Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Stalinin “şəhadət barmağı” – Mexlis cəzalanmalı adamları rəhbərə çox tuşudub

O, SSRİ-nin siyasi elitasında mürəkkəb, anlaşılmaz, bəzi siyasilərin fikrincə, dözülməz xarakteri ilə fərqlənib. Buna baxmayaraq, Lev Mexlis siyasi karyerasında sürətlə irəliləyib və onun daha yüksək vəzifələrə təyinatı həmişə İosif Stalinin təşəbbüsü ilə baş tutub. Rus imperator ordusunda yefreytor rütbəsi daşıyan Mexlis sovet ordusunda general-polkovnik rütbəsinə sahib olub.

Lev Mexlis 1889-cu ildə Odessada yəhudi ailəsində anadan olub. Odessa kommersiya məktəbində altı il təhsil aldıqdan sonra şəhərin ayrı-ayrı idarələrində icraçı işləyib, evlərdə müəllimlik edib. 1911-ci ildə imperetor ordusunda xidmətə başlayıb, yefreytor rütbəsi daşıyıb. 1918-ci ildə Mexlis Rusiyadakı ictimai-siyasi vəziyyəti tam “anladıqdan” sonra gələcək karyerasını qurmaq üçün bolşeviklər partiyasına üzv olub və qırmızı ordunun siyasi işlər idarəsində xidmətə keçib. O, əvvəlcə briqda komissarı, daha sonra 48-ci diviziyanın komissarı vəzifəsində xidmət edib.

b7cdf7938bb44c79a526d4f307cc47d8.jpg (134 KB)

Moskva Dövlər Universitetini bitirdikdən sonra Mexlis fəaliyyətini Xalq Komissarları Sovetində davam etdirib, 1922-ci ildə isə o, Mərkəzi Komitənin katibliyinin büro müdiri vəzifəsinə təyinat alıb. Bu fəzifə faktiki olaraq Stalinin köməkçisi vəzifəsi sayılıb. Elə məhz həmin ərəfədə də onun Stalinlə yaxın münasibətləri yaranıb.

1926-1930-cu illərdə Mexlis Kommunist Akademiyasında təhsilini davam etdirib, doktorluq işi müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi alıb.

Növbəti təhsilini başa vurduqdan sonra Stalinin təşəbbüsü ilə Mexlis Mərkəzi Komitədə mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu vəzifədə bir il işlədikdən sonra o, “Pravda” qəzetinin baş redaktoru kürsüsünə əyləşib. Sovet dövründə bu qəzetin baş redaktoru vəzifəsi kifayət qədər yüksək post sayılıb. “Pravda” qəzetinə baş redaktor Siyasi Büro tərəfindən təyin edilib. Baş redaktorlar Mərkəzi Komitənin üzvləri olublar.

01edd62de068422db93ff655d611c776.jpg (131 KB)

Məhz bu vəzifədə işləyərkən Mexlis mürəkkəb xarakterini, gücünü, səlahiyyətlərini, kimliyini göstərməyə imkan tapıb. “Böyük təmizlik”, repressiyalar dövründə çoxları “Pravda”nın məqalələri sayəsində həyatları ilə vidalaşıblar. Mexlis ölkənin birinci qəzetinin rəhbəri kimi bütün məsələlərə müdaxilə edib, partiya rəhbərlərinin fəaliyyətindən tutmuş, zavod və fabriklərin işinə qədər. Hətta yüksək ranqlı dövlət məmurları Mexlisdən yayınmağa çalışıblar.

1937-ci ildə Mexlis müdafiə komissarının (nazirinin) müavini, ordunun baş siyasi idarəsinin rəisi təyin edilib. Sovet tarixində bu ərəfə orduda repressiya dövrü kimi yadda qalıb. Elə Stalin Mexlisi də bu vəzifəyə repressiyaları həyata keçirmək üçün təyin edib. Mexlis üzərinə düşən bu “missiya”nı da yüksək səviyyədə icra edib.

