Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Parlamentdən Milli Məclisin önündə aksiya keçirənlərə reaksiya: “Əli Kərimli, keçdi o dövrlər!”

Milli Məclisin payız sessiyasının ilk iclasının davam etdiyi vaxt parlamentin binası qarşısında bir qrup şəxs aksiyaya cəhd edirdi.

Deputat Bəhruz Məhərrəmov spikerdən çıxış üçün icazə istəyərək aksiya ilə bağlı fikirlərini çatdırdı: “Bu dəqiqələrdə Milli Məclisin qarşısında aksiya uğursuz cəhd edirlər. İlk növbədə hər kəs bilsin ki, bu tip aksiyalar konstitusion təsbit olan sərbəst toplaşmaq hüququn realizəsi yox, destruktiv və dağıdıcı niyyətin göstəricisidir. Əgər bunların fikri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə münasibət bildirməkdirsə bunu sivil yolla, şəhərin mərkəzində yolları iflic etmədən, ictimai asayişə təhdid, insanlara narahatlıq törətmədən də etmək olar. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa müvafiq olaraq aşkarlığın təmini üçün həmin qanunun layihəsi Parlamentin saytında yerləşdirilib. İctimai və peşəkar müzakirəyə çıxarılan layihənin mətni də konsepsiyası da bütün ağlabatan və səmərəli təkliflərə açıqdır. İndi dayaqlarını tam itirmiş dərnək tipli qruplaşmaların etməyə təklifi, danışmağa sözləri yoxdursa bu onlara hüquq vermir ki, pozucu dağıdıcı yola əl atsınlar. Bu adamların başında hələ də mitinqlərlə, təzyiqlərlə küçədə qərar qəbul olunduğu, parlamentin binasının gülləbaran edildiyi 90-cı illərin anarxiyası qalıb”.

Deputat AXCP sədrinə xitab etdi: “Əli Kərimli, keçdi o dövrlər! Mitinq arzulayanların hamısı yaxşı bilir ki onsuz da tarixin zibilliyindədirlər, anlayırlar ki, siyasi sistemin daha da sağlamlaşması ilə daşlar yerinə oturacaq. İndi qanun layihəsini mürtəce adlandırırlar. Əslində ən böyük mürtəceliyi elə Əli Kərimli özü edir, neçə illərdir ki, açıq məğlubiyyətin qorxusundan, seçkilərdə gizlənməklə yüzlərlə insanın konstitusion qaydada müəyyənləşmiş seçki hüquqları, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüquqlarına təcavüz edir, bax budur mürtəcelik. Kərimli başa düşməlidir ki, real həyat virtual aləmdən, facebook səhifələrindən çox daha fərqlidir. İndi 1500-2000 nəfərdən bəyəni gəlməsi xalq sevgisinin göstərici deyil, "layk"a qalsa Qusarlı Əzizə xalanın hər mətbəx videosuna dünyanın dörd bir yanından 25-30 milyon adam baxır, bəyənir. Yəni özünə məftun olub insanları küçəyə töküb yazıq etməsin, bu ölkədə xalqın real dəstəyi İlham Əliyev hakimiyyətinədir və cənab İlham Əliyevin Milli Məclisin ilk iclasında da ifadə etdiyi kimi, biz siyasi sistemin təkmilləşdirilməsinə nail olacağıq və hansısa dərnək tipli radikal qruplaşma buna mane ola bilməyəcək. Əli Kərimlinin və dəstəsinin ağlı müəyyən dövrlərin pərdəarxası oyunlarına getməsin, bu gün siyasi səhnədə İlham Əliyev yolunda canını verməyə hazır olan kifayət qədər insan var, əgər Kərimli və başının dəstəsi dağıdıcı yol seçəcəksə, buna peşman olacaq. Yəni davranışlarını buna görə seçsinlər. Həmrəyliyin, birliyin hökm sürdüyü bu müqəddəs Anım günlərində bölücü radikal davranışlarla bir daha əsl simalarını ortaya qoymasınlar”.

Ardınca söz alan deputat Elşən Musayev də Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli və digərlərini tənqid etdi. Bu durumda etirazlara qalxanları xəyanətkar fəaliyyətdə suçladı. E.Musayev dedi ki, dəfələrlə TV Musavat və digər televiziyalarda Əli Kərimlini debata çağırsa da, o, cəsarətsiz davranıb, debatdan yayınıb. Deputat aksiyada kişilərin deyil, qadınların iştirak etdiyini və qadınların irəli verildiyini də söylədi.

YAP təmsilçisi deputat Hikmət Babaoğlu dedi ki, bir gün əvvəl müzakirələrdə bu barədə danışılıb: “Bunlar nəyə etiraz edirlər, bu, bəlli deyil. Qanun layihəsi yenidən işlənmək üçün onun müzakirəsi müvəqqəti dayandırılıb. Ortada etiraz ediləcək bir predmet də yoxdur. Müxalifətin etirazı əsassızdır, yersizdir. Yəqin ki, Azərbaycanın hüquq mühafizə orqanları bununla bağlı qəti addımlar atacaq”.

Birinci vites-spiker Əli Hüseynli isə dedi ki, AXCP-nin əsl adı Xalq Əleyhinə Cəbhə Partiyasıdır.

Spiker Sahibə Qafarova isə “əslində Əli müəllim bizim hamımızın fikrini ifadə etdi”-söylədi. Zaldan alqış səsləri eşidildi.

E.Paşasoy,

Musavat.com