Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Navalnıdan ŞOK SÖZLƏR: “Burada oturmağımın əsas səbəbi...”

Navalnıdan ŞOK SÖZLƏR: “Burada oturmağımın əsas səbəbi...”

Bu gün Rusiyanın Vladimir vilayətinin Kovrov şəhər məhkəməsi Aleksey Navalnının saxlandığı koloniyaya qarşı iki şikayətinə baxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hər iki iddia Navalnının cəzaçəkmə kamerasına (cərimə izolyatoru) göndərilməsi ilə bağlı olub.

Ümumilikdə, müxalif siyasətçi artıq 5 dəfə bu kameraya salınıb və hazırda da orada saxlanılır.

Qaldığı cəzaçəkmə müəssisəsində videobağlantı vasitəsilə iştirak etdiyi məhkəmə iclasında iddia ərizəsi ilə çıxış edən Aleksey Navalnı bildirib ki, məhbusların həmkarlar ittifaqını təşkil etdiyinə, müharibəyə və səfərbərliyə mənfi münasibətinə görə “karser”ə göndərilib.

“Səfərbərlik” sözünü eşidən kimi Hakim Kirill Nikiforov onun sözünü kəsməyə çalışıb.

“Bütün bu insanlara yazığınız gəlmirmi? Siz qara cübbədə çöldə oturursunuz və heç nə etmirsiniz”, - deyə Navalnı bildirib. Müxalif siyasətçi hazırda həbsdə olan yeganə etiraz imkanından istifadə etdiyini vurğulayıb.

“Günahsız insanlar səngərdə uzanıb heç bir səbəb olmadan öləcəklər, - deyə siyasətçi davam edib. Hakim yenidən onun sözünü kəsməyə çalışıb və ondan “iddiaların mahiyyəti üzrə” danışmasını xahiş edib. Aleksey Navalnı hakimin tələbinə məhəl qoymadan davam edib:

“Bu mənim tələbimdir! Burada oturmağımın əsas səbəbi budur. Bir Kovrovlu oğlan niyə Xersonun yaxınlığında ölməlidir, heç düşünmüsüz? Eyni sualı burada hər kəs verə bilər. Mənim tələbim bu ağılsız və cinayətkar müharibənin dayandırılmasıdır”, - deyə A.Navalnı bildirib.

Fasilə zamanı jurnalistlər Navalnıdan həmçinin Vladimir Putinin bu gün imzalayacağı “müqavilə”dən, Ukraynanın işğal olunmuş ərazilərinin “ilhaqından” xəbərdar olub-olmadığını soruşublar.

“Bu, prosesi mümkün qədər ağrılı etmək məqsədi daşıyan tamamilə uydurma kvazi-qanuni hərəkətdir. Bu proses nəticəsində çoxlu sayda insan öləcək, qanlı qarşıdurma sonsuz olacaq. Hüquqi nöqteyi-nəzərdən, nə qədər don geyindirilməsindən asılı olmayaraq, bu, tam uydurmadır” -deyə siyasətçi cavab verib. Lakin daha sonra məhkəmə katibi Navalnının monitordakı səsini söndürüb.

Musavat.com