Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

SOCAR-ın əməkdaşı dənizdə İTKİN DÜŞDÜ

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı, Neft Daşlarında elektrik montyoru vəzifəsində işləyən 1972-ci il təvəllüdlü Namazov Mürsəl Həsənəli oğlu itkin düşüb.

Bu barədə Publika.az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, Mürsəl Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5.45 radələrində iş yerində görünüb.

“Daha sonra onu görən olmayıb. Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılmış, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb. Dəniz üzərindən üçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur. Axtarış davam edir”, - İ.Əhmədov bildirib.

Mürsəl Namazov ailəlidir, iki oğlu var. “Həmkarlarımız itkin düşənin ailəsinin yanındadır, onlara mənəvi dəstək göstərməyə çalışırlar. İtkin düşən həmkarımızın ailəsinə Allahdan ümid və səbr diləyirəm”, -İ.Əhmədov qeyd edib.

xxx

Bu gün Neft daşlarında elektrik kimi çalışan əməkdaşlardan biri itkin düşüb.

Publika.az xəbər verir ki, bu barədə Neftçilərin hüquqlarının müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında paylaşım edib.

“SOCAR Kompleks Qazma İşləri Trestinin Neft Daşları İstehsalat Bölümü 1779 saylı estakadayanı meydançanın qazma üzrə elektriki iş yerindən yoxa çıxıb.

Səhər saat 05:30 radələrində buruq ustası onu iş başında görüb. Səhər saat 7-də briqada növbəni dəyişdikdə həmin adamın olmadığını və meydançanın bir tərəfində ona məxsus qoruyucu kaskanı aşkar ediblər”, - M.Qəhrəmanlı bildirib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumatı saytımıza təsdiqləyib.

“Dünən səhər saatlarında Neft Daşlarında bir əməkdaşımız itkin düşüb. Axırıncı dəfə 05:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb. Meydançanın perimetri boyu və yataqxanada axtarış aparılıb, sahəyə axtarış işləri üçün dərhal bir neçə gəmi cəlb olunub”, - o vurğulayıb.