Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Sahibə Qafarova Avropa Konfransında problemlərin birgə həll yolunun hazırlanmasını təklif edib

Sahibə Qafarova Avropa Konfransında problemlərin birgə həll yolunun hazırlanmasını təklif edib

Oktyabrın 22-də Milli Məclisin sədri Sahibə Qafarova Parlament Sədrlərinin Avropa Konfransında “Bütün Avropa vətəndaşlarının ümumi gələcəyi” mövzusunda çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, parlamentin sədri bildirib ki, ötən dövrdə Avropada çox şey dəyişsə də, Avropa xalqlarını ümumi evdə ümumi dəyərlər ətrafında birləşdirən bu prinsiplər dəyişməz qalıb.

Sahibə Qafarova diqqətə çatdırıb ki, müasir dövrün çağırışları demokratik idarəçilik problemlərinin ötən dövrdə təşəkkül tapmış paradiqma çərçivəsində həllinin mümkün olmadığını göstərir. Spiker məsələlərin həllində ayrıseçkiliyi istisna edən vahid yanaşmanın formalaşdırılmasının, demokratik dəyərlər sistemi üçün təhdidlər doğuran təhlükəsizlik problemlərinin, xüsusən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə qəsdlərin, etnik separatizmin, davakar millətçiliyin dayandırılmasının və aradan qaldırılmasının vacibliyini qeyd edib.

Milli Məclisin sədri beynəlxalq problemlər və çağırışlar üçün birgə həll yolunun işlənib hazırlanması məqsədilə dünya parlamentlərini bir araya gətirməyin mühüm əhəmiyyət kəsb etdiyinə inamını ifadə edib. Deyib ki, Avropa Şurasının iki üzvü olan Ermənistanla Azərbaycan arasında mövcud olmuş və artıq keçmişdə qalmış münaqişənin həlli ilə bağlı danışıqların uğursuzluqla nəticələnməsi timsalında söyləyə bilərik ki, ortaq həll yolunun tapılmaması dövlətlərarası uzunmüddətli münaqişələrə səbəb olur. Uzun illər ərzində münaqişənin sülh yolu ilə nizama salınması üçün göstərilən beynəlxalq səylərin nəticə verməməsinin bir səbəbi Ermənistanın beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymaması, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması idisə, digər səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, bir sıra hallarda işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, beynəlxalq birliyin tələblərinə məhəl qoymayan, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyət göstərilməməsi olub.

Spiker deyib ki, əgər münaqişənin həllində ikili standartlara yol verilməsəydi, Azərbaycan işğal edilmiş torpaqlarının azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini, digər beynəlxalq təşkilatların sənədlərini öz gücü ilə icra etməyə məcbur olmazdı.

Parlamentin sədri diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi artıq mövcud deyil: “Ermənistan yeni reallıqla barışaraq onu qəbul etməli, 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında imzalanmış və bölgənin sülh və təhlükəsizlik məkanına çevrilməsinin parametrlərini özündə ehtiva edən üçtərəfli bəyanatları tam yerinə yetirməlidir. Belə hesab edirik ki, bölgənin sülh, sabitlik və inkişaf məkanına çevrilməsi Avropanın gələcəyi baxımından da son dərəcə əhəmiyyətlidir”.