Peyvənd olunmayan taksi sürücüləri cərimələndi

Sumqayıtda peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan sürücülərə və avtobuslarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı profilaktik tədbir keçirilib.

Daxili İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, 50-yə yaxın sürücü və sərnişin cərimə edilib.

Əvvəlcədən elan edildiyi kimi, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunur. Qeyd edilən qaydalara əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir bu gün Sumqayıt Şəhər Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı peyvənd olunmadan, yəni 2-ci dozanı qəbul etmədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıblar. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

Profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

Tədbir nəticəsində ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbiri görülüb. Sumqayıt şəhərində keçirilən profilaktik tədbir zamanı sanitar-karantin qaydalarını pozan 50-yə yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib.

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə ictimai nəqliyyatda və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.