Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Sahibkardan şəhid ailələrinin məşğulluğu ilə bağlı maraqlı təklif…

Sahibkardan şəhid ailələrinin məşğulluğu ilə bağlı maraqlı təklif...

Şəmkirli iş adamı xeyriyyəçi Tural Zeynalov 44 günlük Vətən Müharibəsi dövründə döyüş bölgələrinə və yaxın ərazilərə gedərək hərbçilərimizə və ön cəbhəyə yaxın rayonların əhalisinə yardımlar göstərirdi. İş adamının, dəfələrlə təhlükəli dağ yolları ilə işğaldan azad olunmuş Kəlbəcərə səfərini və ordakı hərbçilərə yardım apardığını əks etdirən videogörüntülər də var.

Bu dəfə isə Tural Zeynalov şəhid ailələrinə dəstək məqsədilə yeni bir təklif irəli sürüb: "Hər bir şəhid ailəsinə 4 min manat məbləğində heyvan verilməlidir. Onlara elə heyvanlar verirlər ki, heyvan ayaqüstə dura bilmir. Heç üçünün min manat dəyəri yoxdur. Dövlət bu məsələni nəzarətə götürməli və şəhid ailələri sağlam heyvanlarla təmin edilməlidir. Şəmkirdə bütün şəhid ataları birlik yaradıb. İstəyirlər ki, onlara sağlam heyvanlar verilsin və yer ayrılsın. Keçmişdəki kimi kolxoz tipli bir müəssisə yaratmağı düşünürlər. Bununla da dövlətdə asılılıq və yük azalacaq. Heyvan sahiblərinə kart paylanılacaq və gələn gəlir hər biri arasında bərabər şəkildə paylanılacaq. Bu müəssisənin işçi heyəti də, idarə heyəti də özləri olacaq və zaman keçdikcə də, onların fəaliyyəti genişlənəcək".

T.Zeynalov bildirib ki, hazırda məsələ ilə bağlı yalnız İcra Hakimiyyətinə müraciət ünvanlanıb və cavab gözləyirlər. Artıq Şəmkirdə "Şəhid Ataları" Birliyi yaradılıb və hətta birliyə sədr də təyin edilib. Onun sözlərinə görə, bu təklifin reallaşması üçün İcra hakimiyyəti yeni yaranmış birliklə əməkdaşlıq etməldir: "Səmimi bir ortam yaradılmalıdır. Sonra İcra Hakimiyyətləri istəsə, şəhid atalarına otlaq sahələri ayırar. Köhnə kolxoz sisteminin yaradılacağı təqdirdə şəhid ailələri də dövlətdən razı qalar. Baxın, onsuz da şəhid ailələrinə dövlət dəstək verir, sadəcə, olaraq bu nəzarətə götürülməli, ailələrə sağlam heyvanlar verilməli və yer ayrılmalıdır. Onlar özləri zəhmətkeş insanlardır, əl-ələ verib işləyəcəklər. Dövlətin imtiyazları ilə onlar öz işlərini görəcəklər, başları da işə qarışacaq. Buna görə də, həmin birliyə şəhid atalarının özlərinin seçdiyi adam lazımdır. Bütün idarə heyətini özləri təşkil etsin, hesablamaları özləri aparsın. Yəni, ancaq özləri olsun. Başqa heç kim olmasın",- deyən T.Zeynalov qeyd edib ki, hətta 5 il ərzində bu işi genişləndirmək də olar. O, qeyd edib ki, təsərrüfata heyvanını verən ailələr kartla, verməyən ailələr isə işlə təmin oluna bilər. Kolxoz yaradılandan sonra müəssisənin öz məhsulları olacaq və bu məhsullar satışa çıxarılacaq.

"Şəmkirdə bir mağaza açılır, "Şəhid ailələri korporativi" adı ilə biz öz məhsullarımızı satışa çıxarırıq. İlkin olaraq biz bu işə başlmalıyıq. Gələcəkdə şəhid ailələri əkinlə məşğul ola bilər. Bu gün onlara 3 heyvan verilir, bu da dəyər-dəyməzinə satılır, pul xərclənir. Amma bu 3 heyvanla daha çox gəlir gətirib şəhid övladlarını saxlamaq olar. Bizə dövlətin verdiyi imtiyazlar bəs edəcək. Buna görə də dövlət bu işdə maraqlı olmalı, şəhid ailələrinə bu işdə dəstək olmağa çalışmalıdır",- deyə iş adamı vurğulayıb.

Tural Zeynalovun təklifi, həqiqətən təqdirəlayiqdir. Bu gün elə şəhid ailələri var ki, çox acınacaqlı vəziyyətdə yaşayır, dövlətin ayırdığı vəsait və yardımlar da bu ailələrə bəs etmir. Əgər dövlət bu yardımları ayırırsa, bu yardımlardan səmərəli şəkildə yararlanmaq mümkündür. Bu zaman təkcə Şəmkirdə deyil, digər bölgələrdə də belə korporativlər yaranar. İşə ehtiyacı olan şəhid ailələri və qazilər işlə təmin edilə bilər. Əgər dövlət hər bir şəhid ailəsi üçün 4 min manatlıq mal-qara ayıra bilirsə, güclü dövlət nəzarəti ilə şəhid ailələrinin təklif etdiyi bu layihə də reallaşa bilər. Bu zaman şəhid və qazi ailələri işlə təmin oluna bilər, ehtiyaclarını özləri qarşılaya bilərlər. Bu işə başlamaq üçün isə, sadəcə dövlətin güclü nəzarəti lazımdır ki, dövlətin şəhid ailəsinə ayırdığı vəsait düzgün şəkildə sahibinə çatdırılsın. Həmin heyvanlar sahibinə çatana qədər dəyərsizləşdirilməsin, mənimsənilməsin.

Ümid edirik ki, müvafiq dövlət qurumları məsələyə reaksiya verəcək. Xeyriyyəçi iş adamının təklifi kağız üzərində qalmayacaq. Biz də bu məsələni nəzarətdə saxlayacağıq.

İlahin, Bizimyol.info