Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ən böyük arzusu torpaqlarımızı azad görmək idi... - VİDEO - FOTO

Baş leytenant, şəhid Ruslan Rüstəmov Vətən müharibəsinin qəhrəmanlarından biridir. İdman Akademiyasını bitirməsinə baxmayaraq, onun uşaqlıq arzusu hərbçi olmaq idi. Elə bu arzu ilə hələ illər öncə hərb yolunu seçərək, Vətənin keşiyində dayandı. Vətəni canından da çox sevən Ruslan torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Rüstəmov Ruslan Nüsrət oğlu 1981-ci il oktyabrın 23-də Hacıqabul rayonunun Udulu kəndində dünyaya göz açıb. Ayaz Baxşəliyev adına Şorbaçı kənd tam orta məktəbində təhsil alıb. Atası həmin məktəbdə hərbi rəhbər işlədiyi üçün Ruslan uşaq vaxtlarından hərbçi peşəsinə maraq göstərib. Şəhidin qardaşı Salman Rüstəmov deyir ki, Ruslan 2000-ci ildə həqiqi hərbi xidmətə çağırılanda Vətənin keşiyini çəkməyə ruh yüksəkliyi ilə yollanıb. Xidmətini bitirdikdən sonra - 2004-2009-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Ali təhsilini bitirsə də, hərbçi olmaq arzusundan əl çəkməyib. 2014-cü ildə N saylı hərbi hissədə xidmətə başlayıb. 2016-cı ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ehtiyat zabit hazırlığı kursunu bitirib. Əvvəlcə leytenant, sonra isə baş leytenant hərbi rütbəsi alıb. 2016-cı ildən ön cəbhədə yerləşən N saylı hərbi hissələrdə motoatıcı taqım komandiri, motoatıcı bölük komandiri vəzifələrində xidmət edib.

Ruslan əsl hərbçiyə xas keyfiyyətləri ilə seçilib və hərbin sirlərinə peşəkarcasına yiyələnib. Xidməti dövründə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) medalı"na layiq görülüb, həmçinin fəxri fərmanla təltif edilib.

Baş leytenant Ruslan Rüstəmov sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinin ilk günlərindən düşmənlə üz-üzə Vətənin müdafiəsində və torpaqlarımızın işğaldan azad olunmasında fəal iştirak edib. Murovdağ yüksəkliyi, Suqovuşan, Talış kəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edən Ruslan 2020-ci il oktyabrın 2-də Ağ uçuq deyilən ərazidə qəhrəmancasına şəhid olub.

Qardaşı bildirir ki, onun ən böyük arzusu torpaqlarımızı azad görmək idi. Elə bu amal uğrunda da son damla qanına qədər döyüşərək şəhidlik zirvəsinə ucaldı.

Şəhid anası Fatimə Rüstəmova qəhrəman övladı haqda gözü yaşlı olsa da, qürurla danışır. Deyir ki, Ruslan hələ uşaq ikən atası vəfat edib. O, atasının arzusunu həyata keçirərək hərbçi oldu. "Oğlumla fəxr edirəm. O, Vətən uğrunda şəhadətə yüksəldi, - deyə Fatimə Rüstəmova söyləyir.

Ruslanın indi 5 övladı yadigar qalıb. Şəhidin həyat yoldaşı Mehriban Rüstəmova bildirir ki, Ruslan ailəsinə hər zaman sevgi və qayğı ilə yanaşıb. Amma onun Vətən sevgisi hər şeydən üstün idi.

Qeyd edək ki, Rüstəmov Ruslan Nüsrət oğlu döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif olunub.

Milli.Az