Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Qarabağ"ın qapıçısı ruslara Ağdamdan danışdı: Bizə söz veriblər ki...

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev "Championat.com" saytına geniş müsahibə verib.

Publika.az xəbər verir ki, millimizin üzvü bir sıra maraqlı açıqlamalar verib. qolkiper ölkəmizə gəlişini xatırlayıb. O, 19 yaşında “Şahdağ”a keçənə qədər peşəkar klubda oynamadığını deyib:

“Mənim məşqçim var idi, qapıçılarla işləyən Gennadi Aftandiloviç Kaxiani. Bir dəfə zəng vurdu ki, “Şah, Azərbaycana getmək variantı var”. O dəqiqə razılaşdım. Nə komandanın səviyyəsi, nə də əməkhaqqı mənim üçün ciddi önəm kəsb etmirdi. Açıq gözlə getdim. Komanda Azərbaycanın I dəstəsində çıxış edirdi. Möhkəmlənmək üçün yaxşı yer idi. Orda davam gətirdinsə, ondan sonra qorxulu heç nə yoxdur. Baxışa gəlmişdim və ilk hazırlıqdan sonra məşqçinin xoşuna gəldim. O dedi ki, “biz istəyirik sən qalasan, amma maaş məsələsinə sonra baxarıq”. İki ay məşq etdim, çempionata hazırlaşdım. İki komanda yoldaşımla stadionda qalırdıq. Tribunanın altında otaq var idi, 3 çarpayı, başqa heç nə. Amma mən xoşbəxt idim. Sadəcə futbol oynamaq istəyirdim. “Şahdağ” haqqında çox danışmaq olar.

Yayda məşqlərimizi və oyunlarımızı eyni meydanda keçirirdik. Payız gələndə yağış və qar – dağlıq yerdir. Stadion pis vəziyyətə düşürdü. Həmin vaxt zala keçirdik. Mini-futbol meydançasında məşq edirdik və yalnız oyunlar vaxtı stadiona çıxırdıq. Çətin, amma maraqlı vaxtlar idi. Müqavilə bağlayanda dedim ki, “ailəsiz burada qalmayacam”. Orda təkbaşına dözə bilməzdim. İlk iki ayda bizim heç televizorumuz da yox idi. Klub bizə şəxsi ev tutdu. Birinci mərtəbədə həyat yoldaşım və balaca qızımla qalırdım. İkinci mərtəbədə ev sahibləri – nənə və baba.

“Şahdağ”da 15 oyun keçirdim. Görünür pis təsir bağışlamadım ki, məni Azərbaycanın gənclərdən ibarət yığma komandasının seleksiya toplanışına çağırdılar. Ondan sonra “Sumqayıt”dan təklif gəldi. O komandanın almaniyalı məşqçisi məni çox bəyəndi. Deməzdim ki, “Sumqayıt”a gələn kimi həyatımda o dəqiqə ağ zolaq başladı. “Sumqayıt”da da çətin idi. Lakin bu, kareyarmda vacib mərhələ idi, Premyer Liqada oynamağa başladım. Çox vədləri yerinə yetirmədilər, amma 19 yaşlı futbolçu üçün yaxşı məktəb idi. “Sumqayıt”da çıxış edərkən arzu edirdim ki, “Qarabağ”a düşəydim. Bir gün bu arzu gerçəkləşdi”.

Millimizin qapıçısı Azərbaycandakı ilk vaxtlarında çətinlik çəkmədiyini bildirib:

“Elə bir çətin şey olmadı. Həm “Şahdağ”da, həm də “Sumqayıt”da yerli uşaqlar öz doğmaları kimi qəbul etdilər. Azərbaycanlılar çox yardımsevər, mehriban insanlardır. Adaptasiya olmaq çox rahatdır. Hətta yoldaşım tək kolyaska ilə küçəyə çıxanda insanlar kömək edirdilər, nəyin harda olduğunu göstərirdilər”.

Millimizin futbolçusu Rusiya və Azərbaycandakı əməkhaqqlarını müqayisə edib:

“Heç müqayisə ediləsi rəqəmlər deyil. Böyük fərq var. Hətta Rusiya Premyer Liqasının “Fakel” kimi sonda gedən komandalarını götürsək belə. Mən büdcəsi o qədər də böyük olmayan “Sumqayıt”, “Səbail”lə yox, “Qarabağ”la müqayisə edirəm. Fikirləşirəm ki, büdcəsinə görə “Qarabağ” Rusiyada Top-10-a düşməzdi. Bəli, Rusiyada maaşlar çox yüksəkdir. Azərbaycan futbolunda pul xeyli azdır. Bilirəm, orda uşaqlar hansı pulları alır, ona görə deyirəm. Hətta birinci dəstədə “Rubin”, “Arsenal” kimi yaxşı büdcələri olan komandalar var”.

O, “Qarabağ"ın təmsil etdiyi Ağdam şəhəri haqda da danışıb:

"Biz Bakıda məskunlaşmışıq. Ağdam 30 il işğal altında qaldı. Hər şey indi bərpa olunur. Hətta bizə söz vermişdilər ki, bir neçə ildən sonra orada, heç olmasa bir neçə matçda oynaya biləcəyik. Artıq stadionun layihəsi var. Azad edildikdən sonra komanda olaraq Ağdama getdik. Hər şey məhv olub, həyat yoxdur, yalnız xarabalıqlar. Və hər yer minalanıb... Ümid edirəm ki, zamanla evə qayıdıb, orada oynayacağıq”.

“Özünüzü komfortda hiss etmək üçün nə qədər pul lazımdır” sualına Şahruddinin cavabı belə olub:

“Hər şey nisbidir. Məsələn, “Şahdağ”da mənə otaq tutmuşdular və həftədə bir dəfə ərzaq gətirirdilər. Mənim maaşım 450 manat idi – təxminən 20 min rubl. Bu pul üçümüzə – mənə, yoldaşıma və uşağa bəs edirdi. İnsan çox qazandıqca, onun tələbləri də artır. Hər kəs öz imkanlarına görə yaşayır.

Azərbaycanda qiymətlər ucuz deyil. Bakı qiymət baxımından da yetəricə ciddi şəhərdir. Yoldaşım deyir ki, Moskva və Bakıda ərzağın qiyməti demək olar ki, fərqlənmir”.

Heybət