq edib. 

Qeyd edək ki, Baş Dövlət Yol Polisi idarəsinin məlumatına əsasən, bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib.

Nigar HƏSƏNLİ,
Musavat.com