Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Süni intellekt belçikalıya çıxış yolu kimi intiharı məsləhət gördü

Belçikalı şəxs "Eliza" adlı süni intellektli çatbotla altı həftəlik mesajlaşmadan sonra intihar edib.  

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə kişinin həyat yoldaşı danışıb. Belə ki, qadın ərinin intiharından sonra söhbət botu ilə ingilis dilində yazışmalarını aşkar edib. 

Qadının sözlərinə görə, əri  təxminən iki il əvvəl qlobal iqlim dəyişikliyi problemlərinə çox maraq göstərməyə başlayıb, tezliklə bu hobbi maniyaya çevrilib: Fəlakət qorxusu və gözləntiləri əsasında onda təşviş və depressiya yaranıb, özünə qapanıb və əsəbi olub. O, mütəmadi olaraq ailəsinə insanlıq üçün heç bir çıxış yolu görmədiyini, yeganə ümidin texnologiya və süni intellektin inkişafında olduğunu deyib. 

Nəticədə belçikalı süni intellekt proqramı ilə yazışmağa başlayıb və bununla da qorxu və şübhələrini dilə gətirib. 

Bütün yazışmalar boyu bot nəinki onun tezislərinə etiraz etməyib, əksinə ona qorxu və narahatlıqlarının haqlı olduğunu düşünməyə əsas verib. İntihardan bir neçə gün əvvəl belçikalı süni intellektə niyyəti barədə yazanda "Eliza" "sonsuza qədər onunla qalacağını bildirib. 

"Biz cənnətdə bir yerdə yaşayacağıq", - deyə botun son mesajlarının birində deyilir. 

Belçikalı iki uşaq atası idi. 

Milli.Az