Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Savaşın 20-ci günü: Ermənistan Naxçıvana HÜCUM ETDİ, Türkiyədən SƏRT MÖVQE

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:

16 oktyabr 2020-ci il. Müharibənin 20-ci günü...

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri ötən ilin bu günü səhər saatlarından başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutdu.

Cəbhədə dəhşətli döyüş, hücuma keçən düşmən darmadağın edildi, xeyli sayda hərbi texnikası məhv edildi

2020-ci il oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti yenə də gərgin olaraq qaldı. İşğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın kəndləri düşmən dünən gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutdu. Gecə ərzində cəbhənin bəzi istiqamətlərində düşmən fəallaşmağa cəhd göstərdi. Qoşunlarımız tərəfindən bunun qarşısı alındı, düşmən ciddi itki verdi. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edildi və sıradan çıxarıldı.

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alındı. Bunun qarşısını almaq məqsədilə Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurdu. Həmçinin Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum oldu.

Ermənistan silahlı qüvvələrinin Qubadlı rayonu ərazisindən 2020-ci ilin oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partladı.

"Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafiyasını genişləndirməyə çalışdığına dəlalət edir" - Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitterdə qeyd etdi.

***

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin bu günü Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsindən bir neçə sitat:

"Bu namərd təcavüzlər bizi yolumuzdan döndərə bilməz".

"Atəşkəsdən sonra 3 dəfə Hadrut qəsəbəsini yenə də işğal etmək istədilər, 3 dəfə ora həmlə etdilər. Amma 3 dəfə də məğlub oldular".

"Azad edilmiş torpaqların ərazisini hesablamaq o qədər də çətin məsələ deyil. Halbuki, hər gün bu dəyişir. Demək olar ki, hər gün yeni əraziləri işğaldan azad edirik".

***

“İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlərlə müqayisədə eynidir, bərabərdir”. Bunu ötən ilin bu günü Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söylədi: “Siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimzidir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müzakirələr zamanında da hər zaman bu məsələ gündəlikdə idi”.

2020-ci ilin bu günü Azərbaycan-İran dövlət sərhədinin Ermənistan Silahlı Qüvvələ­ri­nin işğalı al­tın­da olan 132 km-lik hissəsinin azad edilmə­sinə başla­nıl­ması Azərbaycan sərhədçiləri tərəfindən böyük sevinc və ruh yük­səkliyi ilə qarşılandı. İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki “Çaxırlı” və “Mah­­mudlu” sərhəd zastavaları üzərində 16 oktyabr tarixində Ali Baş Koman­dan İlham Əliyevin tapşırığına əsasən Azərbay­can Respub­lika­sının dövlət bayrağı ucaldıldı və bu sərhəd zastava­larının xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə təntənəli mərasim təşkil edildi.