Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Niyə məhz ilk olaraq Füzuli hava limanı inşa edildi? -

"Füzuli hava limanının həm siyasi, həm də iqtisadi tərəfdən müəyyən avantajları var".

Bunu Milli.Az-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.

İqtisadçı bildirib ki, Füzuli hava limanı iki qitə arasında əlaqələndirici mərkəz halına gələcək:

"Siyasi tərəfini siyasətçilər daha yaxşı izah edə bilərlər. İqtisadi tərəfdən Füzuli hava limanı Qarabağın giriş və açar nöqtəsi hesab ediləcək bir strateji yerdə yerləşir. Analiz etsək görərik ki, ümumiyyətlə bir neçə istiqamətdə Füzuli hava limanının bizim üçün strateji əhəmiyyətləri mövcuddur. Bunu ilkin olaraq Prreizdent İlham Əliyev həmin əraziyə səfərində də qeyd etdi ki, Qarabağ turistik ərazidir. Qarabağda baş verən vandalizmi həm göstərmək, həm də yenidən qurulan layihələri turistik layihələri xarici ölkələrin vətəndaşlarına nümayiş etdirib daha çox turist cəlb etmək üçün bu hava limanı bizim üçün çox önəmli bir layihə hesab olunur. Təbii ki, biz zamanla Zəngilanda da, Cəbrayılda da tikiləcək hava limanından, eyni zamanda Füzulidəki hava limanından da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarımızdakı bütün potensialımızı göstərmək üçün istifadə edə biləcəyik. Amma ilkin olaraq 1 il müddət ərzində həm ərazilərin minalardan təmizlənməsi, həm orada hava limanının tikilməsi və qısa müddət ərzində də istifadəyə verilməsi təbii ki, bu layihənin olduqca strateji və çox əhəmiyyətli olduğunu göstərir. 

Füzuli hava limanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionuna daxil olan rayonların investisiya imkanını artırır. Xarici investorlar hər zaman investisiya yatırdığı regionda hava limanının və nəqliyyat infrastrukturunun uyğun olmasına xüsusi diqqət yetirirlər. Bu baxımdan düşünürəm ki, Füzuli hava limanının orada qurulması həm də Qarabağ investisiya axınına səbəb olacaq. 

Bu hava limanının üçüncü iqtisadi əhəmiyyəti təbii ki, ixrac potensialını gücləndirməsi ilə bağlıdır. Regionun olduqca həm kənd təsərrüfatı, həm mədən sənayesi, sənaye məhsullarının istehsalı ilə bağlı olduqca zəngin ehtiyyatları mövcuddur və təbii ki, bu ehtiyyatları gələcəkdə istifadə edib, hansısa yeni məhsulların istehsalı və onların eyni şəkildə beynəlxalq xarici ölkələrə ixracını təmin etməkdə Füzuli hava limanı xüsusi dəstək rolunu oynayacaq. Təbii ki, bu da ölkə səviyyəsində hava limanının özünün xüsusi çəkisini, əhəmiyyətini artıracaq.

Hava limanının Avropa və Asiyanı birləşdirən İpək Yolunun üzərində yerləşməsi Füzuli aeroportunun iki qitə arasında əlaqələndirici mərkəz halına gələ bilər. Təbii ki, Zəngilanda logistik mərkəzin açılışı ilə bağlı Prezidentin də uyğun gördüyü müəyyən layihələr mövcuddur. Eyni zamanda Zəngəzur dəhlizi ilə Avropaya çıxış imkanı, artıq Asiyadan gələn yüklərin Avropaya daşınmasında da Füzuli hava limanının xüsusi rolu olacaqdır ki, bu, həm gəlir baxımından Azərbaycan üçün çox əlverişlidir, həm də strateji olaraq xüsusi əhəmiyyəti var".

Təhməz Əsədov
Milli.Az