Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiya kəşfiyyatçısını Braziliyadan belə almaq istəyir - Foto

Rusiya kəşfiyyatçısını Braziliyadan belə almaq istəyir - Foto

Rusiya Braziliya hakimiyyətindən kəşfiyyatçı olduğu ortaya çıxan və həbs edilən vətəndaşının ekstradisiyasını tələb edib.

Musavat.com xəbər verir ki, bu barədə “The Insider” saytı məlumat yayıb.

Rusiya rəsmiləri bununla bağlı göndərdikləri sorğuda onun narkobaron olduğunu bildiriblər. Saytın xəbərinə görə, Rusiya dövləti bu yolla öz kəşfiyyatçısını vətəninə geri qaytarmağa ümid edir.

Qeyd edək ki, bu ilin aprel ayında Niderland hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsində “təcrübə keçməyə gəlmiş Viktor Müller Ferreyra” adlı bir şəxsi Braziliyaya geri göndərmişdi. Niderland kəşfiyyat orqanları “braziliyalının” əslində hərbi kəşfiyyatda işləyən Rusiya vətəndaşı olduğunu təsbit etmişdi. Braziliyanın özündə isə o, saxta sənədlərdən istifadə etdiyinə görə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bu ilin iyul ayında Rusiya hakimiyyəti Braziliya rəsmilərinə saxta sənədlərdən istifadə etməkdə təqsirli bilinən şəxsin əslində rusiyalı Sergey Çerkasov olduğunu bildirib. Rusiya hakimiyyətinin məlumatına görə, Çerkasov Əfqanıstandan heroini daşıyan böyük narkotik alverçisi olub. Bunun üçün onlar Braziliya hüquq-mühafizə orqanlarına onun adının keçdiyi bir məhkəmə işini də sorğuya əlavə ediblər. Çerkasov da sonrakı ifadələrində narkotik alverçisi olduğunu “boynuna alıb” və vətəninə göndərilməsini istəyib.

Lakin Braziliya prokurorları ekstradisiya sorğusuna əlavə edilmiş məhkəmə materiallarında Çerkasovun adının birdən-birə ortaya çıxmasından şübhələniblər. Onun “şübhəli şəxs” olaraq göstərildiyi cinayət işi həqiqətən də mövcuddur, lakin həmin işin digər iştirakçılarının vəkilləri işdə Çerkasovun adının çəkildiyini xatırlaya bilmirlər.

“Rusiya hakimiyyət orqanlarının ekstradisiya sənədlərində yer alan açıqlamalarından belə məlum olur ki, ruslar Çerkasovu 10 il əvvəl baş tutan və real narkotik alverçilərinin mühakimə olunduğu cinayət işinə cəlb edib”, - deyə “The Insider” yazır.

Bundan əlavə, sorğuda Çerkasovun uzun müddətdir axtarışda olduğu göstərilib. Lakin braziliyalılar onun axtarışda olmasına dair hər hansı faktı məlumat bazasında tapa bilməyiblər. Üstəlik, Çerkasovun 2015-ci ildən bu yana ən azı 5 dəfə Rusiyaya uçduğu məlum olub.

Musavat.com