Pakistanda 44 günlük Vətən Müharibəsinə həsr olunmuş sərgi təşkil edilib

Pakistanın paytaxtı İslamabadın ən böyük alış-veriş mərkəzi olan "Centaurus Mall"- da Pakistan ictimaiyyətini məlumatlandırmaq məqsədilə ölkəmizin Pakistandakı səfirliyi tərəfindən Azərbaycanın 44 Günlük Vətən Müharibəsinə həsr olunmuş sərgi təşkil olunub.

Səfirlikdən Trend-ə bildirilib ki, sərgidə 30 il boyunca erməni vandalizminə məruz qalmış Azərbaycan torpaqlarının vəziyyətini, 27 sentyabr 2020-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü və mülki əhaliyə qarşı məqsədli raket hücumları nəticəsində Gəncə, Bərdə, Tərtər və digər yaşayış məskənlərində həlak olmuş həmvətənlərimizi, eləcə də mülki infrastrukturlara dəymiş zərəri, Azərbaycanın özünü müdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatlarına başlamasını, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin, əsgər və zabitlərimizin qanı bahasına torpaqlarımızı erməni işğalından azad etməsini, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində təşkil olunmuş yürüyüşü, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq işlərini, Şuşada keçirilmiş "Xarı Bülbül festivalı" və Vaqif Poeziya Günlərini, eləcə də Vətən Müharibəsi dövründə Pakistan tərəfindən Azərbaycana göstərilmiş dəstəyin nəticəsi olaraq ölkəmizdə Pakistan bayraqlarının da dalğalandığını əks etdirən foto-şəkillər yer alıb.

Orta hesabla gündəlik 35 min ziyarətçisi olan bu ticarət mərkəzində quraşdırılmış böyük ekranda isə Ermənistan tərəfindən 30 il boyunca Azərbaycan torpaqlarında törədilən vəhşiliklər, işğal zamanı Ermənistanın Azərbaycan məscidlərini heyvanlar üçün sığınacaq kimi istifadə etməsi, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri, orada Azərbaycan bayrağını qaldırması, televiziyaya verdiyi müsahibələri, habelə, 27 Sentyabr - Anım Günü ilə bağlı Pakistan Abidəsinin Azərbaycan bayrağı ilə işıqlandırılması nümayiş etdirilib.

Pakistanın bir sıra rəsmi şəxsləri, Azərbaycan Respublikasının Pakistandakı səfiri və səfirliyin kollektivi, Pakistan ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, diplomatik korpus nümayəndələri, eləcə də bu şəhərdə yaşayan azərbaycanlılar və minlərlə pakistanlı sərgini ziyarət ediblər.

Sərgi pakistanlı ziyarətçilər arasında maraqla qarşılanıb və torpaqlarımızın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Tədbir zamanı 44 günlük Vətən Müharibəsini özündə əks etdirən broşurlar da sərgi iştirakçıları arasında paylanılıb.