Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Paşinyan faktiki olaraq təslimçilik mövqeyini bir daha nümayiş etdirdi

Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın dövlət maraqlarını geniş şəkildə bir daha müdafiə etdi. Hər zamankı kimi, dövlətimizin başçısı bu dəfə də qətiyyətli və məntiqli çıxışı ilə diqqəti cəlb etdi. Biz bilirik ki, bundan əvvəl də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir neçə dəfə dialoq olub. Hər dəfə Paşinyan bu dialoqdan məğlub ayrılıb, irəli sürülən ittihamlara doğru-düzgün cavab verə bilməyib. Bu dəfə Prezident İlham Əliyev 44 günlük müharibənin nəticəsi olaraq qalib ölkənin Müzəffər Ali Baş Komandanı kimi çıxış etdi. Bölgədəki mövcud durumu MDB dövlət başçılarına, ümumilikdə isə bütün dünyaya çatdırdı. Prezident qeyd etdi ki, Qarabağ münaqişəsi arxada qalıb və bu konteksdə irəliyə baxmaq lazımdır. Təbii ki, kommunikasiya xətlərinin açılması, eyni zamanda, sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası olduqca vacibdir. Delimitasiya Azərbaycanın və Ermənistan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyacağı halda əhəmiyyət kəsb edir. Bu, təbii ki, vacib nüanslardan biridir. Regionda müharibəyəqədərki dövrdə olduğu kimi, postmüharibə mərhələsində də bir çox dairələr sülhə, sabitliyə xələl gətirmək üçün əllərindən gələni edirlər. Prezident İlham Əliyev çıxışı zamanı həmin qüvvələrə də mesaj göndərmiş oldu.

Publika.az xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov deyib.

Politoloq bildirib: “Prezident İlham Əliyev Ermənistanla bağlı çıxış edərkən təəssüflə qeyd etdi ki, hələ də minalanmış ərazilərin tam xəritələri Azərbaycana təhvil verilməyib. Dəqiqliyi cəmi 25 faiz olan bir neçə xəritənin verilməsi irəliyə doğru atılmış addım deyil. Çox təəssüflər olsun ki, bir il ərzində 150-dən çox Azərbaycan vətəndaşı, - onlar arasında həm dinc sakinlər, həm də hərbçilər var, - minaya düşərək həlak olub və ya xəsarət alıb. Təbii ki, mina məsələsinin daha da qabardılması olduqca vacibdir. Çünki postmüharibə dövründə əgər bir ölkə digər ölkəyə minalanmış ərazilərin xəritəsini vermirsə, bu, o zaman həmin dövlətin hansı məqsədə xidmət etdiyini göstərmiş olur. Bu, humanizmdən də kənar bir məsələdir. Postmüharibə dövründə mülki əhalinin həlak olmasına və ya zərər görməsinə yol verilməməlidir. Beynəlxalq konvensiyalar da bunu inkar edir. Bu cinayət Paşinyanın adına yazılmış bir həqiqətdir. Eyni zamanda, dövlətimizin başçısı azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə 67 məsciddən 65-nin tamamilə dağıdıldığını, qismən dağıdılmış qalan iki məsciddə isə inək və donuz saxlanıldığını da görüş iştirakçılarının diqqətinə çatdırıb. Təbii ki, çıxışın əsas və maraqlı hissələrindən biri İran-Ermənistan əməkdaşlığına toxunulmasıdır. Bildirilib ki, işğal vaxtı təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Bundan əlavə, həmin dövrlərdə evlərin, binaların kərpiclərinin sökülərək Ermənistan və İrana satılması faktlarından bəhs edilməsi də Prezidentin çıxışında diqqətçəkən məqamlardan biri oldu”.

Zaur Məmmədovun sözlərinə görə, bütün baş verənlərə və Azərbaycan qalib dövlət olmasına baxmayaraq, ölkəmiz öz humanizmini və sülhsevərliyini nümayiş etdirərək üçtərəfli Bəyanata uyğun olaraq hərbi əsirlərini Ermənistana təhvil verdi. Hazırda Azərbaycanda həbsdə olanlar heç bir halda hərbi əsir sayıla bilməzlər. Çünki onlar üçtərəfli Bəyanatdan sonra Ermənistanın Şirak regionundan Azərbaycan ərazisinə məqsədyönlü şəkildə daxil olmuş diversant və terrorçulardır.

Ümumi götürdükdə bu gün informasiya sahəsində Azərbaycan və Ermənistan arasında faktiki olaraq müharibə davam etməkdədir. İnformasiya müharibəsində Azərbaycan həqiqətlərinin, regionda baş verən hadisələrin doğru və düzgün şəkildə dünya ictimaiyyətinə çatdırılması əsas prioritetlərdən hesab edilir. Dövlətimizin başçısının həm müharibəyə qədər, həm müharibə vaxtı, həm də müharibədən sonra diplomatiya, informasiya sahəsində Lider kimi ölkəmizin Qələbəsində müstəsna xidmətləri olub. Müharibə zamanı hərbçi qulluqçuların döyüşməsi ilə yanaşı, liderlərin çıxışlarının, onların fəaliyyətinin necə mühüm amil olduğu hər kəsə məlumdur. Bu kontekstdə hər zaman Prezident İlham Əliyevin çıxışları Ermənistan liderlərinin çıxışlarını kölgədə qoyurdu. Hər zaman Azərbaycan bu istiqamətdə istəklərinə çatırdı və biz bunu 44 günlük müharibədə də gördük. Beynəlxalq aləmin bölgədə baş verənlərlə bağlı reaksiyasına şahid olduq və postmüharibə dövründə də görməkdəyik. Ermənistan faktiki olaraq təklənib. Ermənistanın hərbi siyasi müttəfiqləri belə Azərbaycan reallıqlarını qəbul etməyə vadar ediliblər. Ümumilikdə götürdükdə, MDB Dövlət Başçıları Şurasının iclasında Paşinyan faktiki olaraq təslimçilik mövqeyini bir daha nümayiş etdirdi, Azərbaycanın tələblərinin, kommunikasiyalarla bağlı şərtlərinin yerinə yetiriləcəyini bildirdi. Bundan sonra təbii ki, önəmli olan məqam tez bir zamanda üçtərəfli Bəyanatı reallaşdırmaq və bölgəyə yeni nəfəs verməkdir.