32123-5.jpg (33 KB)

Müharibə illərində Mexlic bir çox cəbhələrin hərbi şuralarının üzvü olub. General-polkovnik rütbəsinə qədər yüksəlib. Neçə-neçə generallar Mexlisin Stalinə ünvanladığı məxfi arayışların qurbanı olub.
Müharibəni çoxsaylı orden və medallarla başa vuran Mexlis 1946-cı ildə yenə də Stalinin təşəbbüsü ilə yeni yaradılmış SSRİ Dövlət Nəzarəti Nazirliyinə nazir vəzifəsinə təyin olunub. Yeni yaradılmış quruma kifayət qədər böyük səlahiyyətlər, Nazirlər Sovetinin qərarlarının icrasına nəzarət, dövlət qurumlarına, o cümlədən ictimai təşkilatlara ayrılan vəsaitin təftişi, istənilən qurumda yoxlamalar aparmaq, Siyasi Büroya hər hansı bir qurumun fəaliyyəti ilə bağlı yazılı müraciət etmək və bu kimi səlahiyyələr verilib. Səlahiyyət bolluğuna düşən Mexlis bu vəzifədə özünü ölkədə ikinci şəxs qədər səlahiyyətli sayıb və o, dövlət məmurları üçün əsl problemə çevrilib. Stalin bu təyinatı da məqsədli edib - məmurları xof içində saxlamaq üçün. Mexlis cəzalanmalı adamları rəhbərə tuşudub, Stalin isə onları məhv edib.
Mexlisi eyni dövrdə onunla işləyənlər yalnız mənfi tərəfdən xarakterizə ediblər.

Мехлис Л.З. -4.jpg (164 KB)

Nikita Xruşov onun haqqında yazıb:
“Mexlis təmiz və düzgün adam idi. Amma həm də dəli idi. Sözün əsl mənasında dəli. O, hər yerdə hamıya düşmən və ziyanverici kimi baxırdı...”
Vyaçeslav Molotov:
“Mexlis iş məhsuldarlığının dərəcəsini cəzaların sayı ilə ölçürdü. Nə qədər çox cəzalanan varsa, demək, həmin yerdə iş də var. Onun çatışmyan cəhətlərindən biri səlahiyyət çərçivəsindən çox-çox kənara çıxması idi. Bu isə dövlət məmuru üçün yolverilməzdir...”

Мехлис Л.З..jpg (94 KB)

Georgi Jukov:
“Hərbi işdən anlayışı orta səviyyədə olan Mexlis kənardan mərd və qorxmaz görünə bilərdi. Amma bu təəssürat yanlışdır. Mexlis əsəbi, hisslərini cilovlamağı bacarmayan, qərarlar çıxarakən tələskinliyə yol verən uğursuz bir kadr idi. O, heç vaxt özünə arxayın olmayıb. Onu arxayın edən Stalin olub...”

Elə Stalinin özü də Mexlisin əsl kimliyinə yaxşı bələd olub. 1949-cu ildə SSRİ səhiyyə naziri Yefim Smirnov Stalinin qəbulunda olarkən hansısa bir komissiyaya Mexlisin rəhbərliyini təklif edəndə Stalin bu təklifi gülüşlə qarşılayıb:
- Siz nə danışırsınız, Yefim İvanoviç, Mexlis qurub-yaratmaq üçün yaranmayıb, ona yalnız dağıtmaq, məhv etmək işlərini etibar etmək olar...

Bəli, Stalin Mexlisdən məhz nələrisə dağıtmaq, kimlərisə məhv etmək üçün istifadə edib.

3336049_800.jpg (114 KB)


Mexlis 1950-ci ildə insult keçirdikdən sonra könüllü olaraq nazir vəzifəsindən gedib. O, 1953-cü ilin fevral ayında, 64 yaşında vəfat edib. Mexlisin nəşi yandırılaraq külü Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub.

İlham Cəmiloğlu, Musavat.com