Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Netanyahu Ceyhun Bayramovu qəbul etdi

Martın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində Baş nazir Binyamin Netanyahu tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Publika.az-a bildiriblər ki, Baş nazir Binyamin Netanyahu, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib. O, Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb, Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbriklərini çatdırıb. Baş nazir İsrailin Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Nazir Ceyhun Bayramov ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini məmnunluqla xatırlayıb və Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin təsis edilməsinin münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun nümunəsi olduğunu vurğulayıb.

Görüş zamanı, həmçinin Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərin hazırki səviyyəsi, münasibətlərin inkişafı perspektivləri, təhlükəsizlik, iqtisadi əlaqələr və digər sahələrdə əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.

xxx

İsrailin Baş naziri Binyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin Twitter səhifəsindəki paylaşımda deyilir.

"Baş nazir Binyamin Netanyahu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb və onu Azərbaycanın İsraildə səfirliyinin açılması və ölkəsinin İsrailə ilk səfirinin təyin olunması münasibətilə təbrik edib", - deyə paylaşımda bildirilir.

Qeyd olunur ki, görüş zamanı B.Netanyahu iki ölkə arasındakı sıx əlaqələri yüksək qiymətləndirib. Tərəflər bir sıra sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Görüşdə həmçinin regional təhlükəsizliyə ümumi çağırışlar və İranın regional sabitliyə yaratdığı təhlükə də müzakirə edilib.